Televiziyalardakı tok-şoulardan narazılıq: İnsanların mənəviyyatı ilə oynayırlar

Özəl telekanallarda yayımlanan tok-şoular politoloq Nəzakət Məmmədovanın qınağına gəlib. Politoloq sosial şəbəkədə status paylaşıb: 
"Sosial verilişlər adı altında məzlum, problemli insanları efirə çıxarıb onları aşağılamağa heç kəsin mənəvi, hüquqi haqqı yoxdur. Guya onlara öyüd-nəsihət verən, "yol göstərən", əslində isə əksəri savadsız olan bu fağır insanlara çəmkirməklə, səsini yüksəltməklə onları ittiham edib bu fonda ağıllı görünməyə çalışan, halbuki özlərinin intellekt və mədəni səviyyəsi olduqca aşağı olan aparıcılar, habelə bəzi ekspert, hüquqşünas qismində çıxış edənlərin buna haqqı yoxdur. Efirdən problemli vətəndaşlarımızın ləyaqətini alçaldan bu cür verilişlər belə davam edəcəksə, təcili bağlansın! Onsuz da o insanlar problem yaşayıblar, bir də onları efirdə aşağılamaq, çarəsiz insanın üstünə getmək, onlarla prokuror kimi ittiham tonunda danışmaq bunun üzərindən öz natamamlıq kompleksini təmin etməkdən qurtulmaqdan başqa bir şey deyil. 

Öz şəxsiyyəti kamilləşməmiş, natamamlıq kompleksi olan bəziləri kimə ağıllı məsləhət verib düzgün çıxış yolu göstərə bilər?! Bu verilişlər həmin problemli insanların şəxsiyyətini ictimai qınaq təşkil etməklə alçaldır, eyni zamanda tamaşaçıların duyğularını istismar edərək, kiminsə şəxsi problemini ictimailəşdirmək hesabına reytinq yığır! O insanlar çarəsiz, dərdli insanlardır. Yardıma möhtac zavallı insanlara belə kobud, nəzakətsiz davranış həddini aşmaqdır. Buna son qoyulsun! Nə dinimizdə bir insanın çarəsizliyindən istifadə edib onun şəxsi sirrini yaymaq var, nə də dünyəvi dövlətimizin konstitusiyasında şəxsi həyatın toxunulmazlığına müdaxiləyə icazə var. Əminəm ki, o insanların böyük qismi çarəsizlikdən televizora çıxmağa məcbur olurlar, yoxsa heç kim şəxsi problemlərinin bütün respublikaya yayılmasını istəməz. Televiziyada yox, müvafiq dövlət qurumları, məsələn, bələdiyyələr yanında hüquqşünas, psixoloq və s. ixtisas sahiblərindən ibarət məşvərət şurası yaradılsın və məhz belə insanlara yardım göstərsin! 



Verilişlərdə ekspert qismində çıxış edərək, ədalətli mövqe göstərən ekspertləri bələdiyyələr yanında ictimai şuraya üzv seçib, onlara maaş verib, o cür faydalanmaq daha yaxşı olardı, nəinki onların təcrübəsindən o qisimdə yararlanmaq. 

Statusumun verilişdə iştirak edən dostlarla qətiyyən əlaqəsi yoxdur. Əksinə, onlar oradakı təkəbbürlü, eqoist bəzi ekspertlərə lazımi cavab verirlər. Mən şəxsən onların potensialından daha səmərəli istifadə etməyin tərəfdarıyam.
N.Məmmədovanın statusunu bəyənib rəy yazanların da sayı çoxdur. Yazılanlardan görünür ki, tv-lərdəki tok-şoulardan vətəndaşlar narazıdır:

Mehralıyev Həsrət: Çox düzgün qeyd edirsiniz, sağ olun. Kiminsə digərinə qarşı belə münasibət göstərməsi yolverilməzdir. 

Hacı İlham: Tamamilə doğru fikirdir. Elə insanlar var ki, işini həll etmək ücün ora müraciət edir, nə lazım ictimailəşdirmək?

Müşviq Rüstəmov: Tam razıyam. İnsanların mənəviyyatı ilə oynayırlar. Və mənəviyyatsızlığı təblig edirlər.

