Mədəniyyət Nazirliyinin strukturları sanki cinayət yuvasına çevrilib

Aydın Xan Əbilov: "Cəmiyyət haqlı olaraq burada baş verənləri izləyir, müzakirə edir"


  Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başlaması ictimaiyyətdə ciddi narazılıq yaradıb. Iddialara görə, araşdırmaların aparılmasına səbəb mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyevin biletin qiymətinin bahalaşması ilə bağlı tələbinə teatrın direktoru Rəşad Əhmədzadənin  etiraz etməsi səbəb olub.  Həmin andan teatrın illik plan proqnozu 50 faiz artırılıb.
  Rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddialar da nazirliyin hiddətini daha da artırıb. 
“Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi onlara "bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur", - deyə cavab veribmiş.
"Biz dəvət eləyən ölkənin imkanlarıyla festivala qatılırıq. Qısa vaxtdan sonra xəbər tuturuq ki, başqa teatr daha böyük heyətlə məhz Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala gedir. Bu zaman hansı ədalətli münasibətdən söhbət gedə bilər? Bu, haqsızlıqdır", - deyə rejissor bildirib.

  Göründüyü kimi, Mədəniyyət Nazirliyinin strukturlarında baş verən neqativ hallar həll edilmək əvəzinə daha da genişlənir. 
Eyni zamanda da bir sıra məsələlərlə bağlı şayiələr və iddialar mövcuddur. Mədəniyyət sferasında, eləcə də ictimaiyyətdə saysız şayiələr dolaşır ki,  bu gün də muzeylərdə, mədəniyyət ocaqlarında, kitabxanalarda, musiqi məktəblərində və başqa yerlərdə maxinasiyalar baş baş verir. Muzeylərdə dəhşətli vəziyyət yarandığı barədə dolaşan söz-söhbətlərə görə, bəzi muzeylərdə eksponatların, xalçaların, qədim sikkələrin əslini götürüb onu oxşarı ilə əvəz edirlər. 

  Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə “Şərq”ə açıqlamasında deyib ki, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumunda olduğu kimi Mədəniyyət Nazirliyinin sistemində çox qəribə proseslər gedir və haqlı olaraq cəmiyyət Mədəniyyət Nazirliyinin Mərkəzi aparatında baş verən neqativ prosesləri sorğulayıb, ciddi şəkildə müzakirə edir: “ Nazirliyin strukturları sanki cinayət yuvasına çevrilib. Ayın əvvəlində DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirin birinci müavini və  digər vəzifəli şəxslər həbs edildi. Bu hadisə ictimaiyyətin gündəmindən düşməmiş nazirlik daha bir biabırçılığa imza atdı. Söhbət   Kukla Teatrındakı yoxlamalar və illik planın 50 faiz artırılmasından gedir. Nazir müavininin qiymət artımı ilə bağlı tələbini teatrın direktoru rədd edib deyə, o boyda nazirlik işini-gücünü buraxıb tələm-tələsik yaratdığı komissiyanı Kukla Teatrının işini yoxlamağa göndərib. 80 faizindən çoxu teatr binasına ayaq basmayan bir cəmiyyətdə, uşaqların intellekt səviyyəsini, estetik zövqünü artırmaq istəyən valideynlərin üz tutduğu Kukla Teatrını da sıxışdırmaq, korrupsiya damğası ilə ləkələmək yolverilməzdir. Hesab edirəm ki, atılan bu yanlış addım birbaşa Mədəniyyət naziri Anar Kərimovun yarıtmaz iş prinsipini nümayiş etdirir. Təəssüflər olsun ki, bir neçə dövlət qurumuna rəhbər təyin edilən gənclər təmsil etdikləri qurumun məsuliyyətini dərk edə, ölkə başçısı tərəfindən onlara  yaradılan şəraiti, göstərilən etimadı doğrulda  bilmədilər”.   
  Kulturoloqun dediyinə görə, kinoteatrlarımızda, muzeylərimizdə, teatrlarımızda, mədəniyyət ocaqlarımızda çox dəhşətli hallar mövcuddur: “Lənkəranda “Dəyirmi Qala” deyilən çox unikal tarixi abidə var. Lənkəranlılar deyirlər ki, vaxtilə Mədəniyyət Nazirliyi onu təmir edib, amma keyfiyyətsiz materiallardan istifadə olunduğuna görə yenidən dağılıb. Damı çökən qala xarabalığa çevrilib. Bununla bağlı Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət edilsə də, məsələ ilə maraqlanan olmayıb. Nazirliyin əsas qayəsi tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat adamlarının fəaliyyətini görməzdən gəlmək, onları dövlətdən incik salmaqdır. 
  Mədəniyyət, ədəbiyyat naminə kifayət qədər uğurlu layihələr, tədbirlər keçirilir, nazirlik isə özünü görməzliyə vurur. Amma teatr, ədəbiyyatla bağlı iki cümlə tənqidi fikir səsləndirən kimi başlayırlar səni qaralamağa. 
Sanki biz hansısa məmuru tənqid edəndə orada çalışan vəzifəli şəxslərin “üzüyünün qaşı düşür”. 
  Humanitar sahə üzrə illərini, ömrünü verən düşüncə adamlarına heç bir maddi-mənəvi dəstək, fəxri ad verilməyib, göndərilən məktublara sovet dövründə olduğu kimi “ vaxtı çatanda  baxılacaq” cavabı verilir. Bu da təbiidir, çünki bunu dövlətə çatdırmalı olan Mədəniyyət Nazirliyidir, o da çatdırmır. Nazirlik bunu yuxarı instansiyalara çatdırmalıdır ki, bu insanların yubileyidir, onlar ömrünü dövlətin incəsənətinə, mədəniyyətinə, humanitar-estetik düşüncəsinin inkişafına həsr edib”.