Azərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 13,51 % azdır.

Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,09 %-ni, ixrac gəlirləri isə ümumi ixrac qazancının 0,01 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.