Nazirlikdən  “Xalq artisti” fəxri adı istəyən müğənnilərə CAVAB: “Bu, uzunillik fəaliyyətə görə verilmir... »



" ...Milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir"

Əməkdar artist, müğənni Cavanşir Məmmədov “Xalq artisti” fəxri adı istəyir.

Sənətçi "Sherg.az"a açıqlamasında fəxri ada layiq görülməməsindən danışıb:

"Nazirliklərdə rütbəni 3-5 il arasında verilir. Niyə mən 17 ildir ki, əməkdar artist adını daşıyıram? Peşman olublarsa, geri qaytarsınlar. Ulu Öndərin təqdimatında səhnəyə gəlmişəm. Şəkillərim, sənədlərim var. Bəyənirlərsə, niyə ad vermirlər? Cənab nazirdən aslı deyil. O təzə gəlib. Yəqin, xətrimi çox istəyir. Elə xalq artistləri var ki, Moskvadan o tərəf ə keçməyiblər. Bu, necə olur? 18 yaşımdan səhnədəyəm, xidmət etmişəm, öz haqqımı istəyirəm. Bəlkə, səhnə mədəniyyətim zəifdir? 151 mahnı oxumuşam, 121-i bəstəkar mahnısıdır. Azərbaycan muğamlarını, bəstəkar və estrada musiqilərimizi barmağım kimi bilirəm. Həm xalq, həm də estrada musiqilərindən xəbərdar olan yeganə müğənniyəm".

Müğənniyə xalq artisti fəxri adının verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin  "İncəsənət və qeyri-maddi mədəni irs" şöbəsi saytımızın sorğusuna cavab olaraq bildirdi:

"Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət  xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir".