Ekspert isə hesab edir ki, bu halların qarşısını qanunun tələbləri ilə almaq mümkündür
Milli Televiziya və Radio Şurasının yerli televiziya və radio kanallarının rəhbərləri ilə görüşündə teleradio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları müzakirə edilib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən, qanunvericiliyin tələblərinin xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.
Şura sədri, 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə riayət olunması məsələsində yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyini önə çəkib.
Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda müxtəliflik və çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.
Televiziyalarda reklamla bağlı vahid qayda tətbiq olunmalıdır
“Reklam haqqında” qanun qəbul olunsa da, televiziyalarda reklam problemi həllini tapmır. MTRŞ sədri televiziya kanallarında "Reklam haqqında" qanunun tələblərinin pozulması faktlarına rast gəlindiyini dəfələrlə bildirib və lazımi tədbirlər görüləcəyini deyib. Qeyd edək ki, bu sahədə mütəmadi monitorinqlər də aparılır. Televiziya kanallarının fəaliyyətində çox ciddi və kobud pozuntulara rast gəlinməsə də, bəzi hallarda telekanallar reklamla bağlı qanun pozuntularına yol verirlər. Şura bununla bağlı əvvəlcə telekanallara şifahi xəbərdarlıq edir. Məsələn, qanunun tələblərinə görə teleserialların nümayişi zamanı arada verilən reklamların sayı çox olmamalıdır. Amma bir də görürsən ki, 90 dəqiqəlik teleserialın nümayişi zamanı 3-4 dəfə reklam fasiləsi edilir. Qanuna əsasən 1 saat ərzində reklam 12 dəqiqədən artıq olmamalıdır. Buna riayət edilməməsi qanun pozuntusudur. MTRŞ bu cür qanun pozuntularına qarşı zəruri addımlar atmalıdır.
Milli Televiziya və Radio Şurası "Reklam haqqında" qanunu pozan televiziya kanalları ilə bağlı ciddi tədbirlər görmək məcburiyyətindədir. Bəzi televiziya kanallarına bununla bağlı xəbərdarlıqlar da edilir. “Reklam haqqında” Qanunun tələblərini pozan teleyayımçılar barədə tədbir görülməlidir.
MTRŞ sədri bu fikirdədir ki, televiziya kanallarında reklam vaxtı səsin yüksəlməsi qaydalarına da riayət edilməlidir. Televiziyaların hamısında reklamla bağlı vahid qayda tətbiq olunmalıdır. MTRŞ sədri qeyd edir ki, reklamları televiziya kanalları özləri çəkmirlər, reklam şirkətləri çəkir. Təbii ki, televiziya kanalları reklamları alarkən bu məsələlərə diqqət yetirməlidir. Azərbaycan qanunvericiliyində bununla bağlı xüsusi maddələr yoxdu, amma vahid bir proqram siyasəti olmalıdır və səslər də ona uyğunlaşdırılmalıdır.
Reklam vaxtı ekranın aşağısında reklam müddətini göstərən subtitr olması məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edir ki, bu, televiziya kanallarının özünə aid olan məsələdir, onlar özləri bunu verib-verməməyi müəyyənləşdirir.
Sosial reklam çox ciddi məsələdir. Son zamanlar nazirliklərdən televiziya kanallarına çoxlu reklamlar daxil olur ki, onların sosial reklam kimi verilməsini istəyirlər. Bu isə qanunvericilikdə öz həllini tapmayıb.
“Televiziya və radio haqqında” Qanunda göstərilir ki, 1 saatda telekanal 12 dəqiqə reklam verir. Əgər o reklamın içərisində sosial reklam da gedirsə, televiziya kanalları bunda ancaq uduzurlar. Çünki onlar, xüsusilə özəl telekanallar, öz fəaliyyətlərini yalnız reklam üzərində qururlar.
Bunları nəzərə alaraq sosial reklamların verilməsi məsələsi də qanunvericiliklə tənzimlənməlidir.
Dövlət büdcəsindən maliyyələşən kanallarda, xüsusilə AzTV və İTV-də sosial reklamlara geniş yer verilməlidir.
Reklam şərtləri niyə pozulur?
