Kamal Yaşara DƏSTƏK:“Dublyaj sahəsinin qonorar miqdarları yerlərdə sürünür”


Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar iki gün öncə - fevralın 13-də Prezident İlham Əliyevə açıq müraciət edib. Aktyor “Facebook” hesabında videogörüntülü şəkildə ünvanladığı müraciətdə dublaj etdiyi cizgi film qəhrəmanlarının səsi ilə dublyaj sahəsinin və bu sahədə çalışan aktyorların problemlərindən danışıb.

K. Yaşar, dublyajda mərkəzləşmənin olmamağından gileylənib.
O qeyd edib ki, maliyyəni azaltmaq üçün bir film məcburən cəmi bir neçə aktyor tərəfindən səsləndirilir.

K.Yaşarın sözlərinə görə, aktyorlar və tərcüməçilər hədsiz minimal qonorar alır və bu səbəbdən normal mətn tələb etmək olmur, məsrəfdən qaçmaq üçün redaktorlardan imtina olunur, maliyyə ucbatından dublyajın ən vacib mütəxəssislərindən olan “ukladşik” (dodaq oturdan) peşəsi birdəfəlik ixtisar edilib.

Aktyor Mədəniyyət Nazirliyindən də şikayətlənib: “Bizim nazirimiz də yoxdur. Olanda da heç ona əlimiz çatmayıb”.

O, həmçinin sosial problemlərini dilə gətirib: “Mən bu qədər işləməyimə rəğmən, hətta bəzən it səsi çıxarmağıma rəğmən adam kimi yaşaya bilmirəm. Mənim evlənmək üçün heç evim də yoxdur. Bir dəfə belə cəhd etmişdim, amma evim olmadığına görə evliliyim də alınmamışdı. Bu bir yalvarış, ağlamaq deyil. Bu, sadəcə bölüşməkdir”.

Onun müraciəti sosial şəbəkələrdə böyük rezonans doğurub, geniş kütlə tərəfindən paylaşılıb. Müraciətdən bir gün sonra - fevralın 14-də isə Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.

Məsələ ilə bağlı danışan "Kulis.az" saytının baş redaktoru, gənc yazar Ulucay Akif “Sherg.az"a söyləyib ki, Kamal Yaşar dəyərli sənət adamıdır, dediyi sözlərdə və müraciətində səmimidir:

"Bu problemləri bütün sənət adamları bilir. Təssüf, Kamal kimi problemi dilə gətirənlər çox azdır. Problemlər tək dublyaj, aktyorluq sahəsində deyil. Mədəniyyətin bütün sahələrində sənət adamlarının vəziyyəti acınacaqlıdır. Kamal Yaşarın Mədəniyyət Nazirliyi ilə bağlı dediyi fikirlərə də qoşuluram".

Yazıçı Şərif Ağayar da K.Yaşarın müraciətinə fikir bildirib:

"Sənət həm də ifşa edir. Dəyərli sənətkar Kamal Yaşar öz müraciəti və onun nəticəsi ilə cəmiyyətimizin necə rəzil günə qoyulduğunu açıb göstərdi. Azadlığı bu səviyyədə də heç kimə bağışlamırlar. Həbsə atmasalar, yaxşıdır".

Aktyor Azər Aydəmirli müzakirəyə qoşulub:

"Mən də incəsənət xadimi olaraq Kamal Yaşar barədə xoşagəlməz hadisəyə münasibət bildirməyi özümə borc bilirəm. Kamal çox istedadlı insandır. Azərbaycan mədəniyyətinə verdiyi töhfə az deyil və bu istiqamətdə daim fəaliyyətdə olan adamdır. Onu qəti sürətdə həvəsdən salmaq olmaz. Bəli, dublyaj sahəsinin qonorar miqdarları yerlərdə sürünür. Kamalın ölkə rəhbərinə açıq müraciəti onun doğal və konstutisyon haqqıdır".

Yazıçı Sərdar Amin isə ironik şəkildə fikrini çatdırıb:

"Kamal Yaşar  prezidentə kreativ müraciət edib. Dublaj aktyoru kimi yaşamağın çətinliyini diqqətə çatdırıb.
Bir gün keçməmiş olan-qalan verilişini də bağlayıblar. Sonra da deyirsiz, məmurlar laqeyddir, müraciətlərə reaksiya vermirlər. Yaşasın Azərbaycan!".