Xəbəri, hətta yalan olsa da, birinci yaymaq uğrunda mübarizə gedir
Ekspert hesab edir ki, hansı şəraitdə olursa-olsun jurnalist peşəkarlığını qorumalıdır
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransı keçirilir. Tədbiri ATƏT-in Media Azadlığı Ofisi təşkil edib.
İki gün davam edəcək konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələr mediada normativ-hüquqi bazalar, əməyin təhlükəsizliyi və yeni media texnologiyaları ilə bağlı məsələləri müzakirə edəcəklər. Toplantıda regionda media azadlığı, informasiyanın keyfiyyəti, jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmi mövzularına həsr olunan dörd panel sessiyası təşkil olunacaq.
Azərbaycanı regional konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, müstəqil jurnalistlər və media ekspertləri təmsil edirlər.
Konfransda iştirak edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalistlərə açıqlamasında bildirib ki, Cənubi Qafqaz ölkələrində medianın rolunun gücləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bölgədə siyasi dəyişikliklər baş verir: “Regionda media azadlığının inkişafı, plüralizmin təmin olunması və müvafiq qanunvericiliyin gücləndirilməsi yolu ilə demokratiyada irəliləyiş əldə etmək olar”.
A.Dezir Cənubi Qafqazda son illərdə media və internet azadlığı ilə bağlı həyata keçirilən islahatların gələcəkdə daha da gücləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.
“Şikayətlərin çoxu saxta xəbərlərlə bağlıdır”
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, şuraya daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlı olur.
Bu cür xəbərlərin yayılmasına bəzən bilərəkdən yol verilir: “Bəzən isə saxta xəbərlər bilməyərəkdən və peşəkarlığın çatışmazlığına görə yayılır. Mətbuat Şurasında bu məsələ müzakirə olunur və təqdim etdiyimiz təkliflərdə bu problemin aradan qaldırılması yollarını müəyyən edirik. Jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, xəbərlərə sayğı ilə yanaşsınlar və yoxlamadan onları cəmiyyətə çatdırmasınlar”.
Şura sədri vurğulayıb ki, Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır. “Bizim jurnalistika peşəkardır və ölkədə baş verən olayları operativ və obyektiv olaraq cəmiyyətə ötürür. Azərbaycan mediası həmçinin ölkə ilə bağlı xəbərlərin dünyada yayılmasında ən demokratik institutlardan biri kimi çıxış edir”.
Əməkdar jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında bu səpkili tədbirlərin media üçün əhəmiyyətli olduğunu dedi:
- Bu cür tədbirlər ölkəmizdə medianın durumunu qonşu ölkələrə nümayiş etdirmək baxımından önəmlidir. Belə tədbirlərdə biz ölkəmizin xeyrinə olan informasiyaların yayılmasını, Azərbaycanın haqq davasının media nümayəndələrinin diqqətinə çatdırılmasını təmin edə bilərik. Lakin çalışmalıyıq ki, müzakirələr zamanı fikirlərimiz, mövqeyimiz aydın olsun və yalnız Azərbaycanın dövlətçilik maraqlarına xidmət etsin. Sərrast düşüncə arzuolunan nəticənin əldə edilməsində tutarlı vasitədir.
