Onlayn media ilə bağlı hüquqi baza yaradılmalıdır - AKTUAL

Azərbaycan hüquqi dövlət olduğuna görə, informasiya saytları tam azad şəkildə fəaliyyət göstərir. Halbuki, jurnalistikaya, media prinsiplərinə aidiyyəti olmayan saytlar da var. Milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə, milli təhlükəsizliyə zidd addımlar atan saytların fəaliyyəti məcburi qaydada dayandırılır. Əlbəttə, zərərli və qərəzli fəaliyyət göstərən bəzi saytların bloklanması, onlara girişin məhdudlaşdırılması başadüşülən və qəbulediləndir. Çünki həmin saytlar Azərbaycanda siyasi-ictimai həyatda baş verən prosesləri tamamilə yanlış formada ictimaiyyətə təqdim edirlər. Uydurma xəbərlərlə toplum arasında narazılıq və iğtişaş yaratmağa cəhd edən bu cür xəbər portallarının bloklanması media ekspertləri tərəfindən də dəstəklənir.

Lakin problem ondadır ki, ölkədə fəaliyyət göstərən və qısa yolla tanınmaq arzusunda olan bəzi elektron media quruluşları bloklanmış internet portallarına istinad edərək onların həqiqəti əks etdirməyən xəbərlərini yayırlar. Yəni xarici ölkələrdən giriş edərək və ya müxtəlif proqramlar vasitəsilə Azərbaycanda bloklanmış sayta daxil olub, onun materiallarını əldə edə bilirlər. Həmin materiallarla bağlı narazılıq ifadə olunduqda isə xəbəri Azərbaycanda bloklanmış bir sayta istinadən verdiklərini iddia edirlər. Hətta bu mübahisəli məsələ bir neçə dəfə məhkəmə predmeti də olub. Mütəxəssislərin sözlərinə görə, saytlara bir neçə dəfə xəbərdarlıq edildikdən, müvafiq nöqsanlar ortaya qoyulduqdan sonra tədbir görülür. Əvvəlki prosedura uyğun olaraq, məhkəməyə müraciət edilir, qərar qəbul olunduqdan sonra saytla bağlı tədbirlər görülürdü. Hazırda isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin bir çox güc strukturlarının səlahiyyəti var ki, ölkəmiz, millətimiz, dövlətimiz üçün müəyyən strateji məqamları diqqətə almayan informasiya partnyorlarını aradan qaldırsın. Burada hansı metoddan istifadə olunması önəmli deyil. Əsas məsələ milli təhlükəsizliyə zidd olan proseslərin dayandırılmasıdır. Mühüm məqamlardan biri də odur ki, əksər hallarda bloklanmış saytları idarə edənlərin jurnalistika ilə heç əlaqələri olmur. Onlar öz ambisiyalarını, maddi maraqlarını təmin etmək üçün bu çirkin fəaliyyətə əl ataraq, həqiqi medianın fəaliyyətinə ləkə gətirirlər. Ona görə bu məsələni qətiyyən siyasiləşdirmək olmaz. Milli və strateji məqamlara toxunan hallar olduqda vurğulanan addımlar atılmalıdır. Xatırladaq ki, bir müddət əvvəl pornoqrafik saytların bloklanması ilə bağlı da qərar verilmişdi. Səbəb isə o idi ki, azyaşlıların formalaşmasında müsbət rol oynayacaq informasiya siyasəti aparılmalıdır. Pornoqrafik saytlar bu informasiya siyasətinə uyğun olmadığına görə, Rabitə Nazirliyinin həmin saytları bloklamağa tam səlahiyyəti çatır. Vurğulandığı kimi, bloklanan saytların idarəçilərinə əvvəl şifahi, yazılı, sonradan isə prokurorluğa çağırılmaqla xəbərdarlıq edilir. Sirr deyil ki, bəzi media qurumları dövlətin güc strukturlarına bəlli olan mənbələrdən aldıqları maliyyənin hesabına sifarişlər icra etməkdən yayınmırlar. Bütün xəbərdarlıqlara məhəl qoymadıqlarına görə, "informasiya portalları" qanunun səlahiyyəti ilə bloklanır. Ona görə də oxucular və digər saytlar qanunla qadağan edilməyən media vasitələrindən yararlanmalıdır. Media nümayəndələrinin fikrincə, mövcud problem mətbuatla bağlı qanunvericilikdə boşluqların olmasından qaynaqlanır. 



