Tamamilə qara gözlərə sahib olmaq genetik baxımdan mümkün deyil. İnsan gözü bəzi işıqlandırma şəraitində, geyim rənginin təsiri ilə və ya rəngli linzalardan istifadə edildikdə qara görünə bilər. Lakin gözün təbii rəngi heç vaxt tam qara olmur.
Sherg.az xəbər verir ki, göz rəngi əsasən irisdəki melanin piqmentinin miqdarından asılıdır. Bu prosesdə xüsusilə HERC2 və OCA2 genləri mühüm rol oynayır. Melaninin miqdarı artdıqca göz rəngi tündləşsə də, mümkün olan ən tünd təbii rəng tünd qəhvəyidir.
Mütəxəssislərin fikrincə, əgər insanın gözləri tam qara olsaydı, daha çox işıq və istilik udacağı üçün gözlərin daim nəmləndirilməsinə ehtiyac yaranardı. Bundan əlavə, gözlər ultrabənövşəyi (UV) şüaların zərərli təsirinə qarşı daha həssas olardı.
Araşdırmalara görə, melanin günəşdən gələn UV şüalarının böyük hissəsini udaraq gözləri qoruyur. Bu səbəbdən də göz rənginin formalaşmasında melanin təkcə estetik deyil, həm də mühüm qoruyucu funksiyaya malikdir.
Məlumat üçün bildirək ki, dünyada ən nadir göz rəngi yaşıl hesab olunur və dünya əhalisinin təxminən 2 faizi yaşıl gözlərə malikdir.