Xəbər yayımında əsas tələb dəqiqlikdir
Mətbuat Şurası sədrinin konfransda qaldırdığı problem təkcə bizim üçün deyil, bütün ölkələrin media quruluşları üçün xarakterikdir. Hazırda dünyamız sabun köpüyü bənzəri informasiyalara aludədir. Ciddi xəbərlərin oxunma sayı ilə yüngül məzmunlu xəbərlərin oxunma sayı arasında, təəssüf ki, ikincilər üstünlük təşkil edir. A.Həsrət Əflatun Amaşovun toxunduğu problemin aktual olduğunu dedi:
- Hansısa bir hadisə baş verdikdə hamı xəbər almaq istəyir. Və təbii ki, dərhal xəbər yayıcılarına, informasiya saytları və sosial mediaya «baş vurulur». Amma əlüstü çatdırılan xəbərlərin dəqiqliyi də şübhə altındadır. Bu da bir reallıqdır ki, media xəbərin tez çatdırılmasında maraqlıdır. Bəzən yayılan xəbərin dəqiqliyinin fərqinə varmadan tələskənliyə yol verilir. Jurnalist peşəkarlığı məhz belə şəraitdə üzə çıxır. Xəbəri hamıdan tez, operativ yaymaq əsasdırmı, yoxsa, xəbərin rəsmiliyini, dəqiqliyini gözləyib, bir qədər gec olsa da, dəqiqliyə, dolğunluğa üstünlük vermək? Peşəkarlar həmişə ikincini seçir. Xəbəri yaymaqda hamını qabaqlayıb, sonradan düzəliş, hətta təkzib etməkdənsə, səbirli olub dəqiqləşmiş, dolğun informasiya yaymağı üstün tutur. Günümüzdə onlayn media bu səbir və gözləmə mövqeyini bəyənmir. Xəbəri birinci yayan kimdirsə, irəlidə odur, prinsipi ilə hərəkət edirlər. Məsələn, kriminal xəbərin xüsusi ötürülmə qaydası olmalıdır. Kriminal xəbər elə formada cəmiyyətə çatdırılmalıdır ki, təhrik və təqlidə yox, baş vermiş hadisədən, əksinə, doğru nəticə çıxarılmasına yönəlsin. Bunun özü də xüsusi bir bacarıq tələb edir.
Əhalinin informasiya, xəbər əldə etmək istəyi tamamilə təbiidir. Belə vəziyyətdə etibar edilən mənbə olmaq isə çox çətindir. Bu da media mənsublarının, jurnalistlərin üzərinə düşən məsuliyyətdir.
Media hər hansı fövqəladə halda ictimaiyyətin xəbər sarıdan qıtlıq çəkməməsinə çalışır. Lakin bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir. Jurnalistin peşəkarlığı bu zaman üzə çıxır. Əsl jurnalist odur ki, davranış qaydalarına və peşə kodeksinə əməl edə bilsin. Təkcə operativliyi deyil, dəqiqliyi də qoruyub saxlasın. Amma görürük ki, xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə gedir, saxta, heç bir əsasa söykənməyən xəbərlər də belə ortaya çıxır. Qarşı tərəfin narazılığı da tamamilə haqlıdır.
Halbuki, xəbər yayımında əsas prinsip dəqiqlik, əsaslılıq və rəsmi mənbələrə istinaddır.
Saxta xəbər yayımını dəqiqlik aradan qaldıra bilər
A.Həsrət bu fikirdədir ki, hansı şəraitdə olursa-olsun jurnalist peşəkarlığını qorumalıdır:
- Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir. Burada bəzi media quruluşlarında çalışanların qeyri-peşəkarlığı rol oynayır. Jurnalistin istənilən halda peşəkarlığını itirməməsi vacib şərtdir. Ciddi jurnalistikanın necə davranmalı olduğu məlumdur. İstər siyasi və ya sosial xəbər olsun, istərsə də şou-biznes xəbərləri, vətəndaşların şəxsi həyatı ilə bağlı xəbərlər, ya da işgüzar nüfuza xələl gətirəcək xəbərlər, jurnalist hər bir situasiyada yalan, doğrulmamış, təsdiqlənməmiş məlumatlar yaymamalıdır. İnformasiyanı dəqiqləşdirdikdən sonra yaymalıdır. Bu, birmənalıdır və müzakirə olunacaq tərəfi də yoxdur. Amma xəbər yayımının kriteriyaları da var. Kriteriya nədir? Əgər məlumat gizlədilirsə, media yayacağı məlumatın təsdiqlənməmiş olduğunu vurğulamaqla, əldə etdiyi informasiyanı yaya bilər. Lakin bir daha təkrar edirəm, o, məlumatın təsdiqlənməmiş olduğunu bildirməlidir. Jurnalist bütün hallarda etik davranış normalarını pozmamalıdır. Hamının ailəsi var. Ümumiyyətlə, ölüm, intihar, hansısa bədbəxt hadisələr, faciələrlə bağlı xəbərlərin tirajlanmasında hədsiz həssas davranılmalıdır. Xəbərçilikdə əsas məqsədə baxılmalıdır. Məqsəd doğrunun üzə çıxmasına xidmət edirsə, o xəbəri vermək olar. Tutalım, xilasetmə qurumu məlumat vermir. Bu halda məlumatları ailələrdən, dostlardan əldə etmək olar. Amma yenə də bu xəbərlərin təsdiqlənməmiş olduğu bildirilməlidir.
