Özəl telekanallarla bağlı narazılıqlar obyektivdir


Televiziya ən güclü təbliğat vasitəsidir. Çünki milyonlarla izləyici auditoriyası onun əlindədir. Əldə olan bu imkandan dövlətin siyasətini dəstəkləmək, müsbət işləri xalqa çatdırmaq, məlumatlandırmaq, ictimaiyyəti maarifləndirmək televiziyaların bacaracağı işdir. Amma bizim televiziyalar sanki bütün bu vəzifələri unudub, üzərindən xətt çəkərək kənara qoyub. Müstəvidə isə yalnız şou proqramları saxlayıblar. Sanki bu şoular etik qaydalara, əxlaq kodeksinə, milli dəyərlərə, eləcə də insanların hissləri ilə oynayıb əsəb limitini ölçməyə hesablanıb. Hazırda Azərbaycan efirində büdcədən maliyyələşən telekanalları çıxmaq şərtilə, bütün digərləri uçuz, bayağı və ən dəhşətlisi - xalqımızın əsrlərlə qoruyub saxladığı, gələcək nəsillərə ötürməyə çalışdığı milli-mənəvi və ailə dəyərlərini yox etməyə kökləniblər. Hər gün efirlərdə əxlaqdan xaric, insanı diksindirən, ekrana tüpürmək həddinə çatdıran proqramlar yayımlanır. Bu sərsəm gedişə “dur” deyən də yoxdur. Milli Televiziya və Radio Şurası da etiraf edir ki, onlar sadəcə tənqid edə, tövsiyə verə bilər, amma hər hansı tələb qoya bilməz. Çünki bunun üçün qurumun yetərli səlahiyyəti yoxdur: “Heç nə edə bilmirik. Səlahiyyətimiz yoxdur”. Bəs necə olsun, izləyici pula görə mənliyini, milli dəyərlərini heçə sayan bir qrup adamın girovundamı qalsın?!  

Mövzunu gündəmə gətirən səbəb son zamanlar çox izlənən, tamaşaçı auditoriyası formalaşmış, yəni perspektivli görünən ARB telekanalında xoşagəlməz halın yaşanması oldu. Telekanalda yayımlanan “Sayqa ilə” verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında şoka saldı. Bu barədə bir neçə gündür müzakirələr gedir. Hadisəni qısaca xatırladaq ki, oxucuya aydın olsun. Proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib. İfaçının qarşısında diz çökən 24 yaşlı gənc "Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə "yox" desəniz, ömrümün sonuna qədər evlənməyəcəm" - deyib. "Yox" cavabı alan oğlan ağlamağa başlayıb və “ürəyi gedərək”, yerə yıxılıb. Sonra İTV telekanalı verilişi “parodiya” edib. ARB TV-nin efirində müğənni Afaq Aslana evlilik təklif edən gənc oğlan bu dəfə “3D” verilişində Dadaş Dadaşlinskinin katibəsi Lyubaya evlilik təklif edib. “Səni ilk gördüyüm gündən heç ağlımdan çıxmırsan, Lyuba. Sənə görə hər şeyimi, hətta əzizlərimi də qurban verməyə hazıram. Mənimlə evlənərsən?” deyə, oğlan bildirib. Lyubanın “Sən həmin sözləri dünən ARB-də demirdin” sualına “Burada da yox desəniz, Real TV-yə gedəcəm” sözləri ilə cavab verib. Daha sonra verilişdə qonaq olan Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və ARB TV-nin aparıcısı Anar Nəcəfli efirlə sağollaşarkən sözügedən gənc yerdə uzanıqlı şəkildə olub. Lyuba həmin şəxsə yaxınlaşaraq “Ay oğlan, veriliş bitdi, dur. Qonorarını mühasibatlıqdan alarsan” deyə, söyləyib. 

