Hüseyn Mehdiyev: "İndi nə edək, kino çəkməyək ki, Hesablama Palatası gəlib qüsurlar tapmasın?"
"Yoxlasınlar görək bütün ölkəni bürüyən yüzlərlə kinoteatrları kimlər nə üçün satıb və kinoteatrlarımız niyə sıradan çıxarılıb?"
Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı yoxlama aparılıb. Palatanın araşdırması nəticəsində dövlət sifarişi ilə çəkilən filmlərlə bağlı maliyyə nöqsanları açıqlanıb.
Hesabata görə, dövlət sifarişi ilə çəkiləcək filmlərin seçim prosedurlarının təkmil olmaması filmlərin çəkilməsi üçün tələb olunan vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması ilə nəticələnib.
Bildirilib ki, nəticədə bəzi hallarda filmlərin 1 vahidinin nəzərdə tutulmuş dəyəri ilə faktiki icra edilmiş göstərici arasında nəzərəçarpacaq fərqlər formalaşıb. Əhatə olunmuş illərdə bir neçə istiqamət üzrə vəsait nəzərdə tutulmadığı halda, bu məqsədlə vəsait icra edilib, eləcə də il ərzində planlaşdırılmış və həyata keçirilmiş istiqamətlər üzrə fərqlər mövcud olub, filmlərin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi il ərzində, yuxarıda qeyd edilənlərlə yanaşı, ayrı-ayrı istiqamətlər çərçivəsində də dəyişikliklərlə nəticələnib. Belə ki, vahidinin dəyəri fərqli olan filmlərin sayı icra zamanı bəzi hallarda artırılıb, bəzi hallarda isə azaldılıb. Bu hal 2020-2021-ci illərdə bədii və sənədli filmlər üzrə müşahidə edilib.
2021-ci ildə bəzi hallarda, məsələn, tammetrajlı sənədli filmlər və cizgi filmləri üzrə say müəyyən olunmadan vəsait proqnozlaşdırılması kifayət qədər böyük həcmdə ehtiyat vəsaitin proqnozlaşdırılması ilə icra prosesində həmin vəsaitin digər istiqamətlərə yönəldildiyini qeyd etmək imkanı verir. Ümumilikdə, proqnoz və icra göstəriciləri arasında fərq işin 1 vahidinin dəyəri üzrə, xüsusilə 2020-ci ildə müşahidə olunur. Məsələn, həmin ildə birinin dəyəri 800,0 min manat olan 2 tammetrajlı filmin çəkilişi nəzərdə tutulsa da, ilin sonuna 1 film çəkilişinə 214,2 min manat və ya nəzərdə tutulmuş dəyərdən 3,7 dəfə az vəsait istifadə edilib. Son nəticədə proqnozlaşdırılmış 4 film müqabilində 2 film çəkilib. Debüt filmlərinin istehsalı nəzərdə tutulmasa da, il ərzində bu istiqamətdə vəsait istifadə edilib.
Palatanın məlumatına görə, filmlərin smeta dəyərinin düzgün müəyyənləşdirilməməsi bir sıra hallarda ayrılmış vəsaitlərinin istiqamətinin dəyişdirilməsinə səbəb olub, bəzi hallarda isə istehsal dəyərinin düzgün olmayan artımına şərait yaradıb. Belə ki, auditin əhatə etdiyi illərdə seçmə üsulla baxılmış filmlər üzrə bəzi hallarda tələb olunandan artıq vəsaitin nəzərdə tutulması ilə həmin məbləğin digər istiqamətlərə yönəldilməsi halları da müəyyənləşdirilib. Bəzi hallarda seçilmiş senarilər üzrə vəsait ödənişinin növbəti illərdə həyata keçirilməsi hallarına da rast gəlinib. Eyni zamanda, seçmə üsulla baxılmış bəzi filmlərin istehsal dəyərinin, eləcə də studiya xərclərinin artırılması hallarına da yol verildiyi müəyyən edilib. Dövlət sifarişi ilə filmlərin maliyyələşdirilməsi məqsədilə bəzi hallarda müştərək maliyyələşmə mexanizmi tətbiq olunub.
Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevin “Şərq”ə açıqlamasına görə, Hesablama Palatasının filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı açıqladığı məlumatlar çox ciddi ittihamdır: “Mən bu materialı obyektiv hesab etmirəm.