Əsl jurnalist cəmiyyətin maraqlarını daim nəzərə almalıdır. Cəmiyyət üçün təhlükə yarada biləcək xəbərlərin tirajlanmasında hədsiz diqqətli olmaq lazımdır. O xəbərlər cəmiyyəti təhdid edəcək tərzdə yayılmamalıdır. Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Gözlənilməz situasiyalarda informasiya heç vaxt birtərəfli qaydada, yalnız bir tərəfin mənafeyi nəzərə alınaraq verilməməlidir. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmamalıdır.
Bununla belə jurnalistin peşəsini icra etməsinə maneə yaradılmamalıdır. Jurnalistin üzərinə qoyulan vəzifə xəbər əldə etmək və yaymaqdır. Amma xəbərin necə əldə edilməsi və yayılma forması da bir o qədər önəmlidir. Peşəkarlıq da məhz belə şəraitdə önə çıxır. Məlumatın yayılması tərəfləri incitmirsə, peşəkarlıq budur. Jurnalistlərimiz bunu nəzərdən qaçırmamalıdır. Əgər biz saxta xəbərlərin, əsassız informasiyaların yayılmasını minimuma endirmək istəyiriksə, doğru informasiyaların cəmiyyətə çatdırılmasına çalışmalıyıq. Dəqiqlik saxtalığı aradan qaldıra bilər.
Bəlli həqiqətdir ki, hansı xəbər çox yayılırsa, insanların düşüncəsini o xəbər zəbt edir. Məsələn, kriminal xəbərlərin sürətlə tirajlanması cəmiyyətə nə vəd edir? Bir halda ki, sonda cinayət tərkibli əməl var, burada cəmiyyət üçün hansı müsbət tərəfdən söhbət gedə bilər? Biz cəmiyyəti neqativ hallardan, kriminal ünsürlərdən qorumalıyıq. Bu işdə də medianın üzərinə böyük məsuliyyət düşür. Peşəkarlığın əsasında isə jurnalistika qanunları, peşə davranışlarını bilmək dayanır. Jurnalist qanunları bilməli və onlara riayət etməlidir. Jurnalistin işi bu zaman asan olur və o, öz vəzifəsini rahat yerinə yetirir. Sizə deyim ki, peşəkar jurnalistlər xəbər yayımında çətinliklərlə demək olar üzləşmir. Peşəkarlara kimsə irad tutmur, xəbərdarlıq etmir. Amma o şəxslər ki, jurnalistikadan xəbərsizdirlər, peşə normalarını, qaydalarını bilmirlər, o adamlara xəbərdarlıq da edilir, müəyyən problemlərlə də qarşılaşırlar. Jurnalist bilməlidir ki, dövlət sirri, hərbi sirr təşkil edən, dövlətin mənafeyinə zərər vura biləcək informasiyaları yaymaq qadağandır. Kütləvi informasiya vasitələri azadlığı özbaşınalıq demək deyil. Söz və mətbuat azadlığı nə peşə qarşısında məsuliyyəti azaldır, nə də dövlət və cəmiyyət qarşısındakı məsuliyyəti. Peşəkar jurnalistlər informasiya əldə etmək və yaymaq hüquqlarını bu şərtlərlə uzlaşdıra bilir. Hər peşədə olduğu kimi jurnalistikada da meyarlar var. Bir informasiyanı yayarkən onun nəyə səbəb ola biləcəyi diqqətə alınmalıdır. Bəzən bir informasiya sonrakı xoşagəlməz, hətta faciəli hadisələrə də yol açmaq gücündədir. Digər tərəfdən, biz nəzərə almalıyıq ki, Azərbaycan münaqişə və müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan kimi məkrli bir qonşumuz var. Bəzən düşünülmədən yayılmış hansısa informasiya düşmən mətbuatı üçün göydəndüşmə olur. Bu informasiyadan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırırlar. Hər bir ölkənin strateji maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları və mənafeyi var. Vətəndaş olaraq hər birimizin vəzifəsi öncə bu maraqlardan çıxış etməkdir.