Pərviz Heydərov: Mən, bir cəhətə görə hiddətlənirəm ki, guya, bu cür problemlər və insanlar sanki, heç vaxt olmayıb... Bu verilişlər cəmiyyətə və içtimaiyyətə elə fikir aşılayır ki, sanki dövlət və hökumət, onun uyğun və müvafiq strukturları yoxdur və hər şey xaos içərisindədir... Və nə yaxşı ki, tv-lərdəki bu "xilaskarlar" varmış... Bu, nə deməkdir? Problemli insanlar üzərində biznes qurmaq olarmı?!... Cəmiyyətin dərdli, problemli və çarəsiz vəziyyətdə olan və yaxud belə hallarla üzləşən fərdləri üzərindən "qazanc" əldə etmək hansı dəyərlərə və əxlaqa sığır axı... Tamaşaçı kütləsini maarifləndirmək, məlumatlandırmaq və sair əvəzinə, emosiyaları ilə, hissləri və zəif cəhətləriylə oynamaq hansı məntiqə xidmət edir anlamıram...

Nazim Abbas: Bəzi evindən və ailəsindən xəbəri olmayan və öz övladlarına tərbiyə verməyi bacarmayanlar ekspert qismində məzlum və köməksiz insanlara yardım edib yol göstərmək əvəzinə onları efirdə aşagılamaqdan çəkinmirlər. Kimdir axı bunlar?! Əslində belə proqramların bilərəkdən efirlərə yol açmagında kimlərsə maraqlıdır və buna da çox ustalıqla nail olurlar. Ölkənin hüquq-mühafizə orqanları qalıb bir kənarda, aparıcılar kriminal hadisələri həll edir. Bunların əslində bir məqsədləri var: Zavallı, çarəsiz insanlar üzərində özlərinə haram pullar toplamaq.
Bəli! Dərhal bu proqramların yayımı dayandırılmalıdır.

Mirsəfa Mirzəyev: Tamamilə doğrudur. Səviyyəsizlər özlərini apara bilmirlər, ancaq özlərini elə göstərirlər ki, bunlardan yoxdur...

Sərraf Əfəndiyev: Haqlısınız. Qeyd etdiyiniz bu təzahür (sosial verilişlər adı altında öz hüquqlarını yaxşı bilməyən insanlara "prokurorluq" etmə) aidiyyəti olan televiziya şirkətlərinin ümumi səviyyəsini özündə təcəssüm etdirir və qeyri-peşəkar fəaliyyətini büruzə verir; habelə Azərbaycan Respublikasının Konstitusiyasının 80-ci maddəsinin tələbinə görə məsuliyyətə, "Quran"ın "Əl-Kəhf" surəsinin 45-ci, o cümlədən "Əl-Qələm" surəsinin 11-ci ayəsinə görə isə, qınağa səbəb olmalıdır. Lakin.....

Rüstəm A.Hacıyev: Bu verilişlərin əsl məqsədi şou yaradıb mənasız "reytinq" qazanmaqla transmilli korparasiyaların maraqlarına xidmət etməkdi. Diqqət edirsiniz yəqin, bu tip verilişlər AzTv və İTV istisna olmaqla bütün telekanallarda faktiki olaraq eyni "xidmət"i göstərirlər.



Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bəzi tv-lərin ziyanlı fəaliyyət göstərdiyini dedi:

“Kiminsə beyninə yeridilib ki, tok-şoular məhz bu cür – hazırda bizim tv-lərdəki kimi olmalıdır, bizimkilər də bunu qəbul ediblər, amma yanlışlıqla. Bilirsiz, xüsusi texnologiyalar hazırlayanlar var. Və yüksək dəyərlərə malik cəmiyyətlərin məqsədli şəkildə uçuruma yuvarlanmasına şərait yaradırlar. Bu, bizim əleyhimizə işləyir. Təklif edirəm ki, sosial iş xidməti sahələri yaradılsın. Orada psixoloqlar, sosial işçilər olsun. Sosial işçilər ailələrlə necə iş aparmalı olduqlarını biləcəklər. Və bu istiqamətdə iş aparılacaq. Biz bununla bağlı dövlətə konkret təkliflər verəcəyik.