- "Hər şey Bakıda başlayıb Bakıda bitir. Ən varlı turistin dalınca qaçırıq"
Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, ölkəmizə gələnlərin 28,1 faizini Rusiyadan, 21 faizini isə Türkiyədən gələnlər təşkil edir. İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Pakistan və Hindistandan gələnlərin sayı isə nisbətən azdır.
Turist sayının azalmasının əsas səbəbləri kimi quru sərhədlərin bağlı qalması və xidmət qiymətlərinin yüksək olması göstərilir.

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, ölkədə xidmət səviyyəsi ürəkaçan deyil. Üstəlik, təyyarə biletlərinin qiymətləri də yüksəkdir:
- Turizm sektorunda artıma nail olmaq istəyiriksə, təyyarə biletlərinin qiymətləri endirilməlidir. Çünki quru sərhədlər bağlıdırsa, turistlərin ölkəyə gəlişi üçün hava nəqliyyatında daha əlverişli imkanlar yaradılmalıdır. Bundan əlavə, turistlərə eyni marşrutlar təqdim edilməməlidir. Müxtəlif istiqamətlər üzrə marşrutlar hazırlanmalı, həmin bölgələrdə otellərin sayı artırılmalıdır. Turistlər eyni mənzərəni görüb, bahalıqla qarşılaşıb ölkədən ayrılmamalıdırlar. Əks halda, onlar bir daha Azərbaycana gəlməyəcəklər. Bizdə demək olar ki, hər şey Bakıdan başlayır və Bakıda bitir. Halbuki, bu belə olmamalıdır. Turların əksəriyyətinin başlanğıcı və sonu Bakıdır.
İqtisadçı bildirib ki, turizm sektorunun inkişafı üçün hələ çox iş görülməlidir:
- Turistlərin cəlb edilməsində vacib məqamlardan biri də təbliğat və tanıtım kampaniyalarıdır. Bu sahədə hansı səviyyədəyik? Azərbaycan hansı ölkələrdə turizm imkanlarını tanıdır? Ola bilsin ki, ən çox təbliğat ərəb ölkələrində aparılır. Lakin onun da effektivliyi dəqiq məlum deyil. Turistlərin cəlb edilməsi effektiv marketinq, inkişaf etmiş infrastruktur və unikal yerli təcrübələrin təqdim olunmasını tələb edir. Rəqəmsal marketinq, fərdiləşdirilmiş xidmət paketləri və yerli mədəniyyətin ön plana çıxarılması potensial turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər.
Bundan başqa, bölgələrdə xarici dil biliklərinin səviyyəsi də vacib məsələdir. Hər hansı bir sakin tərcüməçinin köməyi olmadan xarici turistə yaşadığı ərazinin flora və faunası haqqında sərbəst məlumat verə bilirmi? Turistlərin hər birinin büdcəsi və xərcləmə imkanları fərqlidir. Bizdə isə daha çox varlı turistlərin cəlb olunmasına üstünlük verilir. Əlbəttə, varlı turistlərin gəlməsi yaxşıdır. Amma onların sayı nə qədər olacaq? Belə turist ölkədə maksimum iki gün qalacaq və ümumi vəziyyətlə tanış olub gedəcək. Turisti ölkəyə cəlb etməklə yanaşı, onu burada daha uzun müddət saxlaya biləcək maraqlı məkanlar, marşrutlar və cəlbedici təkliflər də yaradılmalıdır. Əks halda, turist iki gün ərzində avtomobillə ölkəni gəzib tərk edəcək.