Hesablama Palatasının araşdırmalarında nöqsanlar üzə çıxıb
Nəriman Əbdülrəhmanlı: "Bu işlər vaxtında görülmədiyi üçün pozuntular yaranıb"
Bu günlərdə gündəmdə olan və müzakirə edilən məsələlərdən biri Hesablama Palatasının dövlət büdcəsindən film çəkilişləri üçün ayrılan vəsaitlərin xərclənməsində aşkarladığı nöqsanlardır. Hesablama Palatasının məlumatına görə, dövlət sifarişi ilə çəkiləcək filmlərin seçim prosedurlarının təkmil olmaması filmlərin çəkilməsi üçün tələb olunan vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması ilə nəticələnib.
Bildirilib ki, nəticədə bəzi hallarda filmlərin 1 vahidinin nəzərdə tutulmuş dəyəri ilə faktiki icra edilmiş göstərici arasında nəzərəçarpacaq fərqlər formalaşıb.
Yazıçı, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Nəriman Əbdülrəhmanlı “Şərq”ə açıqlamasında Palatanın hesabatı ilə tanış oduğunu və peşəkar auditorlar hazırladıqlarına görə şübhə eləməyə heç bir əsas olmadığını deyib: “Güman ki, qeyd olunan pozuntular var. Kino təkcə sənət deyil, həm də iqtisadiyyatdı, yəni maliyyə, təşkilat tərəfi də var. Ola bilsin ki, həqiqətən, 4 film üçün ayrılmış vəsait az olduğuna görə 2 film çəkilib. Əvvəla, vəsait ayrılanda buna etiraz etmək, əsaslandırmaq lazım idi, ya da vəsaitləri birləşdirəndə. Əlaqədar qurumlarla razılaşdırmaq lazım idi. Bu işlər vaxtında görülmədiyi üçün pozuntular yaranıb. Hər halda, kino inzibatçıları, prodüserlər bu məsələlərdə kinonun sənət olmasını əsas gətirib yaxa qurtara bilməzlər.
Televiziyalar öz filmlərini çəkib verir deyə, dövlət kinostudiyalarında çəkilən film bazarı məhduddur kimi iddialara gəldikdə isə yazıçı deyib ki, dünya praktikasında filmləri əsasən müstəqil studiyalar, prodakşnlar istehsal edir, televiziya kanallarına satırlar: “Bu da həmin qurumların kifayət qədər maliyyə vəsaitinə malik olmaları ilə əlaqədardır. Bizdə isə kino, başlıca olaraq, dövlətin əlindədir, dövlət studiyasının dövlət televiziyasına film satması məqbul sayılmır. Ona görə də dövlət vəsaiti ilə çəkilən filmlər gəlir gətirə bilmir, televiziyalar da özləri film çəkib özləri nümayiş etdirirlər, yenə ortada gəlir olmur. Beləcə, əksər filmlər yalnız film çəkmək xatirinə istehsal olunur. Müstəqil qurumlar isə o qədər güclü maliyyə vəsaitinə malik deyillər ki, bazar formalaşdıra bilsinlər. Nəticədə də indi mövcud olan vəziyyət yaranır”.