Polşa prezidentinin sərhəddə Azərbaycan tərəfinə boylanmasında iki məqam diqqət çəkir
Mümkündür ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib
Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Bunu Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda deyib. O, İrəvanda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla mətbuat konfransı keçirib. Duda İrəvanın Avropaya yaxınlaşması prosesini dəstəklədiyini bildirib. Qeyd edib ki, Avropa üçün Cənubi Qafqaz regionunda sülhün əldə olunması vacibdir: "Ehtiyac olarsa, Varşava Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Ermənistan bizə hər zaman güvənə bilər". Duda Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla da görüşüb. Bu, Polşa prezidentinin Ermənistana 13 il ərzində ilk səfəridir. Polşa Prezidenti Ofisinin rəsmisi Myesko Pavyak deyib ki, danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasındakı sülh prosesi olacaq. Onun sözlərinə görə, Andjey Duda İrəvana səfəri çərçivəsində sülh prosesi ilə bağlı danışıqlar aparmaq niyyətindədir: “Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və ümid edirik ki, bu proses tezliklə başa çatacaq. İndi erməni tərəfi ilə danışmaq üçün ən uyğun zamandır”. Polşa rəhbəri Yerasxda (Arazdəyən) Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının heyəti ilə də görüşüb. O, missiyası ilə birlikdə Azərbaycanla sərhəddə patrulda iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın ölkəmizlə şərti sərhədə gedərək Avropa İttifaqının müşahidə missiyası ilə görüşünə münasibət bildirib. Vurğulanıb ki, Polşa prezidentinin Ermənistan-Azərbaycan sərhəd ərazisinə səfəri müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa institutlarının Azərbaycan əleyhinə siyasətinin bir daha nümayişidir: “Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdikləri çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu provokativ addımdan çəkinmədi”. Qeyd olunub ki, Azərbaycan bu dost olmayan addıma qarşı lazımi diplomatik tədbirləri görmək hüququnu saxlayır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az”a deyib ki, Ermənistanda olan Polşa Prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir. Onun sözlərinə görə, Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib:
"2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək. Dudanın aktivliyi bundan qaynaqlanır. Hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur. Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi. Ermənistana isə xüsusi səfər proqramı ilə gedib. Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarəti ittifaqın Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var. Azərbaycan müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır. 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı".
A.Nərimanlı vurğulayıb ki, rəsmi Bakının Brüsselə etirazı təkcə ritorika ilə yekunlaşmaya bilər:
"Macarıstan üzərindən yekdil qərarın çıxmasına qarşı praktik addım atmaq imkanı var. Mümkündür ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı görünür. Aİ-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara təzyiq etmək lazımdır. Digər yandan Aİ-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyinin əsaslandırılması zəruridir. Ermənistan-Azərbaycan sərhədində yeni bir eskalasiya, yaxud ən azı kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində “qaçılmaz reallıq” ortaya çıxa bilər. Bu kontekstdə Ermənistanın Aİ missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq, təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir".