Xəbər verdiyimiz kimi, martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir.
APA konfransa bir neçə gün qalmış namizədliyini rəsmi şəkildə irəli sürən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevin konfrans barədə fikirlərini soruşub.
Aktyorun sözlərinə görə, yeni yaradılan ittifaqa kimin seçiləcəyini yalnız səsvermədə iştirak edən üzvlər təyin edəcək.
“Ona görə də bu barədə nəsə ehtimal irəli sürməyin tərəfdarı deyiləm”.
Xalq artisti konfrans günü sədrliyə başqa namizədlərin də ola biləcəyini istisna etməyib: “Xalq artisti Şəfiqə Məmmədova da namizəddir, eləcə də konfrans günü başqa namizədlər də ortaya çıxa bilər. Bu təbiidir”, – AKİ sədri əlavə edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədovadan da bu mövzuda fikirlərini öyrənmək istəsək də, təəssüf ki, zənglərimizə cavab vermədi.
Xatırladaq ki, fəaliyyətdə olan kino ittifaqları ötən ilin iyununda birləşmələri barədə birgə bəyanat yayıblar.
Bundan sonra xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova yeni yaradılan ittifaqın sədrliyinə namizədliklərini irəli sürdüklərini APA-ya təsdiq ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.