Dəniz suyunu içməli suya çevirən yeni üsul hazırlanıb

Çin alimləri günəş enerjisi ilə işləyən və dəniz suyunu içməli suya çevirə bilən yeni cihaz hazırlayıblar.

Sherg.az xəbər verir ki, Çin Elmlər Akademiyası və Şençjen Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış sistem elektrik şəbəkəsinə qoşulmadan fəaliyyət göstərir. Cəmi 0,75 kvadratmetr ölçüsündə olan qurğu sutkada 20 litrdən çox içməli su istehsal edə bilir.

Məlumata görə, cihaz günəş işığını udaraq suyu buxarlandırır, daha sonra yaranan buxarı kondensasiya edərək duzdan təmizlənmiş içməli su əldə edir. Sistem xüsusi nanostrukturlu buxarlandırıcıdan istifadə etdiyi üçün əlavə istilik və ya yüksək enerji sərfiyyatı tələb etmir.

Tədqiqatçılar bildirirlər ki, yeni texnologiya günəş işığının 90 faizdən çoxunu səmərəli şəkildə mənimsəyir və mövcud üsullarla müqayisədə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Açıq havada bir il sınaqdan keçirilən cihazın məhsuldarlığında da azalma müşahidə olunmayıb.

Araşdırmanın nəticələri "Advanced Materials" elmi jurnalında dərc edilib. Alimlər hesab edirlər ki, texnologiya gələcəkdə su qıtlığı yaşayan bölgələr üçün əlverişli həll yollarından birinə çevrilə bilər.