Bunu oxuyanda “Bəxtiyar” filmi yada düşür. Klub müdiri Ağabalanın xalalarını, bacıoğullarını yığıb fövqəladə iclas çağırır. İTV-nin 3D proqramında Lyubanın “sən bu sözləri dünən ARB-də demirdin” sualı da Ağabalanın xalasının “sən bu sözləri Gülzar xalana da demisən?” söyləməsinə oxşayır. İstər dünya kino tarixi, istərsə də televiziya məkanı olsun, tamaşaçı yaxşını-pisdən ayırmağı həmişə bacarıb. Gülüş də mənalı olmalıdır, kədər də dərin məna daşımalıdır. Bizim televiziyalarda isə yalnız günlük proqramlara üstünlük verilir. Onları düşündürən “Bu gün hansı verilişdən, kimdən nə qədər qazanacağıq” məsələsidir. Ona görə də yüngül mövzular qoyulur, gözümüzü yağır eləmiş müğənnilər efirlərdə ekspertlik edirlər. Bəzisi də sponsoruna arxalanıb efirdə “pərəstişkar”ını yerə uzandırır. Ya da Andrey Malaxovun verilişlərinin birini hind kinosunun ulduzu Xema Maliniyə həsr etdiyi düşür. Proqrama bir neçə nəfər fanat dəvət edilmişdi. Biri rəssam idi, aktrisanın portretini çəkmişdi, hədiyyə etdi. O biri ona həsr etdiyi şeiri dedi, digəri aktrisanın rol aldığı filmlərdəki mahnıları hind dilində ifa edirdi. Aktrisa təsirləndi və dedi ki, Rusiyada sevildiyini bilirdi, amma bu qədərini gözləmirdi. Andrey Malaxovun verilişi də şou-proqramdır. Orada niyə şit hərəkətlər, bayağı davranışlara yer verilmir? Gərək anormallıqların hamısı bizim efirlərdə olsun?! Özünü top-model kimi təqdim edən birisi efirə çıxıb dəyərlərə meydan oxuyur, heç kim, heç bir qurum da reaksiya vermir, biabırçılığın qarşısını almır. Milli Teleradio Şurası “qarışa bilmirik” deyib yaxasını kənara çəkir. İTV-dəki “3D” proqramı da tənqidlərə tuş gəlir. Ona görə də əksəriyyət hesab edir ki, Milli Teleradio Şurasına əlavə səlahiyyətlər verilməlidir. Çünki cəza olmayanda özbaşınalıq ayaq tutub yeriyir. 



Azər Həsrət: “Vəziyyətdən çıxmaq üçün MTRŞ-nin səlahiyyətlərini bir qədər genişləndirmək lazımdır”


Dəfələrlə gündəmə gəlmiş problemin həlli yolları ilə bağlı “Şərq”ə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət düşünür ki, İTV-nin “3D” verilişində efirə getmiş məlum səhnədə ironiya var. Onun sözlərinə görə, verilişə baxan hər kəs anlayır ki, başqa televiziya kanalında efirə getmiş həmin hadisə tamamilə quramadır:

“İTV-dəki o kadrlar məhz bunu faş etmək üçün hazırlanmışdı. Cəmiyyətə mesaj ötürüldü ki, belə şeylərə çox da bənd olmasınlar. İTV və AZTV son vaxtlar çox ciddi şəkildə keyfiyyət dəyişikliklərinə gedirlər. Həqiqətən də verilişlərin keyfiyyəti, xüsusən də intellektual səviyyəsi könül açandır. Məsələn, iki həftədir İctimai Televiziyada efirə gedən “Ötən günlər” verilişinə tamaşa edirəm. Proqrama Nailə İslamzadəni cəlb ediblər. Belə proqramlar insana, şəxsən izləyici kimi mənə ləzzət edir. Çünki ailə ilə birgə oturub baxa bilirsən. Adam həm maariflənir, həm də gözü-könlü xoş olur. Amma özəl kanallar daha çox kommersiya maraqları güdürlər, yəni pul qazanmaq haqqında düşünürlər. Problem ondadır ki, özəl kanallar pul qazanmasa, ayaqda qala bilməyəcəklər. Ona görə də birmənalı şəkildə özəl kanallara yüklənə bilmərik. Əgər özəl kanallarda bizim düşük dediyimiz aşağı keyfiyyətli proqramlar, hətta xalq arasında “bozbaş” deyilən verilişlər efirə gedirsə və digər ciddi proqramlardan daha çox izləyici toplayırsa, deməli, bizdə auditoriya problemi də var. Yəni izləyicilərin səviyyəsi də normal deyil. Məhz insanlar o tipli verilişlərə baxdıqları üçün həmin proqramlar daha çox auditoriya toplaya bilirlər. Nəticə etibarı ilə özəl kanallar səviyyəsiz adlandırdığımız proqramlara üstünlük vermək məcburiyyətində qalırlar. Düşünürəm ki, özəl kanallar böyük ölçüdə intellektual verilişlərə üstünlük verməkdə maraqlıdırlar. Lakin auditoriya problemi olduğuna görə, məcbur olurlar ki, o cür verilişlərə yer versinlər”. 
A.Həsrət vəziyyətdən çıxış yolunun olduğunu da söyləyib: “Vəziyyətdən çıxmaq üçün MTRŞ-nin səlahiyyətlərini bir qədər genişləndirmək lazımdır. Türkiyədə televiziya kanallarına nəzarət edən RTÜK adlı qurum var. Bu təşkilat çox geniş səlahiyyətlərə sahibdir. Hətta istənilən televiziya kanalının müəyyən vaxt ərzində yayımının dayandırılması, ona müvafiq cəza verilməsi və s. məsələlərdə geniş hüquqlara malikdir. Ancaq bizim MTRŞ-nin belə imkanları yoxdur. O səbəbdən Şuradan nəsə tələb etmək ədalətli olmaz. Təklif odur ki, MTRŞ-yə əlavə səlahiyyət verilsin”. 
Jurnalist radioların televiziyalardan daha bərbad olduğunu bildirib: “Çox hallarda dinləmək üçün münasib radio tapa bilmirik. Bir də görürsən, hansısa radioda ingilis dilində mahnı gedir və mahnıda açıq-aşkar küçə söyüşləri səsləndirilir. Musiqini efirə verən aparıcı ingilis dilini bilmədiyi üçün mahnının sözlərindən bixəbər olur. Musiqi yaxşıdır deyib efirə verirlər, halbuki orada çox ədəbsiz ifadələr işlənir və efirə də o cür gedir. Bunun həlli üçün Şuraya geniş səlahiyyətlərin verilməsi zəruridir”. 

