Bitcoinin ucuzlaşmasının dünya iqtisadiyytına təsiri yoxdur -İQTİSADÇI

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə əsasən eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, Bitcoin son 24 saatda 0,85% ucuzlaşaraq 68 595,10 dollara, Ethereum isə 2,55% azalaraq 2 057,95 dollara enib.

Qeyd edilir ki, müşahidə olunan eniş əsasən qlobal maliyyə bazarlarında risk iştahının azalması, investorların qısamüddətli mənfəət realizasiyası, həmçinin altkoin bazarında zəif ticarət aktivliyi və makroiqtisadi qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutmaları ilə izah olunur.

İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi ki, Bitcoinin hazırda ucuzlaşmasının və ya sonra nə vaxtsa bahalaşacağının dünya iqtisadiyyatına, ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinə bir təsiri yoxdur. Kriptovalyutası olmayan vətəndaşlarasa ümumiyyətlə heç bir aidiyyəti yoxdur: 

- Məlumdur ki, Bitcoin rəqəmsal valyutadır. Blokçeyn texnologiyasına əsaslanan bu kriptovalyuta, vasitəçisiz, fərdlərarası sürətli və təhlükəsiz transferlərə imkan verir. Banklar və ya hökumətlər tərəfindən idarə olunmur, şəbəkə iştirakçıları tərəfindən idarə edilir. Bitcoin investisiya alətidir, həm də rəqəmsal dəyər mübadiləsi vasitəsi kimi istifadə olunur, qiyməti isə bazar tələb və təklifinə əsasən formalaşır. Bitcoinin ucuzlaşmasının nə dünya iqtisadiyytına, nə ölkəyə, nə vətəndaşa təsiri var. Heç inflyasiyaya, dövlətin gəlirlərinə də təsiri yoxdur. Sadəcə, kimin kriptovalyutası varsa, ona təsir edr. Qiymət enəndə kasıblayır, qalxanda varlanır. Bu, spekulyativ bir alətdir. Dəyər yaradan bir şey deyil, faizlər qalxanda bitcoin də qalxıb-enir.