Şadlıq sarayları teatr binalarına çevrilsin

Mehriban Zəkinin təklifi cəmiyyətdə böyük rezonans doğurdu

Milyonerlərin hərəsi bir teatr binası tiksə var-dövlətləri azalmaz

Bir neçə ictimaiyyət nümayəndəsi  şadlıq saraylarının teatr binasına çevrilməsi təklifi ilə çıxış edib.  
Teatrı mədəniyyətin ən parlaq və lazımlı olan növü kimi dəyərləndirən Xalq artisti Mehriban Zəki hazırda bir çox teatrların binasız, yersiz-yurdsuz olduğunu deyib. Onun fikrincə, dövlət büdcəsindən, xalqın cibindən oğurluq nəticəsində tikilən şadlıq saraylarının teatrlara verilməsi daha məqsədəuyğun olar və ən azından  mədəniyyətimizə  xeyri dəyər:

"Bəzi “sahibkar”ların büdcədən, xalqdan oğurluq edib tikdirdiyini sübut etdikdən sonra səlahiyyət dövlətindir. Maraqları formalaşdırmaq, yönləndirmək zamanıdır. Həmin binalar  YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, "Səda" tədris teatrı və daha neçə teatrın binası olsun. Əks təqdirdə mədəni cəmiyyət formalaşdırmaq çətindir”.

Sənətçinin bu təklifi sosial mediada maraqla qarşılanıb. İstifadəçilər M.Zəkiyə şərh yazaraq ona dəstək veriblər.



Tənqidçi Əsəd Cahangir "Şərq"ə açıqlamasında  Mehriban xanımın təklifini ikiəlli dəstəkləyib.  Onun sözlərinə görə, Azərbaycanda cəmi 29, ya 30 teatrımız var.  Hər məmurun isə  ondan artıq şadlıq sarayı var. Bu sarayların hamısı lazım deyil. Hərəsinə məxsus bir sarayı teatr binası etsək, ölkədə  binasız teatr qalmaz:

"Mərhum Xalq artisti Amaliya Pənahova kimi nüfuzlu bir aktrisa  30 il ərzində Bələdiyyə Teatrına bina ala bilmədi. Tamaşaları müxtəlif teatrlarda sərgilənirdi. Binası olmayan teatr evsiz adam kimi bir şeydir. Halbuki, ümummilli lider  Heydər Əliyev o teatrın fəaliyyətini yüksək qiymətləndirirdi. Hətta teatrın 10 illik yubileyində bir sıra sənətkarlara yüksək fəxri adlar vermişdi.

Belə bir teatr əməkdaşlarının binasız qalması heç cür anlaşılan deyil. Azərbaycan mədəniyyətinin tarixində özünəməxsus yeri və rolu olan kirayənişin teatrlarımız çoxdur. Bir-bir ad çəksəm kimlərisə unuda bilərəm, sadəcə, ümumi olaraq onu deyim ki, bu sahədə çox ciddi çatışmazlıqlar var. İrəvan teatrının binası isə teatr adına yaraşmayan bir səviyyədədir.  Şuşa teatrının binası yoxdur. 

Halbuki, bu adlar bizim üçün itirdiyimiz torpaqların mənəvi təcəssümüdür. Tarixi yaddaşımızın qorunması üçün biz bu adları yaşatmalı, onların adını daşıyan  mədəniyyət ocaqlarına xüsusi diqqət ayırmalıyıq. Burada məsələ sadəcə ədəbiyyat və sənətdən getmir axı! Bu teatrların sənətkarları niyə hardasa oynamaqdan ötrü icarəpulu verməlidir?".

Ə.Cahangirin sözlərinə görə, bir neçə şadlıq sarayının teatr binası kimi istifadəyə verilməsi yaradıcılıq üçün daha münbit şərait yaranmasına səbəb olar:

"Nəyə görə teatrlarımızın şəhərin mərkəzi  yerlərində gözəgəlimli binaları olmasın? Mənəvi mədəniyyət mərkəzi hesab olunan teatrlarımızın bir çoxu hansısa mikrorayon dalanlarında yerləşdiyi üçün orada oynanılan ən möhtəşəm səhnələr belə vətəndaşların diqqətini  cəlb etmir.  İnsanların teatrlara marağının az olmasının bir səbəbi də budur. Binaların  gözəlliyi də tamaşaçı cəlb etmək üçün bir vasitədir. Teatr binaları xalqın gözünün qabağında, insanların sıx toplaşdığı ərazilərdə olmalıdır. Musiqili Komediya Teatrının qarşısından hər keçəndə o binanın möhtəşəmliyinə heyran qalıram, iftixar hissi keçirirəm".

Sözügedən binanın Hacı Zeynalabdin Tağıyev tərəfindən tikildiyini xatırladan tənqidçi hesab edir ki, onlarla şadlıq sarayı, iri ticarət obyektləri inşa edən milyonerlərin hərəsi bircə teatr binası tikib xalqa bağışlasa, var-dövlətləri azalmaz:


"Hər şeyin yükünü dövlətin üzərinə yıxmaq da doğru deyil. Mütləq deyil ki,  xalqın cibindən oğurlanmış pullar hesabına  tikilən  saraylar onlardan müsadirə olunaraq teatrlara verilsin. Onlar özləri təşəbbüskarlıq edib, dövlətdən, xalqın cibindən oğurladıqları sərvətin çox cüzi bir  hissəsinə hansısa bir teatr üçün bina tikdirə bilərlər. Başa düşürəm, bu dediklərim ölkə reallığında absurd, hətta çox gülməli görünür. Hər nə qədər reallıqdan uzaq olsa da, onların belə bir təşəbbüslə çıxış etməsi çox gözəl olardı. Biz Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza  Muxtarov ənənələrindən o qədər uzaqlaşmışıq ki, xeyriyyəçilik işləri bizə qəribə gəlir". 



Şair Aqşin Yenisey isə deyib ki, tarixdə də  həmişə belə olub. Ya müsadirə yoluyla, ya da tarixi gedişata uyğun olaraq bu cür saraylar, qəsrlər, malikanələr, dəxli yoxdur, hansı pullarla tikilib, ya büdcəyə xeyir verən muzeylərə çevriliblər, ya da ofis kimi ömürlərini davam etdiriblər:

"Uzaqda axtarış aparmağa ehtiyac yoxdur, Bakının özündə də bu gün muzey, ofis kimi fəaliyyət göstərən vaxtilə kimlərinsə şəxsi mülkü olmuş xeyli bina var.

Bu gün olmasa da, gələcəkdə, onsuz da, indi kimlərinsə şadlıq sarayı, imarəti, malikanəsi olan tikililər növbəti nəsillərin oylağı olacaq. Bu prosesin qarşısını almaq mümkün deyil. 

Bu mənada səsləndirilən təkliflərdə bir  məntiqsizlik görmürəm, ola bilsin, bir az tələskənlik var".