Məhdud imkanlarla böyük işlər: Getdim, gördüm, izlədim -Reportaj

Heç ağlıma gətirməzdim ki, uşaqlarda Kukla Teatrına bu cür həvəs olar

“Bu aktyorların zəhməti qiymətləndirilməlidir. Ümumiyyətlə, Kukla Teatrına münasibət fərqli olmalıdır. Ora bizim uşaqların üz tutduğu məkandır”

  Uşaqların sevincini seyr etmək başqa aləmdir. Onlarla birlikdə sevinirsən. Sevinclərindən sənə də pay düşür. Həm də böyük pay! Adamı uşaqlıq illərinə aparırlar çünki. Başqa vaxt yada salmağa macal belə tapmadığın uşaqlığını xatırlamaq imkanı verirlər sənə. Bir də əgər bu xatırlama Kukla Teatrının divarları arasında yaşanırsa, bundan gözəli olarmı?!
  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaq studiyasının fəaliyyət göstərdiyi haqda məlumat qarşıma çıxmasaydı, yolum düşməyəcəkdi ora. Bu məlumat məni o tərəfə - Dənizkənarı Bulvar “sahilində”ki teatr məbədinə yönəltdi. Jurnalist olmağın üstünlüyü həm də budur; bir çoxlarının xəbərsiz olduqlarından xəbər tutmaq. Teatrın ədəbi hissə müdiri Həmidə xanımla (Rüstəmova) vədələşib üz tutdum ora. Bəri başdan deyirəm, çox şadam ki getdim, gördüm, izlədim.
Teatr qarderobdan başlayır, aksioma-filan deyilmiş. Baxır hansı teatr. Kukla Teatrı kuklalarla başlayır. Teatra gələnləri foyedə doğma, əziz personajlarmız – Cırtdan və Göyçək Fatimə qarşılayır. Teatra daxil olduqda ilk onları “alır” göz. Sağda və solda müasir, bizə uzaq Amerikadan qonaq gəlmiş Mikki Mauslar var – oğlan və qız. Kimsə məni qınamasın, Cırtdan, Göyçək Fatimə ilə müqayisədə bu cizgi qəhrəmanı şəxsən mənə yad görünür. Amma əlbəttə ki, müasir uşaqları düşünüb teatr rəhbərliyi. Və çağdaş uşaqların marağını, meylini də nəzərə alıblar. Lazımdı. Sağ olsunlar. Mən lap köhnə əyyamın adamıyam. Yeni, modern personajlara ürək qızdıra bilmirəm. Dəhlizlərin birində Tıq-tıq xanım da var. Yaman qaradı rəngi. Dozanqurdudu, bu, bəlli. Rəngi qara olmalıdı. Amma zənci balasına oxşayır. Olmaz görkəmli sənətkarımız Abdulla Şaiqin hamının sevimlisi etdiyi Tıq-tıq xanımın rəngini azacıq ağardasınız?..


 
  Həmidə xanım təklif etdi ki, “Melisa” tamaşası nümayiş olunacaq, saat 12:00-da başlayır, bəlkə əvvəlcə tamaşanı izləyəsiniz, sonra söhbət edək? Razılaşdım. Yaxşı ki tamaşa vaxtı getmişdim teatra. Yeri gəlmişkən, Kukla Teatrının repertuarı çox zəngindi. “Qırmızı papaq”dan, “Ağca və 7 cırtdan”dan başlamış “Durna balığı”, “Gözəl və Bədheybət” də daxil izləyəcəyim “Melisa”yadək, hər gün azı 2 tamaşa göstərilir. Tamaşanın başlanma vaxtı yaxınlaşdıqca uşaqların da sayı durmadan artırdı. Məktəblilər idi. Sinif müəllimləri, valideynləri ilə gəlirdilər. Yox, “gəlirdilər”, o səhnəni tam ifadə etmir. Axışırdılar. Həqiqətən. Heç ağlıma gətirməzdim ki, Kukla Teatrına bu cür həvəs olar uşaqlarda. İndiki uşaqlar daha çox smartfonlarda cizgi filmlərinə, əndrəbadi videolara baxır... Belə təxmin edirəm ki, məktəbliləri Kukla Teatrına cəlb edən həm müəllimləri, həm də valideynləridir. Onlara da xüsusi təşəkkürlər! Hə, uşaqlar yer üstə “çarpışırdılar” – sanki, qorxurdular əyləşməyə yer qalmayacaq. Teatrın gənc xanım əməkdaşları uşaqları yerbəyer edirdilər. Gənc qızlardı. Yaraşıqlı kostyumları var, milli ornamentlərlə işlənmiş. Uşaqları sakitləşdirir, biletlərdə qeyd olunmuş yerlərdə əyləşmələrinə kömək ediridlər. Həm də, bir ucdan salona elə hey “pufik”lər  - əyləşmək üçün yastıqlar daşıyırdılarlar salona. Mənim üçün bu da yenilik idi. Yadıma gəlmir, uşaq vaxtı Kukla Teatrına gələndə, biz uşaqlara da yastıqlar  təklif edilirdi, ya yox?.. "Pufik"lər boyu hələ balaca olanlar üçündü. Qızlar uşaqları müşahidə edir, kimin boyu balacadırsa və bu səbəbdən səhnəni yaxşı görə bilməyəcəksə, o uşaqlara yastıq verirlər ki, üstündə əyləşsinlər.

