Dünya bazarında qızıl düşür, amma zinət əşyaları hələ ucuzlaşmayacaq - İqtisadçı

Xalid Kərimli bildirdi ki, qızılın qiymətindəki enmə dolların güclənməsiylə əlaqəlidir 

"Comex" birjasında qızılın qiyməti 19 fevraldan sonra ilk dəfə olaraq 5 min dollardan aşağı enib. Teleqraf xəbər verir ki, məlumata görə, saat 02:20-yə olan göstəricilərə əsasən, aprelin fyuçersləri üzrə qızılın qiyməti bir troya unsiyası üçün 4 969,52 dollar təşkil edib. Bu isə 1,07 faiz azalma deməkdir.

İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu məlumat külçə qızıla aiddir: 

- Dünya bazarında külçə qızılın qiyməti düşürsə, bizdə də düşür. Amma külçə, sikkə qızıl və ya onlayn satışda qiymət düşür. Fomalaşan qlobal bazardakı qiymətdir. Zərgərlik məhsullarına gəldikdə isə külçə qızılın qiymətindəki dəyişmələr o qədər də böyük əhəmiyyət daşımır. Zərgərlik məhsullarının qiymətində enmə və ya qalxma çox da sürətli olmur. Qiymət fərqi o zaman yarana bilir ki zərgər və ya mağaza sahibi məhsulu satmağa çalışır, qiymətdə müəyyən qədər güzəşt edir. 20 manat aşağı, yuxarı ola bilər. Amma dünya bazarında qızılın qiyməti düşürsə, bu, zərgərlik məhsullarının qiymətinə də təsir edəcək deyə bir şey yoxdur. Kim külçə qızıl almaq istəyirsə, birjadan da ala bilər, qızıl sikkələri var satışda, Azərgold satış həyata keçirir, həmin mağazalardan əldə etmək olar. 

İqtisadçı bildirdi ki, qızılın qiymətindəki enmə dolların güclənməsiylə əlaqəlidir: 

- Hazırda ABŞ dollarının dəyəri artır, dollar hahalaşır, qızılı da dollarla alırlar. Dolların bahalaşması qızılın qiymətinin aşağı düşməsinə təsir edir. İnflyasiyanın artacağı gözləntiləri də qızıın qiymətinə mənfi təsir edir. 2 əsas səbəb bunlardır; dolların bahalaşması və enerji qiymətlərinin kəskin bahalaşması nəticəsində inflyasiyanın da artması. Gözlənilir ki FED-in ucuz pul siyasəti müəyyən vaxtadək təxirə düşəcək. Amma qızılın qiyməti düşünüldüyü qədər ucuz deyil, əksinə bahadır.