Azərbaycanda avronun manata qarşı olan məzənnəsində yeni rekord səviyyə qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu gün avro/manat məzənnəsi son bir ildə ilk dəfə olaraq 1,9 həddini ötüb. Azərbaycanda avronun məzənnəsində belə yüksək göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Avronun yenidən bahalaşmasının səbəbi dolların ucuzlaşması ilə bağlıdır.
Manatın xarici valyutalara qarşı məzənnəsi birbaşa yox, dolların vasitəsilə dolayı müəyyənləşdiyindən Azərbaycanda da avro bahalaşır. Qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşdıqda isə manat da həmin valyutaya nisbətən ucuzlaşır.
2024-cü ilin iyunundan başlayaraq dollar avroya nisbətən ucuzlaşır. Buna görə də manat da avro qarşısında dəyər itirir. Hazırda Azərbaycanın iri kommersiya banklarında avronun satış qiyməti daha yüksəkdir. İri banklarda avro 1,91-1,92 manata satılır, 1,86-1,87 manata isə alınır.
Qərb ekspertlərinin proqnozlarına görə, bu ilin sonuna qədər, hətta gələn ilin ortalarına kimi avro dollar qarşısında dəyər qazanacaq. Bu proqnoz özünü doğruldarsa, avro Azərbaycanda da bahalaşacaq.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hazırda avronun manata qarşı məzənnəsi rekord səviyyədə deyil:
''Burada rekord sözü yanlışdır. Azərbaycanda avronun daha baha vaxtları olub. Qeyd edildiyi kimi, belə göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Rekord deyildikdə isə ən yüksək göstərici yada düşür. Azərbaycan manatı dollara bağlı valyutadır. 1 Dollar 1 manat 70 qəpikdir və hələki dəyişmir. Dollar ucuzlaşdıqda manata görə, avro bahalaşır. Hazırda dollar ucuzlaşdığına görə, Azərbaycan manatının da dəyəri aşağı düşür. Bir sözlə, dollar necə hərəkət edərsə, manatın məzənnəsinə o cür təsir edəcək. Dolların növbəti dövr ərzində kursunun dəyişməsi Amerika Mərkəzi Bankının siyasətindən, verəcəkləri bəyanatlardan və Amerikada inflyasiyanın səviyyəsindən, siyasi prosseslərdən asılı olacaq. Eyni zamanda dollar məzənnəsi dünyadakı gərginliklər vaxtında da reaksiya verir".