Tamaşa başladı. Sevinc Nuruqızının “Melisa” hekayəsi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. İşıqlar söndü, salonda rəngbərəng işıqlar oynamağa başladı. Gecə, ulduzlar, hilal, laylay deyən qadın və gəlinciklər ardınca gələn leylək... Qısası, tamaşanın məzmunu belədir: Marta xala gəlinciklər ustasıdır, onun hazırladığı gəlincikləri dostu Leylək zənbilə yığıb mağazalara daşıyır, orada da ata-analar balalarına gəlinciklərdən alır, hədiyyə edir... Melisa adlı gəlinciyin “taleyi” fərqli olur, başına müxtəlif hadisələr gəlir. Uşaqlar özləri tamaşa etsə yaxşıdı. Tamaşanın motivi uşaqların düzgün tərbiyə edilməsinə yönəlib. Dostluq, mehribanlıq, səmimiyyət, valideynlərə, böyüklərə, yaşlılara hörmət, qayğı, zəhmətin, əməyin, məqsədə çatmaq üçün səy göstərmək, əzm nümayiş etdirmək, insanların bir-birinə köməyi, oğurluğun, başqasının əşyasına iznsiz sahiblənməyin yaxşı əməl olmaması... bütün bunlar var tamaşada. Uşaqlar maraqla baxırdı tamaşaya. Həm onları izləyirdim, həm də səhnənin rəngarəng tərtibatı, aktyorların məharəti məni heyran edirdi...

  Nə qədər qazanır görəsən, bu aktyorlar? Kimsə düşünəcək ki, “heç hənanın yeridi?”. Yeridi, yeridi! Bu aktyorların zəhməti qiymətləndirilməlidir. Ümumiyyətlə, Kukla Teatrına münasibət fərqli olmalıdır. Ora bizim uşaqların üz tutduğu məkandır. Uşaqların bu dərəcədə həvəs göstərdiyi, məmnuniyyətlə getdiyi ikinci bir yer, yəqin ki, sirk olar ancaq. Sirkimiz nə vəziyyətdədir, bu da bir ayrı mövzudu. Hələ ki Kukla Teatrındayıq. Necə yaşayır, necə işləyir bu teatr? Xüsusi olaraq qeyd edim ki, Kukla Teatrının direktoru Əməkdar Mədəniyyət işçisi Rəşad Əhmədzadədir. Rəşad müəllim görkəmli satirik yazıçı və şairimiz, mərhum Rüfət Əhmədzadənin oğludur. Teatrın başqa tanınmışları da var; musiqi hissə müdürü Vüqar Camalzadə, baş rejissor Qurban Məsimov, quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam Rəvanə Yaqubova... və adını qeyd edə bilmədiyim digər zəhmətkeş insanlar. Rəşad müəllim həmin gün paytaxtımızda keçirilən Musiqi Forumunda iştirak etdiyi üçün teatra aid suallarımı Həmidə xanım cavablandırdı: 

- Azərbaycan Dövlət Kukla Teatrı əməkdaşların əksəriyyətinin daimi iş yeridir. Aktyor və rejissorlara, yaradıcı heyətə gəlincə, bu, ümumi tərkibin 50 faizini təşkil edir. Teatrın aktyor truppası zəngindir və hər nəsildən olan nümayəndələr var. Onu da qeyd edək ki, teatrımızda rus dilində də tamaşalar oynanılır və bu dildə oynanılan tamaşalar üçün də aktyor heyətimiz var. Ümumilikdə teatrın əməkdaşlarının əməkhaqları və müəyyən ödənişlər dövlət tərəfindən edilir. Qalan bütün xərclər teatrın boynundadır. Onu da deyim ki, teatrımızın illik planı da yüksəkdir. Sevindirici haldır ki, biz bütün çətinliklərə rəğmən o planı hər il kəsirsiz veririk.

