Naşir: "“Təkərli kitab dükanı”nın təqdimatını etməyimizi Nazirlik istəmir”

Gətirdikləri bütün arqumentlər bəhanədir

  “"Təkərli kitab dükanı"nın Bakı Beynəlxalq Kitab sərgisində təqdimatını etmək istəyirik. Mədəniyyət Nazirliyi icazə vermir”. Bu sözləri “Sherg.az"a açıqlamasında "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
  “Təkərli kitab dükanı"nın sosial layihə olduğunu xatırladan naşir deyib ki, bu layihə öz hesabımıza başa gəlib: “Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik...
  Məqsədimiz regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. Bu, Vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir. Bakı Beynəlxalq Kitab Sərgisində 74m² yer üçün biz 12 min manat pul ödəmişik. "Təkərli kitab dükanı"nın təqdimatını da salonda yox, həyətdə, parkinq yerində etmək istəyirik.
Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu, elə Fatmayıda Mədəniyyət Evinin müdirinin davranışına bənzəyir”.
  Ş.Xuduoğlunun sözlərinə görə, “Təkərli kitab dükanı” birbaşa oxu mədəniyyətinin, kitabın təbliğinə xidmət edən, sosial təyinatlı bir layihədir. Məqsədimiz regionlara, ucqar kəndlərə gedib kitabı insanlar üçün əlçatan etməkdir. Həftəsonu “təkərli kitab dükanı” Ələtdə oldu. Bir dənə belə kitab mağazası yoxdur. Heç Mədəniyyət Evi də yoxdur. Kitabxananı soruşuram, heç kim bilmir. İnsanlar bizi görəndə ilk dəfə kitab görürmüş kimi sevindilər.
  İndi bizim Beynəlxalq kitab sərgisi keçirilən binanın parkinq yerində dayanmağımız, “Təkərli kitab dükanı” layihəsinin təqdimatını etməyimizi Mədəniyyət Nazirliyi istəmir. Bəli, məhz istəmir. Çünki gətirdikləri bütün arqumentlər bəhanədir. Əvvəla, biz binanın salonunda yox, çölündə dayanacağıq. Halbuki salonda da maşın təqdimatları edənlər olur. Biz danışmışdıq ki, Azərbaycanın Xalq artisti Vidadi Həsənov layihəmizin təqdimatını edəcək və bir-iki ədəbi proqram icra ediləcək. Uşaqlar şeir oxuyacaq və s. Hətta heç insanlar bilməyəcək ki, layihəni məhz biz edirik. Hamı elə biləcək ki, bu da kitab sərgisinin təşkilatçıları tərəfindən kitab adına atılmış bir addımdır.
  Düz bir həftədir bu təqdimaq üçün Mədəniyyət Nazirliyinin nümayəndəsi ilə danışıqlar aparıram. Guya ki, "Baku Ekspo Mərkəzi" icazə vermir. Mən də deyirəm ki, toy edən adam şadlıq sarayında 500 adamlıq bir zalı götürüb məclis edir. Məkan sahibi sarayın həyətində, maşınların dayanmasına qadağa qoyur? Hansı məntiqlə “Ekspo” icarəyə götürülmüş məkanın həyətində “Təkərli kitab dükanı”nın dayanmasına icazə vermir, əgər ki nazirlik bunu istəyirsə?! Nazirlik səmimi olaraq bu layihənin təqdimatına razılıq versə, “Ekspo”ya da deyər ki, bizim “toy”a gələn adamların maşınıdır. Parkinq üçün toya gələn qonaqlardan 2-3 manat ödəniş istənilir, biz də onu ödəyə bilərik”.
  Naşir deyib ki, əgər Mədəniyyət Nazirliyi “Təkərli kitab dükanı”nın təqdimatına icazə verməsə, “Qanun” nəşriyyatı olaraq Bakı Beynəlxalq kitab sərgisini boykot edəcəyik: “Yuxarıda da qeyd etdiyim kimi, balaca bir yer üçün bizdən 12 min manat ödəniş alıblar. Guya, bizim bu sərgidən gəlirimiz nə qədər olacaq ki?! Əgər təqdimata razılıq verməsələr, elə 12 minin yarısını verib, başqa bir məkanda yer götürüb layihənin təqdimatını edəcəyik. Ümid edirəm ki, məsələ öz həllini tapacaq, əks halda nəşriyyat sərgidə iştirakdan imtina edəcək və ödənişimizi geri tələb edəcəyik”.