9-cu Bakı Beynəlxalq Kitab Sərgisi: Yazar və naşirlərin təəssüratları

Əsas odur ki, Oğuz eli bir yerə toplaşmışdı

Həm oxucular, həm də iştirakçılar razı və məmnun görünür

9-cu Bakı Beynəlxalq Kitab Sərgisi gözəl təşkil olunmuşdu

  9-cu Bakı Beynəlxalq Kitab Sərgisi öz işini davam etdirir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
  Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.
  Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur. Noyabrın 11-də açılan sərgi ayın 15-nə kimi davam edəcək.
  Sərgi ilə bağlı təəssüratlarını bölüşən naşir Şahbaz Xuduoğlu deyib ki, Beynəlxalq kitab sərgisi kifayət qədər əhəmiyyətli bir tədbirdir. Sərgidə iştirak edən insanların sayı kifayət qədər çoxdur. Buna ancaq sevinmək olar. 

Xüsusi avtobuslarla metrostansiyaların yanından tələbələr, şagirdlər gəlir. Xarici qonaqların da sayı kifayət qədərdir. Hiss edirəm ki, son illər ölkəmizdə kitaba münasibət xeyli dəyişib. Kitab ətrafında keçirilən mötəbər tədbirlərin sayı mütləq artırılmalıdır ki, insanların marağını bu sahəyə yönəldə bilək.
  Hər gün maraqlı təqdimatların olduğunu vurğulayan naşir müəllimlərə müraciət edərək onları sərgiyə dəvət edib: “Tələbələrinizlə sərgiyə gəlin, kitablar haqqında söhbətlərə qulaq asın, təqdimatlarda iştirak edin. Kitab stendləri önündə şəkillər çəkdirin, stendlərdə düzülən kitabların şəkillərini çəkin, məktəbdə o kitabları təqdim edin. Yəni bir gününüzü kitaba həsr edin.Tədbir çərçivəsində bir çox layihələr nümayiş olunur. Belə layihələrdən biri də “Qanun” Nəşrlər Evinin “Təkərli kitab dükanı” layihəsinin təqdimatı idi. Bu sərgi çərçivəsində "Təkərli kitab dükanı"nın açılışı da baş tutdu”.
  Sərgidə iştirak edən yazar Sevinc Elsevərin də təəssüratları çox xoş olub. Özünün də dediyi kimi əsas odur ki, Oğuz eli bir yerə toplaşmışdı:
"Dostlarla yenidən görüşmək xoş oldu. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi gözəl təşkil olunmuşdu. Əvvəlcə adama məkan uzaq görünür. Ancaq avtobuslar ayrılıb, adamları aparıb-gətirir. Bu çox yaxşıdır. Xeyli maraq gördüm kitaba. Məşhur nəşriyyatların stendlərində böyük izdiham vardı. Məsələn, dünən qızımı aparmışdım "Əli və Nino"nun stendində söykənməyə yer tapmırdıq. Uşaq özünə yer eləyə bilmirdi kitab seçsin. Bu, sevindiriciydi. Bəzi nəşriyyatlara, xüsusən yeni, az tanınan nəşriyyatlara maraq az idi. İnsanlar kitab alırdılar. Ancaq təəssüf ki, həmişəki kimi xarici ədəbiyyata maraq daha çox idi. Bəzi adamlar ümumiyyətlə, sadəcə şəkil çəkdirməyə gəlirdilər. Məncə, oxucuların çəkdirdikləri şəkillərin sayı daha çox idi. Bu da maddiyyatla daha çox bağlıdır. Mən özüm belə kitab alanda qiymətinə baxmalı olurdum. Kitab vardı 30 manatdan yuxarı. Onu artıq ala bilmirdim. Qızıma da demişdim ki, çalış 15 manatdan baha kitabları seçmə”.
  S.Elsevər deyib ki, ingilis, rus dilində kitablar olduqca baha idi. Xüsusən ingilis dilində kitablar. Elə yerli kitablarımız da geri qalmır. Get-gedə onların da qiyməti artır: “Nəşriyyatlar endirim edirdilər, ancaq yenə də adamın gözü qalırdı. Neçə kitabı biz kassadan qaytarıb yerinə qoyduq uşaqla”.
  Yazıçı Cəlil Cavanşir isə deyib ki, bu il sərgi çox əla təşkil olunub. Həm oxucular, həm də iştirakçılar razı və məmnun görünür:
“Xırda qüsurlar olsa da, qonaqların, ziyarətçilərin sayı xeyli artıb. İnanıram ki, növbəti illərdə daha mükəmməl, daha uğurlu sərgilər keçiriləcək. Xüsusilə bu il dəvət edilən qonaqlar, panellərdə çıxış edən yazıçılar və şairlər, müzakirə olunan mövzular daha kreativ və maraqlıdır. Bu baxımdan bu il keçirilən sərgi daha uğurludur. Sərginin əsas əhəmiyyəti kitabın, mütaliə mədəniyyətinin inkişafı və yayılmasıdır”.