Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH

  • Aqrar sektor üçün bu dönüşüm xüsusilə su ehtiyatlarına qənaət olunması və torpaqların məhsuldarlığının artırılması baxımından həyati əhəmiyyət daşıyır

Süni intellekt kənd təsərrüfatında ənənəvi idarəetmə və istehsal yanaşmalarını dəyişdirərək sektorda yeni imkanlar yaradır. Azərbaycanda da rəqəmsallaşma prosesinin sürətlənməsi ilə aqrar sahədə süni intellekt əsaslı texnologiyaların tətbiq dairəsi genişlənir.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir dövlət idarəçiliyinin və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində ardıcıl addımlar atır. Nazir Azərbaycanın kənd təsərrüfatında rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini və süni intellekt əsaslı həllərin sektorun inkişafında mühüm rol oynayacağını bildirib.

O qeyd edib ki, Azərbaycanın 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası süni intellektin inkişafı və məsuliyyətli tətbiqi üçün milli çərçivə formalaşdırır.

M.Məmmədov bildirib ki, kənd təsərrüfatında rəqəmsal proseslərin qurulmasından kənd təsərrüfatı məlumatlarından daha ağıllı istifadəyə keçid başlayıb. Onun sözlərinə görə, hazırda sektor üzrə 30-dan çox potensial süni intellekt tətbiqi müəyyənləşdirilib: “ Bu həllər sırasında bitkilərin sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə edilməsi, torpaqların xəritələşdirilməsi, əkin sahələrinin yoxlanılması, fermerlərin qiymətləndirilməsi, həmçinin örüş və heyvan sürülərinin idarə olunması yer alır”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Sherg.az-a bildirib ki, kənd təsərrüfatında süni intellekt əsaslı həllərin tətbiqi aqrar sektoru torpağın ənənəvi üsullarla becərilməsindən məlumatlara söykənən dəqiq fermerlik modelinə keçirir. Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və torpaqların sıradan çıxması fonunda bu texnologiyalar resurslardan minimum istifadə etməklə maksimum və keyfiyyətli məhsul almağa imkan verir:

“Dronlar, peyk təsvirləri və torpaq sensorları vasitəsilə toplanan məlumatları təhlil edən sistemlər bitki xəstəliklərini erkən mərhələdə müəyyən edir, suvarma və gübrələmə proseslərini insan müdaxiləsi olmadan tam dəqiqliklə tənzimləyir. Azərbaycanın aqrar sektoru üçün bu dönüşüm xüsusilə su ehtiyatlarına qənaət olunması və torpaqların məhsuldarlığının artırılması baxımından həyati əhəmiyyət daşıyır. Süni intellektlə idarə olunan dəqiq suvarma sistemləri ölkədəki su itkisinin qarşısını almağa, ağıllı analitika alətləri isə fermerlərə hava şəraiti və bazar tələbatına uyğun optimal səpin planı qurmağa kömək edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı torpaqlarında tətbiq olunan avtonom texnikalar və rəqəmsal aqro-platformalar bu regionu ölkənin rəqəmsal kənd təsərrüfatı mərkəzinə çevirmək üçün geniş imkanlar açır”.