Turizm sektoru itkilərlə üz-üzə: Region yüksək risk zonasına çevrilib -RƏY

Rauf Qarayev: Dünən təhlükəsiz görünən yer, bu gün müharibə zonasına çevrilə bilər

 BƏƏ öz əzəmətini itirir və münaqişə zonasına çevrilib

Yaxın Şərqdəki müharibə alovu iqtisadiyyatın gəlirli qollarından biri olan turizmi ən azından yaxın müddətə sıradan çıxarmış görünür. Dünya üzrə turistlərin maraq dairəsində olan, ən yaxşı gəzinti, əyləncə, alış-veriş məkanları sayılan Dubay, Doha, Əbu-Dabi təhlükəli şəhərlər hesab edilir və beynəlxalq hava limanları həm bu, həm də digər müxtəlif istiqamətlər üzrə uçuşları ləğv edir. İnsanların da ABŞ-İsrail-İran üçlüyü müharibəsində Yaxın Şərq və ərəb ölkələrinə səfərlərə həvəsli olmayacağı məlumdur.    

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, dünya üzrə turizm sektoru böyük itkilərlə üz-üzədir. Buna səbəb də, ABŞ-İsrail-İran qarşıdurmasının region ölklərinin demək olar hamısını əhatə etməsidir: 

- Artıq Birləşmiş Ərəb Əmirlikləri biznes üçün təhükəli yerə çevrilir. Buna səbəb İran və İsrail müharibəsidir. Görünən odur ki, baxmayaraq cəlbediciliyi var, amma təhlükəsizlik baxımından problem mövcuddur. Biznes üçün rahat mühitdən əlavə təhlükəsizlik də önəmlidir. Bu yoxdursa, artıq orada yaşamaq belə təhlükəlidir. BƏƏ dünyada cinayətkarlıq səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Numbeo hesabatına görə Əmirliklərdə avtomobil oğurluğu, evə basqın, oğurluq, vandalizm, narkotik qaçaqmalçılığı, ayrı-seçkilik, milliyyətə və ya dinə əsaslanan zorakılıq riski olduqca aşağıdır. Ümumilikdə, Dubayda turistlərin təhlükəsizliyi polis fəaliyyəti və çoxsaylı kameralar sayəsində yüksək səviyyədədir. Bununla belə, hər il on milyonlarla turisti qəbul edən bir ölkədə cib oğruları geniş yayılıb və bu, qaçılmazdır. Buna görə də, izdihamlı turizm zonalarında qiymətli əşyaları nəzarətsiz qoymamaq yaxşıdır. Eyni zamanda, Fars körfəzi bölgəsində, xüsusən də Yəməndə baş verən hərbi münaqişələr səbəbindən BƏƏ-də təhlükəsizlik riskli olaraq qalır. 2022-ci ilin yanvar ayında Əbu-Dabidə pilotsuz təyyarə hücumu nəticəsində üç nəfər həlak oldu . Bir həftə sonra Yəməndən Əbu-Dabiyə iki raket atıldı , lakin onlar ələ keçirildi və itki olmadı. BƏƏ-də turistlər üçün bu cür həyati təhlükə yaradan vəziyyətlər olduqca nadirdir, lakin münaqişənin potensial eskalasiyası barədə məlumatlı olmaq üçün Əmirliklərə səyahət etməzdən əvvəl xəbərləri yoxlamaq tövsiyə olunur. İndi isə artıq 6 ölüm var. BƏƏ öz əzəmətini itirir və münaqişə zonasına çevrilib. İran tərəfdən ard-arda edilən hücumlar göstərir ki, orada qalmaq təhlükəlidir. İran BƏƏ-dəki hədəfləri ABŞ hərbi sığınacaqları hesab edərək vurmaq hüququnu iddia edib və təxliyə tələb edib. İran və İsrail arasındakı münaqişə hər gün şiddətlənir. Raketlər üçüncü tərəf ərazilərinə düşür, hava limanları bağlanır, aviaşirkətlər uçuşları ləğv edir və panikaya düşmüş turistlər qaçış yolları axtarırlar. Təkcə hərbi obyektlər deyil, həm də mülki infrastruktur - hava limanları, otellər, limanlar və enerji obyektləri də hücuma məruz qalır. Ümumilikdə region yüksək risk zonasına çevrilib. Dünən təhlükəsiz görünən yer, bu gün müharibə zonasına çevrilə bilər. Turistlər üçün əsas məsləhət ehtiyatlı olmaq və səfərləri müəyyən müddətə təxirə salmaqdır.