"Dərbənd", "Odlar yurdu" və "Azərbaycanın səsi" qəzetləri aktual yazıları ilə həmişə fərqlənib
Azərbaycan mühacir mətbuat tarixinin tanınmış tədqiqatçısı Ramin Məmmədov “Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitabında qeyd edib ki, Rusiyada ilk Azərbaycan mətbuat vasitələrindən biri sayılan qocaman “Dərbənd” qəzeti 1920-ci ildən çıxmağa başlayıb və Dağıstan Respublikasında və ətraf vilayətlərdə yayımlanıb. Bu qəzet Sovet ideologiyası çərçivəsində aktual yazıları ilə həmişə fərqlənib, günümüzə kimi yaşamaq və həyatını davam etdirmək hüququnu qazanıb: “Bu gün də ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirmək müəyyən mənada azərbaycançılıq məfkurəsini təbliğ etmək uğrunda mübarizəsini davam etdirmək niyyətinə xidmət edir. Əlbəttə, SSRİ-nin süqutuna kimi “Dərbənd”in təsisçisi rayon partiya komitəsi və İcraiyyə komitəsi idi. 1991-ci ildən başlayaraq bu ictimai-siyasi qəzet “Dostluq, qardaşlıq, birlik” şüarı altında çıxır. Onun təsisçisi Dağıstan Respublikası Dövlət Şurası, Dağıstan Respublikası Xalq Məclisi və Dağıstan Respublikası hökumətidir. Baş redaktoru isə H.Ş.Əlifxanovdur. Məlum olduğu kimi, bu yerlərin öz çətinliyi, öz spesifik problemləri var.
Məsələn, Dərbəndin mərkəzində V əsrə aid Alban kilsəsi mövcuddur. Bu abidəni ermənilər artıq ələ keçiriblər. Onlar Dağıstan xalqları ilə dostluq əlaqələrinin 1500 il tarixi olduğunu və buna sübut kimi V əsrdə Dərbənddə erməni kilsəsinin tikdirildiyini bildirirlər. Dərbənddəki məşhur Narınqalanı isə qəribə ünvanlara yozurlar: bura gələn turistlərə bu qalanın Azərbaycan xalqına yox, başqa millətlərə məxsus olduğunu söyləyirlər. Belə bir şəraitdə mühacirət həyatı yaşayan azərbaycanlılar bölgədə milli ənənələrimizi də, faciələrimizi də mətbuat vasitəsi ilə təbliğ edir, ictimaiyyətə çatdırırlar”.
R.Məmmədov “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabında qeyd edib ki, 31 mart 2006-cı il tarixli “Dərbənd” qəzetinin birinci səhifəsində Tahir Salehin “Dünya Azərbaycanlılarının ikinci qurultayında” adlı yazısı təqdim olunub: “Məqalə bu cümlələrlə başlayır: “Martın 16-da Bakı şəhərində, Heydər Əliyev adına sarayda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirilib. Bir gün davam edən qurultayda bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, ermənilər tərəfindən tarixi-mədəni abidələrimizin dağıdılması, eləcə də digər mühüm məsələlər müzakirə olunaraq müvafiq beynəlxalq təşkilat və qurumlara müraciət ünvanlanıb. Qəzetin ikinci səhifəsində “31 mart - azərbaycanlıların soyqırımı günüdür” adlı yazı yerləşdirilib. Həmin məqalədən sitatlara nəzər salaq: “Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib... Fərmanda 1905-1918-ci illərdə Azərbaycanda baş vermiş soyqırım haqqında tutarlı faktlar göstərilir və bu hadisələrə obyektiv qiymət verilir, dünya ictimaiyyətinə tarixi hadisələr çatdırılır...” Qeyd edək ki, hər iki məqalənin müəllifi - qəzetin əməkdaşı, Dağıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, “Gülüstan” Ədəbiyyatçılar İttifaqının prezidenti, şair Tahir Salehdir”.
