İttifaqın yenidən qurulması vəd edilirdi, amma dəyişiklik görünmür
"Bəyin oğurlanması" filmindəki məşhur sitat yəqin ki, hər kəsin dilində əzbərdir: “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib...” Amma deyəsən, indi vəziyyət lap qəlizləşir. Müasir dövrdə kino sənayesi həm texnoloji, həm də estetik baxımdan ciddi transformasiya mərhələsindən keçir. Azərbaycan kinosu da bu prosesdən təsirlənir. Lakin mövcud vəziyyət göstərir ki, bu sahədə hələ də ciddi problemlər var. İnkişaf üçün isə düzgün yanaşmaya ehtiyac yaranır. Qarşıdakı suallardan biri də mərhum Xalq artisti Rasim Balayevin yerinə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə kimin gələcəyidir.
Adını çəkdiyimiz filmdə başqa bir sitat da var: “Şəhərdən kino çəkənlər gəlib. Deyir, qabağı ağlamalıdır, axırı gülməli". Kino sahəsində baş verən problemlər, çatışmazlıqlar və qeyri-müəyyənliklər “ağlamalı” tərəfi xatırladır. Lakin bütün bunların fonunda hələ də ümid qalır. Əsas məsələ isə odur ki, bu “senari”nin sonu doğrudan da gülməli yox, uğurlu və nəticəli olsun.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Sherg.az-a məsələyə münasibətini bildirib: "Klassik kino sənəti, kinematoqrafiya hazırda bir neçə ölkədə inkişaf edir. Bunlar ABŞ, Hindistan, Cənubi Koreya, Çin, Türkiyə, İran kimi böyük kino ənənəsi olan dövlətlərdir. Bəzi Avropa ölkələrində də kino var, amma burada söhbət sırf kino industriyasından getmir. Daha çox tanınmış, kino estetikasında yeniliklər gətirmiş, “Oskar” və digər beynəlxalq mükafatlar qazanmış rejissorların yaradıcılığı ətrafında inkişafdan gedir.
Yəni onların bəziləri kino məktəbləri yaradır, bəziləri kino fəlsəfəsini formalaşdırır, bir çoxları isə yeni texnoloji imkanlardan istifadə edərək filmlər çəkir. İnsanların çoxunun kinoteatrlarda oturub saat yarım, iki saatlıq bədii filmə baxmağa həvəsi yoxdur. Bunun üçün o qədər güclü marketinq və reklam aparılmalıdır ki, insanlar yutubda, kompüterdə və ya televiziyada yox, məhz böyük kino zallarında film izləməyə üstünlük versinlər.
Bu baxımdan kino sənətində baş verən hadisələr bizim Kinematoqrafçılar İttifaqında da öz izini qoydu. Bildiyiniz kimi, uzun müddət ittifaq iki yerə bölünmüşdü. Birinə Rasim Balayev, daha əvvəl Rüstəm İbrahimbəyov, digərinə isə Şəfiqə xanım rəhbərlik edirdi. Təxminən 6 ay əvvəl bu təşkilatlar birləşdirilərək vahid Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olundu. Amma bundan sonra da ciddi dəyişikliklər görmədik. Təmtəraqlı vədlər verilsə də, Rasim Balayev kimi unikal bir sənətkar belə gözləntiləri doğrulda bilmədi. Ümumiyyətlə, sovet dövründən qalan yaradıcı birliklərin bu gün hansısa ciddi dəyişikliklərə səbəb olacağına inam çox azdır".
Ekspert bir çox filmlərə maliyyə ayrılması və qrantlar verilməsi məsələsinə də toxunub: "Bu vəsaitlər daha çox qohum-qonşu əsasında bölüşdürüldü və nəticədə ortada ciddi, sanballı filmlər ortaya çıxmadı. Cəfər Cabbarlı adına Dövlət Kinostudiyasının vəziyyəti də hamıya məlumdur.
Son illərdə kommersiya filmləri və seriallar sahəsində müəyyən irəliləyişlər olsa da, ümumilikdə klassik kino estetikasına cavab verən, beynəlxalq mükafatlar qazanan əsərlərlə qarşılaşmırıq. Rasim Balayevə Allah rəhmət eləsin. Bu baxımdan onun vəfatından sonra başqa birinin sədr seçilməsi ilə nəyinsə dəyişəcəyinə inanmaq çətindir. Çox güman ki, katiblərdən biri və ya Şəfiqə xanım sədr kreslosunda əyləşəcək, amma bu da ciddi dəyişiklik yaratmayacaq. Çünki Kinematoqrafçılar İttifaqının nə büdcəsi, nə də real təsir mexanizmi var. Əsas maliyyə və qərarverici güc Kino Agentliyinin əlindədir. O da vəsaitləri istədiyi rejissor və prodüserlərə yönləndirir. Bu vəziyyət vaxtilə tənqid etdiyimiz - İcbari Tibbi Sığorta və TƏBİB-də baş verən proseslərə bənzəyir. Məlum oldu ki, TƏBİB və İcbari Tibbi sığortada ancaq öz qohum-əqrəbalarına maşınlar almaqla, vəzifə verməklə, şirkətlər yaradıb müəyyən dava-dərmanları gətirməklə, pul silməklə məşğul olurdular. Düzdür, müəyyən işlər görülsə də, amma əsasən özləri üçün işləyirlər, xalqa işləmək əvəzinə özlərinə işləyirdilər. İndi də, kino agentliyinin gördüyü işlər buna bənzəyir".
Müsahibimiz bildirib ki, bu gün Kinematoqrafçılar İttifaqının funksiyasının qalıb-qalmadığı sual altındadır: "Demək olar ki, onun artıq real funksiyası yoxdur. Sadəcə “bizim də belə bir ittifaqımız var” demək üçün saxlanılır. Orada çalışanlar dostlarımız olsa da, təşkilatın nə büdcəsi, nə də kino inkişafına real təsiri var. Unutmamalıyıq ki, bu gün belə bir quruma rəhbərlik edəcək şəxs təkcə yaradıcı yox, həm də kino sənayesini bütün mərhələləri ilə bilən biri olmalıdır. Bura istehsal, yayım, marketinq, aktyorların brendləşdirilməsi, beynəlxalq bazara çıxış və s. daxildir. Əgər rəhbər bu sahələri bilmirsə, heç nə dəyişməyəcək. Qonşu ölkələrin təcrübəsinə baxsaq, İran, Türkiyə, Rusiya görərik ki, orada həm kommersiya, həm də müəllif və festival filmləri paralel inkişaf edir. Bir yox, bir neçə prodüser mərkəzi və təşkilat fəaliyyət göstərir, aralarında rəqabət var və dövlət onların hər birini dəstəkləyir".
A.Əbilov bildirib ki, hətta Qazaxıstan və Özbəkistanda da bu model tətbiq olunur: "Buna görə də onların filmləri beynəlxalq festivallarda uğur qazanır. Xüsusilə İran filmləri demək olar ki, bütün festivallarda ön sıralarda yer alır. Bu təcrübədən istifadə etməklə Azərbaycan da müəyyən nəticələr əldə edə bilər".