Plastik butulkaları artıq zibilə atmayın, yanacağa çevriləcək

Böyük Britaniyanın Kembric Universitetinin alimləri günəş enerjisi ilə plastik butulkaları hidrogen yanacağına çevirə bilən yeni texnologiya hazırlayıblar.

Sherg.az xəbər verir ki, tədqiqatçılar tərəfindən hazırlanan xüsusi panel yalnız günəş işığı ilə işləyir və əlavə elektrik enerjisi, yüksək temperatur və ya yüksək təzyiq tələb etmir.

Sistemin səthi işığı udan xüsusi material, həmçinin kobalt və sirkonium qatları ilə örtülüb. Günəş şüalarının təsiri altında baş verən fotokatalitik reaksiya nəticəsində plastik parçalanaraq hidrogen və sənayedə istifadə oluna bilən qiymətli kimyəvi maddələrə çevrilir.

Mütəxəssislər bildirirlər ki, hidrogen yandıqda karbon qazı deyil, yalnız su əmələ gəlir. Bu isə texnologiyanı ekoloji cəhətdən daha əlverişli edir.

Araşdırmanın nəticələri iyunun 24-də "Nature Chemical Engineering" jurnalında dərc olunub. Alimlər bildiriblər ki, texnologiya hələ kommersiya istifadəsinə hazır deyil və onun səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.