Müəllif vurğulayıb ki, “Dərbənd”də yazılar Azərbaycan və rus dillərində çap edilir: “Məsələn, 5 may 2006-cı il tarixli nömrənin birinci səhifəsində Dərbənd rayon İcra Hakimiyyəti başçısı Q.Qurbanovun Böyük Vətən müharibəsi veteranlarına və şəhər sakinlərinə ünvanlanmış təbrik məktubu dərc olunmuşdur. Qəzetin bu sayında Tahir Salehin “Bölmə komandiri” adlı oçerkində 80 yaşlı müharibə və əmək veteranı Tofiq Sultanovun döyüş yolu işıqlandırılıb. Tahir Salehin “Ürəyi xalqla döyünən şair” adlı məqaləsi Adil Abasovun yaradıcılığına həsr olunmuşdur. Yazıdan görünür ki, şair Adil Abasovun yenicə işıq üzü görmüş kitabı “Vəsiyyətnamə” adlanır. Yaşadığı bölgədə məşhurlaşmış azərbaycanlı şair Adil Abasov topluda “... müasir dünyamızın ağrılı-acılı qayğılarına münasibətini, Vətənə, torpağa, dilimizə, dinimizə məhəbbətini, qanlı-qadalı hadisələri və digər məhrumiyyətləri şeirlə ifadə edir”, - yazır Tahir Saleh. Bildiyimiz kimi, Dağıstan Respublikası, o cümlədən, Dərbənd rayonu çoxmillətli diyardır. Lakin Rusiyanın bu bölgəsində dilimizin, milli ənənələrimizin, mədəniyyətimizin təbliği istiqamətində “Dərbənd” qəzeti vasitəsi ilə soydaşlarımız xeyli iş görürlər. Qəzetin elə bir sayı yoxdur ki, həmyerlilərimiz orada işıqlandırılmasın. 19 may 2006-cı il tarixli “Dərbənd” qəzetində Dərbənd şəhər təhsil şöbəsinin müdiri, Dağıstanda məşhur pedaqoq və yazıçı kimi tanınan soydaşımız Şərəfəddin Səlim oğlu Əhmədov “Onu unutmaq olmaz” adlı geniş məqalə dərc etdirib. Məqalədə Dağıstan Respublikası Təhsil Nazirliyində şərəfli vəzifələrdə çalışmış, məktəb, ailə, tərbiyə mövzularında bir neçə kitabın, o cümlədən rusca “Məktəb və həyat” toplusunun müəllifi Güləli Orucovun geniş pedaqoji fəaliyyətindən danışılır. Yeri gəlmişkən, Dərbənddə yerli diaspor təşkilatının fəalı Şərəfəddin Əhmədov azərbaycançılığın təbliği baxımından xeyli iş görüb”.