- Həmidə xanım, məlum məsələdir ki, aktyorların əməkhaqqı o qədər də yüksək deyil. Təkcə Kukla Teatrından söhbət getmir, ümumiyyətlə, bütün digər teatrlarda da. Bizim teatr sənətimiz həqiqi sənətsevərlərin, ömrünü, həyatını teatra qurban edənlərin hesabına ayaqda qalır. Məhdud imkanlarla böyük sənət yaradan aktyorlar necə dolanır?

- Ölkəmizdə orta aylıq əməkhaqqı sistemi formalaşdırılıb və bu, mütəmadi yüksələn xətt üzrə dəyişir. Sözsüz ki, bu, dövlət büdcəsindən maliyyələşən teatr kimi bizdən, bizim əməkdaşlardan da yan keçmir. Bundan başqa, teatr rəhbəri olaraq bacardıqca əməkdaşlarımızın əlavə işlərdə, yaradıcı layihə və əlavə qonorarlar hesabına tədbirlərdə iştirakına şərait yaratmağa çalışırıq ki, onlar öz maddi vəziyyətlərini daha yaxşı etsinlər. Sözsüz ki, teatrın, əsas iş yerləri olan müəssisənin iş əmsalına mane olmadan.

- Geyimlərə, dekorasiyalara görə də yəqin xeyli vəsait xərcləməli olursunuz...

- Bu, tamaşaya görə dəyişir. Bizdə əsas etibarilə maliyyə kuklaların hazırlanmasına gedir və nəzərə alsanız ki, bu, canlı insan üçün hazırlanan əlbisədən qat-qat bahadır, rəqəm də kəskin dəyişir. Çünki mexanikasından rənginə ən adi detallar, kukla və əlavə rekvizitlər üçün lazım olan xammal xaricdən gəlir. Biz də onları ayrıca bir yerdən, xüsusi bir mərkəzdən yox, ölkə bazarlarından alırıq. Belə olduqda da qiyməti bazar təyin edir və biz də ona uyğun hərəkət edirik. Bu rəqəmlər dəyişkən olduğundan konkret bir məbləğ demək çətindir.

- Bəs tamaşaya biletlər neçəyədi?

- Bizim teatrda bilet qiyməti uzun illər idi ki, 3 manat civarında müəyyən olunmuşdu. Düzdür, bu, bizim üçün əlverişli deyildi. Sadəcə, biz tamaşaçılara və onların maddi vəziyyətinə görə özümüzə münasibətdə müəyyən məhrumiyyətlərlə razılaşmalı olurduq. Artıq sentyabr ayından biz bilet qiymətini 5 manat müəyyən etdik. Çünki xərclər, tamaşaların ərsəyə gəlməsi üçün vacib olan vəsaitlər, binanın saxlanması, onun kommunalından cari təmirinə hər dəfə xərcimiz ilə gəlirimiz arasında ciddi tərs-mütənasiblik yaranırdı. Bundan irəli gələrək qiymətdə dəyişiklik labüd oldu. Bundan başqa, bu mövsümdən bilet satışını vasitəçi şirkət – İctiket edir və sözsüz ki, bu da müəyyən məbləğin ora köçürülməsi deməkdir.

- Ötən dəfə sizinlə söhbət edəndə Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu ixtisasının, ayrıca fakültənin olmadığını söyləmişdiniz. Bununla bağlı müraciətlər edilibmi?

