Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı ölkəsinin əsas mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçısı adlandırıb və enerji sahəsində, o cümlədən nüvə energetikası istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Report" xəbər verir ki, Ərdoğan Nyu-Yorkda ABŞ-ın işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib ki, tərəflərin birgə səyləri nəticəsində enerji, aviasiya və digər strateji əhəmiyyətli sahələrdə mühüm razılaşmalar yekunlaşdırılıb.

"Bu gün Amerika bizim əsas LNG təchizatçımızdır. Beləliklə, biz Avropada Amerika qazına üstünlük verən aparıcı ölkələr sırasındayıq. Biz bu əməkdaşlığı nüvə energetikası da daxil olmaqla, enerjinin bütün sahələrinə genişləndirməyə çalışırıq", – deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasındakı iqtisadi münasibətləri yalnız ticarət göstəriciləri əsasında qiymətləndirmək düzgün deyil. O, iki ölkə arasında yeni iqtisadi əməkdaşlıq modelinin formalaşdırılmasının zəruriliyini qeyd edib: "Düşünürəm ki, bizə yeni model lazımdır. Regionumuzdakı münaqişələr başa çatdıqdan sonra beş əsas istiqamətdə işlər sürətlənəcək".

Onun sözlərinə görə, birinci istiqamət təchizat zəncirlərinin yenidən qurulmasıdır. Ərdoğan qeyd edib ki, şirkətlər artıq yalnız ən ucuz deyil, daha etibarlı imkanlar axtarırlar: "Türkiyə inkişaf etmiş sənaye infrastrukturu və Avropa İttifaqı ilə Gömrük İttifaqı vasitəsilə əlaqələndirilmiş geniş azad ticarət şəbəkəsi ilə bu axtarışlar üçün təbii ünvandır".

Ərdoğan ikinci əsas istiqamətin enerji marşrutlarının yenidən qurulması olduğunu bildirib. O, Bakı–Tbilisi–Ceyhan neft kəməri və TANAP layihəsinə diqqət çəkərək Türkiyənin enerji resurslarının fasiləsiz nəqli üçün etibarlı dəhliz olduğunu deyib.

Üçüncü istiqamət kimi ticarət dəhlizlərinin dəyişməsini göstərən Ərdoğan Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin, eləcə də Fars körfəzi ölkələrini Avropa ilə əlaqələndirən marşrutun Türkiyədə kəsişdiyini qeyd edib. Türkiyə liderinin sözlərinə görə, regionda yolların, limanların, elektrik stansiyalarının, yaşayış binalarının və zavodların bərpası istiqamətində də genişmiqyaslı işlər aparılacaq:

"Çətin coğrafi şəraitdə fəaliyyət göstərmək təcrübəsinə malik Türkiyənin podrat sektoru bu prosesin ən hazırlıqlı iştirakçısıdır".

O, həmçinin Türkiyənin müdafiə sənayesinin müttəfiq ölkələrin təchizat təhlükəsizliyini təmin edə biləcək potensiala çatdığını vurğulayıb. Ərdoğanın fikrincə, sadalanan bütün istiqamətlərdə Amerika biznesi ilə Türkiyə arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur: "Xaricdəki nümayəndəliklərimiz, xüsusilə Vaşinqton və Nyu-Yorkdakı investisiya və maliyyə ofislərimiz hər zaman sizə dəstək göstərməyə hazırdır".