"Kinomuz bizdən uzaqdadır"

Mövlud Süleymanlı: "Ümid edirəm ki, yaxın zamanda biz kinoda xalqın simasını görəcəyik"

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 

  Milli kinomuz deyiləndə, “Bəyin oğurlanması” filmində sovxoz müdiri Hudayət müəllimin (görkəmli aktyorumuz Səməndər Rzayevin canlandırdığı obraz) məşhur çıxışı yada düşür: “ayə, ay camaat, bu kino ki var, çox qəlizdi! Həm qəlizdi, həm də vacib!”. Bəli, kino vacib məsələdi. Həm də qəliz. 2 avqust – Milli Kino Günündə nə vaxtsa milli mədəniyyət, incəsənət xadimlərimizin bu qəliz məsələnin öhdəsindən çox-çox məharətlə gəldiklərini xatırlamaq və təsdiqləmək necə də xoşdur, qürurvericidir. 

Həqiqətən də Azərbaycanımızın, həm də filmlərə senari yazan yazıçılarına, yaxud yazdıqları möhtəşəm əsərlərin motivləri əsasında senariləşdirdikləri əla filmlərə görə, o filmlərin ərsəyə gəlməsinə ömrünü-gününü fəda etmiş rejissorlarımıza, operatorlarımıza, rəssamlara, bəstəkarlara, redaktorlara, qrim ustalarından tutmuş işıqçılara, dekorçulara, geyim üzrə rəssamlara, unikal aktyor və aktrisalara, montaja və sair... qədər nəhəng kollektivlərin bütün üzvlərinə dərin təşəkkür etmək mənəvi borcumuzdur.

Milli Kinomuzun ərsəyə gəlməsindən ötən 124 ilin, mübahisəli hesab edilən son 24, hətta “durğunluq” sayılan lap 30 ilini də çıxsaq, yerdə qalan filmlərimiz axirətədək ruhumuzu oxşamağa yetəcək səviyyədədir. Kino Günü ilə bağlı bir neçə gün silsilə mədəni tədbirlər keçiriləcək. Amma öncə Azərbaycan kinosunun keçdiyi şərəfli yola nəzər salmalıyıq. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Və  Azərbaycan kinosu 124 yaşlı həmişəcavan “qocadır”. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb.

 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub. 1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb. 

Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb. Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu il də əlamətdar gün münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunur. Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" senari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmdir. Bunu jurnalistlərə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib. Nazir müavini deyib: “Biz istəyirik ki, kinomuz Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi tamam olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub”. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları da Milli Kino Günü münasibətilə “Azərbaycan kinosu xalqın milli sərvətidir” adlı biblioqrafik icmal, “Azərbaycan kinosu” adlı ənənəvi kitab sərgisi və videoçarx hazırlayıb. Videomaterialda bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyev tərəfindən Azərbaycan kinosunun inkişafı sahəsində imzalanan Sərəncam və Dövlət Proqramı da öz əksini tapıb. Təqdim edilən materiallarda müxtəlif illərdə yerli və beynəlxalq kino festivallarında iştirak etmiş Azərbaycan filmləri haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış karifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitabın annotasiyası verilir. 

  Xalq yazıçısı, dramaturq və senarist Mövlud Süleymanlı “Şərq”ə açıqlamasında Milli Kino Gününün əsl bayram olduğunu bildirib: 

- Mən kinonun içində olmuş adamam.  Həmişə də kinomuzu görmək üçün “boylanmışam”. Amma görmüşəm ki, kinomuz bizdən uzaqdadır. Özümüzdən uzaqdı. Əlimizin yetmədiyi yerdədi. Əlimizi ona tərəf uzadırıq, amma çatmır. Biz hardayıq, kinomuz hardadı, bilmirik. Bu, sovet vaxtından pozulmuş məsafədir. Elə bilmişik, ona yaxınıq, əlimiz çatır. Amma əslində, elə olmayıb. Bu gün xalqımızın yenə də sevə-sevə baxdığı milli kinolarımız böyük kişilərin hesabına başa gəlib. Nə qədər bizdən uzaq olsalar da, yenə də bir yaxınlıq hiss edilib, o yaxınlığı həmin böyük kişilər, dahilər min-bir əzab-əziyyət hesabına qorumağa çalışıblar. Kinomuzun üzü, xalqımızın üzüdür. Kinomuz bu üzü olduğu kimi əks etdirməlidir. 44 gündə qələbə qazanmış xalqın buna haqqı var. Ümid edirəm ki, yaxın zamanda biz kinoda xalqın simasını görəcəyik.