- Biz də daxil olmaqla ölkədəki bütün kukla teatrları, 5 dövlət kukla teatrı, eləcə də müstəqil uşaq teatr kollektivləri bu sarıdan xeyli əziyyət çəkirlər. Teatrın direktoru Rəşad Əhmədzadə aidiyyətli orqanlara dəfələrlə müraciət edib ki, İncəsənət Universitetində kukla teatrı kafedrası açılsın, kukla teatrı aktyorluğu tədris edilsin, bu sahədə çalışacaq kadrlar yetişdirilsin, amma hələ də bir nəticə yoxdur. Sənətin bu növü üzrə tədris olmadığına görə, kukla teatrı aktyorları ancaq səhnədə yetişir. Kukla Teatrının aktyorları adətən dram aktyoru, musiqili dram aktyoru ixtisasını bitirənlər olur. Sırf kukla teatrı aktyorluğu tədrisi yoxdur. Belə şərait Kukla Teatrını çətin vəziyyətdə qoyur. Çıxış yolu kimi bəzən qeyri-incəsənət, çox vaxt da aktyorluq ixtisaslı kadrları kuklaçı kimi yetişdirməkdə görürük. Bunun üçün də nəinki aylar, illər sərf edirik. Hər halda ciddi çətinlik çəkmirik. Çünki musiqili teatr, dram aktyorluğu, eləcə də estrada rejissorluğu, ümumən incəsənətin aktyorluq fakültəsi məzunları hesabına formalaşan peşəkar truppamız var.
Deməli, kuklaçılar birbaşa səhnədə yetişir...

- Bəli, elədir. Bizə gələn aktyorların mütləq əksəriyyəti ali incəsənət təhsili alanlardır. Onları kuklaçı kimi - bilirsiniz ki, kukla sənəti mürəkkəb, çoxşaxəli və dərindir – məhz qocaman kuklaçılar yetişdirməyə çalışırlar. Əlbəttə, aktyor əsasən səhnədə yetişir.

Həmidə xanım Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasından da danışdı. Bu, uşaq studiyasıdır:
- Xatırladım ki, "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Məhz bu sərəncamın icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradıldı. Bizim Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası artıq 10 ildir ki fəaliyyət göstərir. Teatr-studiyanın yaradılıması "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun həyata keçirilib. Dövlət Proqramının məqsədi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli teatr sənətinin davamlı inkişafının təmin edilməsidir. Teatr-studiyası da bu məqsədə xidmət edir. Studiyanın aktyor truppası formalaşıb. Qastrol səfərlərinə gedirik. Teatr-studiyanın repertuarında 6 tamaşa var. Laçında keçirilən “Şəhər günü” bayramında bizim teatr-studiya da iştirak etdi. Cənab Prezident də uşaqların nümayiş etdirdiyi tamaşadan məmnun qaldı. Teatr-studiyaya hər 2 ildən bir müsabiqə yoluyla 5-15 yaş arası uşaqlar qəbul olunur. Təbii ki, onlar arasından bu sənətə həvəsi olanlar, həmçinin sənət bacarığı, aktyorluq istedadı görünənlər seçilir. Uşaqların studiyada fəaliyyəti orta məktəbi bitirənədək davam edir. Onlar studiyaya dərsdənkənar gəlirlər, dərslərdən sonra burada məşğul olurlar. Studiyanın rəhbəri Səidə Haqverdiyavadır. Balaca aktyorlarımızdan bir neçəsi orta məktəbi bitirdikdən sonra incəsənət sahəsinə üz tutub. Bakı Musiqi Akademiyasına, Xoreoqrafiya Məktəbinə, İncəsənət Universitetinə qəbul olunanlar var. Bizim studiya uşaqlarda teatra, incəsənətə maraq, sevgi formalaşdırır. 
 Yaddan çıxmamış bunu da deyim; Kukla Teatrının foyelərindən birində “Dəmir yumruq” , Xarıbülbül kompozisiyaları da quraşdırılıb. 
Divarları isə Xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun rəsmləri bəzəyir. Görkəmli rəssam burada da istedadını parlaqlığı ilə nümayiş etdirib. Azərbaycan xalq nağıllarının bütün personajları, uşaq hekayələrindəki obrazlar hamısı bir yerə cəmləşib. 

Nağıllar həmişə xoş sonluqla bitir. Ona görə uşaqlara nağıl oxuyurlar, onlardan nağıllar mütaliə etmələrini istəyirlər və onları nağıllara tamaşaya aparırlar. Gələcəyə inamlı olsunlar deyə! Azərbaycan Dövlət Kukla Teatrının nağılı bitməyəcək, davam edəcək. Uşaqlar gəlirlər ora, çünki. Demək, hər şey yaxşı olacaq...