“Odlar yurdu” qəzeti
R.Məmmədov əsərində vurğulayıb ki, 1960-cı ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə cəmiyyətinin orqanı “Odlar yurdu” qəzeti nəşr olunurdu: “Nəşr uzaq ölkələrdəki həmvətənlərimizlə əlaqələr yaradır, onların məqalələrinə, məktublarına öz səhifələrində yer verirdi. Dərginin vətənpərvər kollektivi hər cür çətinlikləri dəf edərək azadlıq hərəkatının genişləndiyi 1988-1991-ci illərdə ölkəmizdə baş verən hadisələrlə bağlı dəqiq, dürüst məlumatları uzaq ölkələrə çatdırırdı. “Odlar yurdu”nun, 1985-ci ilin noyabrında çıxmış 22-ci sayında Almaniya Federativ Respublikasından gəlmiş bir məktub dərc edilib. Onun müəllifi S.Hətəmli yazır: “Möhtərəm dostlar. Məktubunuzu sevinclə aldım. “Odlar yurdu” qəzetini bundan sonra da göndərmək fikriniz məni çox məmnun etdi. Mən Getingen şəhərində aqronomiya fakültəsində oxuyuram. Azərbaycanca, almanca, türkcə və farsca yazıb oxuya bilirəm. Azərbaycan dilindən fars dilinə tərcümələr də edirəm...”. 1980-ci illərin əvvəllərindən etibarən Azərbaycan diasporu ilə əlaqələrini genişləndirən “Vətən” Cəmiyyəti xaricdə yaşayan tanınmış həmyerlilərimizlə-alimlərlə, mədəniyyət nümayəndələri, diaspor fəalları ilə görüşlər təşkil edirdi. “1986-1992 ci illərdə “Vətən” cəmiyyəti müxtəlif xarici ölkələrdə 50-yədək Azərbaycan mədəniyyət mərkəzi, dərnək, ocaq, əncümən və cəmiyyətlər yaratmışdır”. 1988-ci ildən başlayaraq “Odlar yurdu” Dağlıq Qarabağ mövzusuna öz səhifələrində geniş yer ayırırdı. Hələ güclü KQB-nin təzyiqlərinə baxmayaraq, bu qəzet əsl həqiqətləri xarici məlumat bürolarına, Avropa ölkələrinə ötürürdü. “Məhz belə bir çətin şəraitdə “Odlar yurdu” “qanlı köynəyini əyninə geyib” tarixi bir missiyanı yerinə yetirməyə başladı ki, təkcə “Vətən” Cəmiyyətinin yox, bütün cəmiyyətin orqanı oldu. Bir zaman qəzetin müxbiri, məsul katibi və redaktor müavini olan, filologiya elmləri doktoru Abid Tahirli bu haqda illər sonra yazır ki: “...Həqiqət və ədalət naminə deməliyəm ki, bu qəzet yalnız “Vətən” Cəmiyyətinin yox, geniş mənada bütün cəmiyyətin orqanı idi, təvazökarlıqdan kənara çıxsam da qeyd etməliyəm ki, bəzən adama elə gəlir ki, cəmiyyət bu qəzetlə nəfəs alır”.
“Azərbaycanın səsi” qəzeti
Tədqiqatçı “Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitabında qeyd edib ki, Rusiyada ilk Azərbaycan mühacirət mətbuat orqanlarından biri də “Azərbaycanın səsi” qəzetidir: “Dərginin təsisçisi uzun illərdir Moskvada çalışan həmyerlimiz, Azərbaycan diasporunun fəallarından biri, Rusiyada Azərbaycan mühacirət mətbuatının yaranmasında böyük xidmətləri olan şair Əliş Əvəzdir. Doğma el-oba üçün yananları, Ana Vətənə bağlılığı, qayğısı, diqqəti ilə seçilənləri biz daim axtarıb tapmalı və xalqımıza tanıtmalıyıq. On min kilometrlərlə bizdən uzaqlarda Azərbaycan həqiqətlərini dünyaya yaymaq naminə min əzab-əziyyətə qatlaşaraq həyatlarını şam kimi əridənlər həmin insanlardı. Onlardan biri də Moskvada ən gərgin, keşməkeşli illərdə ilk milli mətbuat orqanını yaradan Əliş Əvəzdir: “Əliş Əvəz 1990-cı ildə Moskvada ilk azərbaycandilli mətbuat orqanı sayılan “Azərbaycanın səsi” (Şamil Qurbanov və Oktay Hüseynovla birgə) qəzetini təsis etmişdi. Sonralar isə “Azərbaycan diasporu” qəzetini, “Asudə vaxt” və “Diaspora inform” qəzetlərini təsis edib. Rusiyada yaranan Azərbaycan mühacirət ədəbiyyatında da Əliş Əvəzin özünəməxsus yeri vardır. Onun şeirləri dərin fəlsəfi tutumu və incə lirizmi ilə fərqlənir. Yaradıcılığında bəzən nostalji hisslər, kədərli duyğular da əksini tapır.