Baş redaktordan Prezidentə dəstək: "Hər məmur özünə bir sayt açıb"

"Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir".

Sherg.az bildirir ki, bunu "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib. 

Onun sozlərinə görə, ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər də olub:

"Keşmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin "əl izlər"i aydın görünürdü. Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli "əl" buna mane olurdu".

R.Məcid vurğulayıb ki, yeni medianın artmasıyla, ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi:

"Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni "media orqanları" sifarişçilərin əlində çomağa çevrildi. İndi, az qala, hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb. Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik".