İP uğrunda amansız mübarizə: Saytların biri-birini qabaqlamaq arzusu peşəkarlığı arxa plana keçirib

“Azərbaycan ədəbi dilinin qaydaları tez-tez pozulur. Biz həm yazı nümunələrində, həm də şifahi nitq zamanı bunun şahidi oluruq”.  Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 

JAM sədri bildirib ki, internet medianın inkişafı bu sahədə dözülməz vəziyyət yaradıb: 

“İP uğrunda amansız mübarizə, saytların biri-birini qabaqlamaq arzusu peşəkarlığı arxa plana keçirib. Durğu işarələrindən yerində istifadə edən qələm adamlarının sayı sürətlə azalır. Özünü yazıçı, şair, jurnalist sayan xeyli adam var ki, ən sadə sözləri belə düzgün yazmağı bacarmırlar. Savadsız, yekəxana, yaltaq bir qrup təkcə mənəviyyatımızı deyil, həm də ədəbiyyatımızı zibilləməklə məşğuldur. Başqa sahələrdə uğur qazana bilməyənlər özlərini jurnalistikada sınamağa başlayıblar. Bəzən yanımızdan ötüb keçən adamın cibində iki sayt "gəzdirdiyindən" xəbərimuz olmur. Vaxtilə çap mətbuatını hörmətdən salanlar indi də internet mətbuatını nüfuzdan salırlar. Açıq demək lazımdır, bir qrup dələduz media mühitimizi zibilləməklə məşğuldur. Bunun ən böyük zərbəsi Azərbaycan dilinə dəyir”. 



Seymur Verdizadə: "Savadsız, yekəxana, yaltaq bir qrup təkcə mənəviyyatımızı deyil, həm də ədəbiyyatımızı zibilləməklə məşğuldur"


S.Verdizadə vurğulayıb ki, sosial şəbəkə iştirakçıları da bu prosesə öz "töhfələrini" verir: 

“Alimdir, 15 kitabı çıxıb, amma yazdığı statusu təkrar oxuyub, ordakı səhvləri düzəltmək zəhmətinə qatlaşmır. Təəssüf ki, bu adamlar gənclərə yaxşı nümunə ola bilmirlər. Azərbaycan dilinə sözün həqiqi mənasında qəsd edən başqa bir qrup isə telekanallarda "məskunlaşıb". Tam məsuliyyətlə deyirəm, televiziya aparıcılarının yarısından çoxu Azərbaycan ədəbi dilinin normalarından xəbərsizdir. Ləhcə ilə danışan aparıcılar efirlərdən düşmürlər. Uşaqlar ana dilimizi pencəyə "pəncək" deyən aparıcılardan öyrənirlər. Bu adamlara ana dilimizi öyrədib, sonra efirə buraxmaq lazımdır. Belə həssas bir dönəmdə "Grammar Azı" kimi səhifələrin fəaliyyətə başlaması müsbət haldır. Amma bu işlə təkcə bir qurum, bir səhifə məşğul olmamalıdır. Bütün savadlı adamlar Azərbaycan dilinin saflığının qeydinə qalmalıdlr”.

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində “Grammar Azi” adlı səhifə yaradılıb. Vurğulanıb ki, internetdə “Grammar Nazi” (qrammatika nasisti və ya nasistləri) adlanan bir anlayış var. Adından da göründüyü kimi, burada əsas göstərici müxtəlif yazılarda qrammatik qaydalara riayət olunmasının tələb edilməsidir. Tələbin sərtliyi addakı “nasist” sözündən bilinir. “Azi” sözü isə Azərbaycan dilinə işarə olunur. “Grammar Azi” səhifəsi mütəmadi olaraq, sosial şəbəkələrdə, mətbuatda, müxtəlif obyektlərin adlarında yol verilmiş dil qüsurlarının görüntülərini paylaşmaqla yanaşı, mübahisəli sözlərin düzgün yazılışı haqda da məlumat verir.