“Neftin 100 dollardan yuxarı olması daha geniş təsirlər yaradacaq” - EKSPERT

  • “Dünya iqtisadiyyatı yüksək inflyasiya və zəif artım dövrünə daxil olacaq”

Dünya enerji bazarında neft qiymətlərinin yenidən 100 dollar həddini keçməsi qlobal iqtisadiyyatda inflyasiya təzyiqlərinin artacağı ilə bağlı narahatlıqları gücləndirib. Sentyabrın ikinci həftəsində Brent markalı neftin qiyməti həftə ərzində 10 faizdən çox bahalaşaraq 106 dollar ətrafında qərarlaşıb. WTI markalı neftin qiyməti də 100 dollar həddini keçib.

Neft bazarındakı bahalaşma Azərbaycan neftindən də yan keçməyib. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,22 dollar və ya 5,49 faiz artaraq 119,54 dollara yüksəlib.

Enerji qiymətlərinin bu səviyyələrə çatması xüsusilə yanacaq və nəqliyyat xərclərinin artması, bunun isə digər məhsul və xidmətlərin qiymətlərinə təsir göstərməsi baxımından qlobal iqtisadiyyat üçün yeni risklər yaradır. Bəs, dünya iqtisadiyyatı yeni inflyasiya dalğasına hazırdırmı?

Mövzunu Sherg.az-a şərh edən iqtisadçı Əli Səlimov bildirib ki, qiymət artımının əsas səbəbi Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və neft tədarükünün təhlükəsizliyi ilə bağlı artan narahatlıqlardır.

İqtisadçının fikrincə burada əsas məsələ neftin sadəcə bahalaşması deyil, qiymət artımının nə qədər davam edəcəyidir: “ Əgər qiymətlər qısa müddətli yüksəlişdən sonra yenidən aşağı düşərsə, beynəlxalq iqtisadiyyata təsir nisbətən məhdud qalacaq. Lakin neftin 100 dolların üzərində uzun müddət qalması artıq inflyasiya, faiz dərəcələri, istehlak və iqtisadi artım kanalları vasitəsilə daha geniş təsirlər yaradacaq. Son proqnozlara da baxsaq görərik ki, Yaxın Şərqdəki problemlər səbəbindən normal neft axınlarının bərpası 2027-ci ilə qədər gecikə bilər. Eyni zamanda qlobal neft ehtiyatlarının azalması və emal güclərinin yüksək səviyyədə yüklənməsi bazarın şoklara həssaslığını artırır. Neft qiymətlərinin yüksəlməsinin ilk və ən sürətli təsiri inflyasiya üzərindən hiss olunur. Neft yalnız avtomobillər üçün yanacaq deyil. O, daşımaların, aviasiyanın, sənayenin, kənd təsərrüfatının və bir çox istehsal proseslərinin əsas xərclərindən biridir. Buna görə xam neftin bahalaşması bir müddət sonra dizel, benzin, aviasiya yanacağı, logistika və digər məhsul və xidmətlərin qiymətlərinə ötürülür. Bu isə enerji qiymətlərindən başlayan inflyasiyanın iqtisadiyyatın digər sahələrinə yayılmasına səbəb olur. Neft qiymətlərinin 10 faiz artımı təxminən bir il davam edərsə, qlobal baş inflyasiyanı təxminən 0,4 faiz bəndi yüksəldə və dünya iqtisadiyyatının istehsalını 0,1-0,2 faiz azalda bilər. Bu göstərici neft şokunun yalnız enerji bazarı ilə məhdudlaşmadığını, birbaşa beynəlxalq iqtisadi artıma təsir etdiyini göstərir”.

İqtisadçı qeyd edib ki, digər mühüm məsələ mərkəzi bankların qarşılaşdığı dilemma olacaq. Onun fikrincə, neftin bahalaşması inflyasiya təzyiqini artırdığı halda, yüksək faiz dərəcələri iqtisadi aktivliyi zəiflədə bilər: “Əgər mərkəzi banklar inflyasiyanın yenidən sürətlənməsinin qarşısını almaq üçün faizləri yüksək saxlamalı və ya endirimləri təxirə salmalı olsalar, kreditləşmə və investisiya zəifləyə bilər. Hazırda maliyyə bazarlarında da məhz bu narahatlıq müşahidə olunur. Neft qiymətlərinin artması istiqraz gəlirliliklərinin yüksəlməsinə və investorların əsas mərkəzi bankların faiz siyasəti ilə bağlı gözləntilərini sərtləşdirməsinə səbəb olur. Lakin neft bahalaşmasının bütün ölkələr üçün nəticəsi eyni deyil. Neft ixrac edən dövlətlər üçün yüksək qiymətlər ixrac gəlirlərinin, büdcə daxilolmalarının və valyuta gəlirlərinin artması deməkdir. Neft idxal edən ölkələr üçün isə əksinə, enerji idxalına çəkilən vəsait artır, ticarət balansına təzyiq yaranır və milli valyutaların üzərində əlavə risklər formalaşır. Beləliklə, neftin bahalaşması qlobal iqtisadiyyatda gəlirlərin bir qrup ölkədən digərinə ötürülməsinə səbəb olur. Ən böyük risk isə neft şokunun iqtisadi artımın zəiflədiyi bir dövrə təsadüf etməsidir. Belə vəziyyətdə dünya iqtisadiyyatı eyni anda həm yüksək inflyasiya, həm də zəif artımla üzləşə bilər. Bu, klassik stagflyasiya (iqtisadi durğunluq fonunda yüksək inflyasiya) riskini gücləndirir. Xüsusilə enerji idxalından yüksək asılı olan inkişaf etməkdə olan ölkələr üçün bu ssenari daha ciddi nəticələr yarada bilər. Digər tərəfdən, yüksək neft qiymətləri uzunmüddətli perspektivdə enerji keçidini də sürətləndirə bilər. Neft və digər fosil yanacaqlar bahalaşdıqca bərpa olunan enerji, elektrik nəqliyyatı və enerji səmərəliliyi ilə bağlı investisiyaların iqtisadi cəlbediciliyi artır. Çin kimi böyük enerji istehlakçılarının alternativ enerji və elektrikləşməyə yatırımları artıq neft tələbinin strukturunu dəyişməyə başlayıb”.

Ə. Səlimli qeyd edib ki, neftin 100 dolları keçməsi özü-özlüyündə dünya iqtisadiyyatı üçün böhran demək deyil:

“Əsas risk qiymətin hansı səviyyəyə yüksəlməsi ilə yanaşı, həmin səviyyədə nə qədər qalacağıdır. Əgər geosiyasi gərginlik uzun müddət davam edər və neft tədarükündəki məhdudiyyətlər aradan qalxmazsa, dünya iqtisadiyyatı daha yüksək inflyasiya, daha sərt pul siyasəti, zəif investisiya və daha aşağı iqtisadi artım dövrünə daxil olacaq. Bu baxımdan hazırkı neft bahalaşması yalnız enerji bazarının problemi deyil, beynəlxalq iqtisadi sabitlik üçün ciddi sınaqdır”.