Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək.
“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, - katib qeyd edib.
Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir: “Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.