Dövlət sifarişi ilə çəkiləcək filmlərin ictimai- sosial maraqlara uyğunluğu və seçim prosedurlarının seçim prosesinin natamamlığı ilə bağlı gəldikləri qənaət birtərəfli mövqedir. Əhatəli araşdırma aparmadan, problemi yaradan səbəbləri araşdırmadan bu cür hesabat yaymaq peşəkar yanaşma deyil. Palatanın hesabatı filmlərlə bağlıdır. Azərbaycanda film bazarı ilə bağlı Hesablama Palatasının bir fikri varmı?! Azərbaycanda istehsal olunan filmlərin geniş kütləyə çatdırılması üçün yetərli mexanizm varmı?! Telekanallarının televiziya sənayesini inkişaf elətdirmək əvəzinə film istehsalı ilə məşğul olması film istehsalının inkişafına birmənalı maneədir. Film, serial çəkmək işi sadəcə peşəkarlara tapşırılsaydı, sənət də inkişaf edəcəkdi, kinematoqrafiya sahəsi də. Bu gün televiziyalar audiovizual, kino sənaye ilə məşğul olur. Halbuki televiziyanın işi şou-proqram, ictimai-siyasi yönümlü tok-şoular, bilik yarışmaları, səhiyyə proqramları və o qədər tamaşaçını cəlb edəcək telejanrlar var ki, yayımlamaqdır".
HP-nin nəticələrini kino sahəsindən, yaradıcılıqdan uzaq olan insanların əhatəsiz və məmur hesabatı adlandıran H.Mehdiyevin fikrincə, Azərbaycan kinosuna, film sənayesinə, ümumilikdə mədəniyyətimizə qarşı bu cür qərəzli yanaşmalar düzgün deyil. Kino çox spesifik sahədir o, mənəviyyatı, ideologiyanı bədii formada çatdırmaqdır, yəni təkcə istehsalat, sənaye yox, həm də yaradıcılıqdır, incəsənətdir. Əgər bədii olmasa, o, əks effekt verəcək. Bunun üçün bu sənətə düzgün münasibət göstərib inkişaf etdirməliyik”.
Kinorejissorun sözlərinə görə, kino sahəsinə laqeyd, peşəkarlıqdan uzaq olan adamların məsuliyyətsizliyi və bacarıqsızlığı nəticəsində film istehsalı bəlli bir maliyyə və iqtisadi çərçivəsinə salınıb:
“Kinoya qarşı belə münasibət peşəkar yanaşma deyil. Bir balaca dünyagörüşü olan adam bilir ki, filmlərin çəkilməsi üçün tələb olunan vəsaitlərin qüsursuz proqnozlaşdırılması mümkün deyil. Kinematoqrafiya çox spesifik bir sahədir. Film sahəsi təkcə sənaye deyil ki, istehsalatdan ibarət olsun. Bu sahədə yaradıcılıq, sənət tələb edir. Film çəkilişi üçün ümumi bir hesablama aparılır, lazımi avadanlıqlar alınır və birdən çəkiliş zamanı rejissor produserə işarə edir ki, "filan şey lazımdır. Halbuki həmin o avadanlıq əvvəldən nəzərdə tutulmayıb və studiyada yoxdur. Demək ki, sonradan alınır. Film istehsalatında onun xüsusiyyətlərindən çıxan o qədər nüanslar var və ən əsası bunların heç birini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. İndi nə edək, kino çəkməyək ki, Hesablama Palatası gəlib qüsurlar tapmasın? Hesablama Palatasının əməkdaşları bu və bu kimi digər xırdalıqları bilmir axı?! Kinomuzu bu cür maliyyə çərçivəsinə saldıqları üçün Azərbaycanda bu sahə axsayır, irəli gedə bilmir. Mütləq şəkildə kinematoqraf ümumi çərçivələrdən çıxarılmalı və ona imtiyazlı sahə kimi baxmaq lazımdır.
Hesablama Palatası araşdırma aparmağa belə həvəslidirsə, yoxlasınlar görək bütün ölkəni bürüyən yüzlərlə kinoteatrları kimlər nə üçün satıb və kinoteatrlarımız niyə sıradan çıxarılıb? Şəhərin hər yerində kinoteatr vardı. Bəs indi niyə yoxdur? Binalar niyə satılıb?! Qoy araşdırsınlar, görək televiziyalar niyə televiziya sənayesi ilə yox, kino sənayesi ilə məşğul olurlar? Nə qədər yüksək peşəkarlıqla çəkilmiş sənədli filmlərimiz var.
Telekanallar efirə buraxmırmırlar və özləri elə həmin mövzuda sənədli film çəkib efirə verirlər. Niyə? Pulları çoxdur, yoxsa "kinoşnik"lərdən yaxşı kino çəkəcəklər? Kimlərsə televiziya ilə kinematoqrafiyanı çaşbaş salıb. “Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başındadır”. Problemlər və suallar gündən-günə azalmaq əvəzinə artır".