Cəmiyyət də dezinformasiyalara qarşı etiraz mövqeyini nümayiş etdirməlidir - AKTUAL

"Bu cür hallara qarşı mübarizə prosesində media subyektlərinin və jurnalistlərin üzərinə də mühüm missiya düşür"

Son vaxtlar süni intellekt vasitəsilə hazırlanmış saxta videomaterialların yayılması cəmiyyətdə reallıqla bağlı yanlış təsəvvürlər formalaşdırır. Əfsuslar olsun ki, sünii zəkadan xəbəri olmayan bəzi insanlar bu cür kontentlərin gerçək olduğunu zənn edirlər. Bəzən ölkə liderlərinin “deepfake” texnologiyası ilə nalayiq ifadə və hərəkətlər etdikləri saxta videolar da hazırlanır. Belə məzmunların dövriyyəyə buraxılması ictimai təhlükəsizlik üçün ciddi risklər formalaşdırır. Azərbaycanda “deepfake” texnologiyasına dair ayrıca qanun olmasa da, bu üsulla dövlət rəhbərlərinin və yüksək vəzifəli şəxslərin təhrif olunmuş şəkildə təqdim edilməsi media qanunvericiliyi çərçivəsində qanunsuz hesab edilir.

Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan sistemli şəkildə dezinformasiyalarla hədəfə alınan ölkələr sırasındadır:

“30 il müddətində bu proses Ermənistan və beynəlxalq “erməni şəbəkəsi” tərəfindən idarə olunub. Lakin Ermənistanla münaqişənin bitməsi, ölkəmizə qarşı yönələn informasiya savaşını aradan qaldırmayıb. Əksinə, bu gün Azərbaycana qarşı dezinformasiya yayanların çeşidi daha da artıb. Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, müəllifi olduğu və icra etdiyi regional, qlobal layihələr ölkəni daim dezinformasiyaların hədəfinə çevirir. Bu xüsusda Azərbaycanın rəsmi şəxslərinə qarşı dezinformasiyaların artması gözləniləndir. Problem ondadır ki, rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkə platformalarının çoxalması dezinformasiyanın yayılması üçün daha geniş imkanlar yaradır”.

M.Ələsgərli vətəndaşlara və media nümayəndələrinə saxta kontentlərlə mübarizə aparmaq üçün bir sıra tövsiyələr verib:

“Məhz “deepfake” əsaslı texnologiyalar asanlıqla yaradılaraq sosial şəbəkələr vasitəsilə sürətlə yayılır. Bu isə məqbul olmayan, zərərli, qanun və qaydalara ziddir. Lakin təəssüf ki, süni zəka, artıq günümüzün reallığıdır. Mübarizə aparılsa da, bu cür halları tamamilə aradan qaldırmaq mümkün deyil. Bir sözlə, cəmiyyətimiz bu tip materialların təsirinə düşməməli, onlara qarşı etiraz mövqeyi nümayiş etdirməlidir. Həmçinin vətəndaşlar yalnız legitim media subyektləri tərəfindən yayılan məlumatlara istinad etməlidirlər. Bu cür hallara qarşı mübarizə prosesində media subyektlərinin və jurnalistlərin üzərinə də mühüm missiya düşür. Onlar dezinformasiya olduğu təsdiqlənən məlumat və görüntülər barədə ictimaiyyəti vaxtında məlumatlandırmalı, eyni zamanda rəsmi qurumların mövzuya dair reaksiyalarının auditoriyaya operativ şəkildə çatdırılması üçün səy göstərməlidirlər”.

Aybəniz Səfərova