“Prezidentin çıxışı göstərdi ki, dövlət başçısı kimin əlinin kimin cibində olmasını hamıdan yaxşı bilir”. Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
A.Həsrət bildirib ki, Prezident mətbuatdan sui-istifadə edən şəxslər barədə yetərincə məlumatlıdır:
“Dövlət başçısı islahatları "baltalamaq", kölgə salmaq üçün çalışan adamların mediadan sui-istifadə etməsindən də xəbərdardır. Köhnə təfəkkürlü şəxslərin əllərindəki böyük vəsaitlər hesabına mətbuatdan sui-istifadə edərək ölkədə çaxnaşma yaratmaq istəklərini də çox yaxşı bilir. Prezidentin çıxışındakı bütün məqamlar bir daha sübut edir ki, cənab Prezident kimlərinsə zənn etdiyi kimi hadisələrdən xəbərsiz deyil. Əksinə, dövlət başçısı kifayət qədər məlumatlıdır və bununla bağlı da öz xəbərdarlığını edir. Kimsə xəbərdarlıqdan nəticə çıxarmasa, çox güman ki, cənab prezidentlə yollarını ayırmalı olacaqlar. Dövlət başçısı özü də vurğuladı ki, o cür adamlarla birlikdə hərəkət etməyəcək”.
Jurnalist vurğulayıb ki, o tip adamlar haqqında illərdir yazılır, danışılır:
“Bu adamlar cənab Prezidentə, Birinci vitse-prezidentə, ümumən Azərbaycan dövlətinə hücumlar zamanı öz əllərində olan medianı səfərbər etmirlər. Hətta ermənilərə belə cavab vermirlər. Amma özlərinə aid hansısa “təhlükə” hiss edən kimi dərhal əllərindəki media resursları ilə hücuma keçirlər. Prezident məhz bu məqamı nəzərə alaraq ciddi xəbərdarlıq edib. Əgər siz dövlət başçısının komandası sayılırsızsa, onunla birlikdə addımlayırsızsa, hər şeydən əvvəl dövləti düşünməlisiniz. Təəssüflər olsun ki, sadəcə özlərini düşünənlər məqsədləri üçün mediadan da yararlanırlar. Bu isə çox ciddi problemdir və yeni bir mərhələnin başlanğıcı deməkdir".