Televiziya mütəxəssisi Zeynal Məmmədli hesab edir ki, reklam şərtlərinin pozulması hallarının qarşısını «Reklam haqqında» qanuna istinad edərək, birbaşa qanunun tələbləri ilə almaq mümkündü. Ancaq, bu, çox zaman mümkün olmur. Sosial reklamlar əsas reklam vaxtına daxil edilir, heç bir telekanal pulsuz sosial reklam vermir. Heç kim onları buna məcbur da etmir.
Tutalım, özəl telekanallar pulsuz reklam verməməklərini biznes maraqları ilə «izah edir», halbuki bütün telekanalların kifayət qədər gəlirləri var. Çünki bütün verilişlər sponsorlar tərəfindən maliyyələşdirilir. Hansı verilişə baxsaq, orada iki-üç, hətta 5-6 və daha çox sponsor olduğunu görərik. Proqram boyu aparıcılar sponsorları reklam etməklə məşğul olur. Proqramların az qala yarısı sponsorların, reklam olunan məhsulların tərifi ilə keçir. Həm məhsullar reklam olunur, həm də sponsorlar. Nəticədə sponsorluqla reklam arasında fərq qalmır. Sponsorlar daha çox reklam olunur, nəinki reklamlar. Bu mənada özəl telekanalların da «pulsuzluqdan» şikayət etməsi absurddur. Amma Az.TV və İTV kimi sırf dövlət büdcəsindən maliyyələşən televiziyalarımız da var. Onlar ödənişsiz sosial reklamlar verməlidir. Televiziyaların maliyyə qaynaqlarının şəffaflığı təmin edilməli, pulların nəyə xərcləndiyi bilinməlidir.
Reklam çarxlarının dilinə önəm verilməlidir
Telekanalların reklam şərtlərini pozması dəfələrlə müzakirə olunub. Gizli reklamlarla bağlı məsələyə diqqət çəkilib. Bəzən filmlərin nümayişi, televiziya verilişlərinin yayımı zamanı tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı da aparılır. Belə hallara qarşı nəzarət gücləndirilməli, onların qarşısının alınması üçün mütəmadi monitorinqlər aparılmalıdır. Yerli telekanalları azacıq izləmək kifayət edir ki, yayım qaydalarının da, reklam şərtlərinin də ciddi şəkildə pozulduğu görünsün. «Ürəkgetmələr» və «toy-bayram» üzərində «oturuşmuş» Azərbaycan telekanallarından imtina edib xarici telekanalların daimi izləyicisinə çevrilmiş adamlar bilir ki, istənilən verilişdə hər hansı bir malın üstün keyfiyyətləri sadalanırsa, bu , artıq reklamdır və ekranın bir küncündə mütləq «R» işarəsi görünməlidir. Məsələn, Türkiyə televiziyaları reklam qaydalarına ciddi əməl etmək məcburiyyətindədir. Əks halda “RTÜK” (Türkiyə teleradio yayımına nəzarət edən qurum) telekanalları ciddi şəkildə cəzalandırır.
Türkiyənin artıq şou kanalı kimi bir xeyli məşhurlaşmış və populyarlaşmış TV 8 kanalında yayımlanan bütün proqramlarda hər hansı mal və məhsulun reklamı zamanı ekrana «R» işarəsi qoyulur. Dünyaca məşhur aparıcı Acun Ilıcalı reklam şərtlərini pozmağı ağlından da keçirmir. Çünki qayda-qanunu bilir və onlara sayğılı davranır. Bizimkilər isə bir balaca «məşhurlaşan» kimi qanun-qaydanı çeynəmək yolu tuturlar. Bizim telekanallarda isə dərman preparatlarından tutmuş geyim, yaxud hər hansı digər məhsullar açıq-aşkar reklam edilir, ancaq «R» işarəsini qeyd etmək kimsənin yadına düşmür. Eləcə də, spirtli içkilərin reklamı gedir və burada da qayda pozuntusuna görə bir kimsə cəzalandırılmır. Milli teleseriallarda da reklam qaydalarının pozulmasının şahidi oluruq. Serial qəhrəmanları içki içir, siqaret tüstülədir, amma qaydalara rəğmən bu epizodlar işarələnmiş verilmir. Örnəyi yenə Türkiyə televiziyalarındandır. Türkiyə televiziyalarında nəinki son dönəm çəkilmiş dizilərdə, hətta 70-ci illərin filmlərinin nümayişi zamanı da siqaret çəkmələr, içki şüşələrinin üzəri xüsusi işarə ilə qapadılır. Obrazların alış-veriş etdikləri məkanlarda belə, şopinqlərin adı yazılmış lövhələrin üzəri qapadılır. Bu, qanunun tələblərinə riayət etməkdir.
