Misirdə “Şuşa – Qafqazın mədəniyyət beşiyi” kitabı nəşr olunub

Misirin paytaxtı Qahirədə Mərkəzi Asiya və Qafqaz işləri üzrə tədqiqatçı Əhməd Abdo Tarabikin “Şuşa – Qafqazın mədəniyyət beşiyi” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, misirli tədqiqatçının kitabı Şuşanın qədim tarixindən, onun mədəni və memarlıq incilərindən bəhs edir.

Misirli müəllif kitabında Şuşanın sənətkarlıq həyatına, qədim ticarət əlaqələrinə də toxunaraq qeyd edir ki, Şuşada toxuculuq və zərgərlik, eləcə də xalçaçılıq sənəti böyük inkişaf yolu keçmiş, Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşmışdır.

Kitabda qeyd olunur ki, 2020-ci il noyabrın 8-də düşmən işğalından azad edilən şəhərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Şəhərdə məscidlər, kilsə, muzeylər, sərgi salonları, abidələr təmir edilir.

Eyni zamanda, kitabda Şuşanın 2021-ci ildə "Azərbaycanın mədəniyyət paytaxtı", 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", 2024-cü ildə isə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə təşkil edilən tədbirlərdən bəhs edilir.

Kitabın həcmi 300 səhifədir.