A.Həsrətin fikrincə, televiziya sahibləri arasında bu məsələnin izahatı daha qətiyyətli aparılmalıdır:

“Xatırlayıram, bir müddət öncə Beynəlxalq Mətbuat Evində televiziya rəhbərlərinin iştirakı ilə bu məsələlər müzakirə olundu. Mən orada çıxış etdim və fikirlərimi səsləndirdim. Hamı alqışladı və dedilər ki, əla fikirlərdir. Amma təkliflərim elə orada da qaldı. Heç bir televiziya rəhbəri gedib o məsələləri tətbiq etmədi. Çünki onların üzərində nəzarət yoxdur. Digər tərəfdən kommersiya maraqları onları o qədər sıxır ki, milli-mənəvi dəyərlərdən vaz keçmək məcburiyyətində qalırlar”.



İlham Quliyev: “Telekanallarda problemlərin olduğu ən yüksək səviyyələrdə belə etiraf olunub”


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə “Şərq”ə açıqlamasında bildirib ki, televiziyalarda, xüsusən özəl telekanallarda ciddi problemlərin olması ilə bağlı narazılıqlar obyektivdir:

“Telekanallarda problemlərin olduğu ən yüksək səviyyələrdə belə etiraf olunub. Ancaq hesab edirəm ki, inzibati üsullarla, sərt cəza metodları ilə televiziyalardakı mövcud problemi həll etmək mümkün olmayacaq. Problemin həlli üçün rəqabət mühiti formalaşmalı, ən əsası isə ortada yaxşı nümunələr olmalıdır. Fikrimcə, dövlət büdcəsindən maliyyələşən AZ TV və İTV-də kifayət qədər nümunələr mövcuddur. Son vaxtlar hər iki telekanalda nəzərə çarpan, cəmiyyət tərəfindən normal qarşılanan dəyişikliklər və yeniliklər var. Bu nümunələr göstərir ki, efirlərdə insanları narahat edən problemlərin həlli başqa vasitələrlə də çözülə bilər. Məncə, televiziyalarda üzləşdiyimiz mənzərəni müsbət nümunələrlə, yaradıcı mühiti daha da təkmilləşdirməklə, eyni zamanda əlavə maliyyə resursları cəlb etməklə həyata keçirmək mümkündür. İnzibati resursları işə salmaqla gəlirləri çox olmayan özəl telekanallarda keyfiyyət dəyişikliyinə nail olmaq mümkün görünmür. Ona görə də çalışmaq lazımdır ki, inzibati resurslardan qaçaq”.  

Baş redaktorun sözlərinə görə, əgər ümumilikdə MTRŞ-nin səlahiyyətlərini artırmağa ehtiyac varsa, o, bunun əleyhinə deyil. Gələcəkdə bu məsələyə baxmaq olar:

“Televiziya çox həssas sahə olduğu üçün dövlət nəzarətinin təmin olunması zəruridir. Ümumiyyətlə, reklam qanunvericiliyinə əməl edilməsi, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ciddi addımların atılması vacibdir. Televiziya kanallarının sayı çoxaldıqca, izləyici auditoriyası da genişlənir. Problemlərin həlli üçün MTRŞ-yə əlavə səlahiyyət verilməsi lazımdırsa, bunu etmək olar. Bədii şuraların müsbət tərəfləri var. Xüsusən, özəl telekanallarda yayıma daxili nəzarət edən bir qurumun olması faydalı olar. Amma şuraların fəaliyyəti və tərkibi çox önəmlidir. Şura üzvləri cəmiyyətdə sözü keçən, yaxşı zövqü olan və televiziya sahəsini bilən adamlardan təşkil olunmalıdır”.