Reklam çarxları ilə bağlı xüsusi qaydalar var və hamı bu qaydalara əməl etməlidir. Reklamın müddəti mütləq göstərilməlidir. Bu, tamaşaçı hüququdur. Tamaşaçı reklamların neçə dəqiqə uzanacağını bilməlidir. Elə reklam çarxları var ki, onları yalnız gecə saatlarında efirə vermək olar. Efirdə sosial reklamlara xüsusi vaxt ayrılmalıdır. Hər hansı verilişdə aparıcı öz geyiminə, saç düzümünə görə kiməsə təşəkkür edirsə, ekranın kənarında mütləq «R» işarəsi olmalıdır. Amma bizdə necədir? Aparıcı onu geyindirmiş mağazaya təşəkkür edir, üstəlik mağazanın ünvanını da göstərir. Amma reklam işarəsi verilmir. Bunlar hamısı əslində vergidən yayınma halıdır. Reklam etməmişəm, vergisini də ödəmirəm. Budur. Reklamların məzmunu da Azərbaycan mühitinə uyğun deyil. Telekanallara reklamlar adətən xarici şirkətlər tərəfindən verilir. Onlar reklam çarxını hansı formatda, hansı məzmunda çəkirsə, o şəkildə də verilməsini tələb edir. Bunların da əksəriyyəti Azərbaycana yad elementlərdən təşkil olunmuş reklam çarxlarıdır. Azərbaycan dilinin istisnasız olaraq tətbiqi ilə bağlı reklam çarxlarının dili də Azərbaycan dilinə tərcümə edilir. Bu isə bəzən mənfi effekt verir. Ümumiyyətlə, sosial reklam kommersiya reklamı ilə eyni götürülməməlidir. Sosial reklamda siyasi maraq güdülməməlidir. Və ona məhdudiyyət qoyulmamalıdır. Telekanallar tamaşaçısını itirməmək üçün sosial reklamlara da yer ayırmalıdır. Həm sosial reklamlarla bağlı, həm də sosial məzmunlu verilişlərlə bağlı sahibkarlara güzəştlər tətbiq olunmalıdır ki, onlar bunda maraqlı olsunlar.
Sponsorluqla reklam qarışdırılmamalıdır. Telekanallarda bir çox verilişlərin əsas sponsorları özəl klinikalardır. Dövlət xəstəxanaları kənarda qalır, telekanallar səhiyyənin problemlərini araşdırmaq əvəzinə özəl klinikaları reklam etməklə məşğuldur. Özəl klinikaların reklamını məhdudlaşdırmaq lazımdır. Pis vərdişlərlə bağlı da məhdudiyyətlər olmalıdır. Audiovizual əsərlər kütləvi tamaşaçı üçün nəzərdə tutulubsa, orada bütün qaydalara əməl olunmalıdır.
Amma bizim telekanallarda bunlara məhəl qoyulmur. Sanki bütün telekanallar mağaza, özəl klinika reklamı xəstəliyinə tutulub. Əslində, bunlar hamısı kommersiya reklamıdır və o, xüsusi işarə ilə fərqləndirilməlidir. Digər ölkələrin TV-lərində biz belə pozuntuları müşahidə etmirik. Bizdə isə yayım qaydaları hər addımda pozulur. Kommersiya reklamlarına sosial reklam donu geyindirməyə cəhd edirlər. Bu da sözsüz ki, TV peşəkarlığından uzaqdır və qanuna da ziddir. «Reklam haqqında» qanun var və hamı qanuna istinad etməli və əməl etməlidir.