Müşfiq Ələsgərli: “Bəzi saytlar bu boşluqdan sui-istifadə edib, neqativ əməllərə al atırlar”


Məsələni “Şərq”ə dəyərləndirən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, problem illərdir, gündəmə gətirilsə də, hələlik nəticə əldə etmək mümkün olmayıb. M.Ələsgərlinin sözlərinə görə, onlayn medianın tənzimlənməsi üçün xüsusi hüquqi baza olmalıdır: 

“Əlbəttə, bu yöndə ciddi şəkildə addımlar atılıb. Məsələn, 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun yenilənib və ciddi dəyişiklik edilib. Lakin həmin qanun hələlik onlayn medianın müasir dövrdəki fəaliyyətini tam formada tənzimləyə bilmir. Onlayn medianın inkişafı ilə bağlı bəzi qanunlarda yeniləşmə etmək zəruridir. Domen adlarının qeydiyyatı ilə bağlı da problemlər var. Burada sadəcə konnektdən söhbət getmir. Məsələn, APA kimi bir agentlik məlumat yayaraq loqosunun başqaları tərəfindən oğurlandığını deyir, ancaq heç nə sübut etmək olmur. Çünki kimsə bir nöqtənin yerini dəyişməklə, yəni APA-nı “APAXəbər” etməklə yeni domen kimi qeydiyyatdan keçə bilir. Domen adları haqqında, kontentin tənzimlənməsi üçün də müvafiq qanunlar olmalıdır. Bunun üçün isə "KİV haqqında" qanunda dəyişiklik etmək lazımdır. Xüsusən, “KİV qurumu təsis etmək” bölümündə onlayn medianın təsis edilməsi ilə bağlı tənzimlənmə labüddür”.  

MŞ sədrinin müavini təəssüflə bildirib ki, zaman-zaman bu cür təkliflər verilir, açıqlamalar gündəmə gəlir. Milli Məclis də bundan xəbərdar olur, amma yekunda nəticə olmur:

“Sonda bütün ağrı-acını Azərbaycan xalqı və dövləti çəkir. Sözün açığı, bu məsələdə bir xaotiklik və hüquqi boşluq var. Bəzi saytlar məhz bu boşluqdan sui-istifadə edərək neqativ əməllərə al atırlar. Nə qədər ki, ayrıca informasiya məcəlləsi yoxdur və qanunda boşluqlar var, bu cür hallar çox olacaq. Əslində bu cür hallara qarşı bizdə qanunvericilik bazası mövcuddur. Sadəcə olaraq, qanunvericiliyi bir balaca yeniləmək və uyğunlaşdırmaq lazımdır. Əfsuslar olsun ki, bu məsələdə bir az ləngimələr var. Qanunların sayı da o qədər çoxalıb ki, aralarında məntiqi bağlılıq yaratmaq çətinləşib. İnformasiya əldə etmək və yaymaq haqqında təqribən 15-ə qədər qanun var. Bunların bəziləri arasında uyğunsuzluq var, bir qanun digərini tamamlamır. Ona görə də təklif edirik ki, Azərbaycanda informasiya məcəlləsi, KİV-in fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik sistemi yaradılsın. Bloklanmış saytlara istinad edən media qurumları iddia edir ki, həmin xəbəri götürəndən sonra dəqiqləşdirmə apararaq yayıb. İndi baxmaq lazımdır ki, sayt istinad edərək aldığı informasiyanı həqiqətənmi dəqiqləşdirib? Bu sahədə müəyyən problemlər var”. 



Yadigar Məmmədli: “KİV haqqında” qanunun müddəaları birbaşa onlayn media qurumları üçün də keçərlidir. Hansısa sayt yaxasını kənara çəkə bilməz”


Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə “Şərq”ə açıqlamasında bildirib ki, onlyan media artıq KİV növü sayılır. Onun sözlərinə görə, “KİV haqqında” qanunun müddəaları birbaşa onlayn media qurumları üçün də keçərlidir:

“Azərbaycan Respublikasının "KİV haqqında" qanununda elektron media da Kütləvi İnformasiya Vasitəsi hesab olunur. Burada hüquqi baxımdan fərq qoyulmur. Yəni həmin media qurumunun ənənəvi formada – qəzet və çap mətbuat orqanı, yaxud konkret internet saytı kimi fəaliyyət göstərməsi məsələsi xüsusi vurğulanmır. Qanundakı müddəalar və öhdəliklər birmənalı şəkildə media fəaliyyəti ilə məşğul olanların hamısına şamil olunur. Ona görə də hansısa sayt yaxasını kənara çəkə bilməz. Əgər bir internet saytı hər hansı məlumatı yayıbsa və bu informasiyanın doğru olmadığı ortaya çıxıbsa, bu cür xəbərlərə qətiyyən istinad etmək olmaz. Bu, yolverilməzdir. Bir sayt digər saytdan uydurma və qərəzli məlumata istinad edirsə, dolayısı yolla həmin qanunsuzluqda iştirak etmiş sayılır. Bu baxımdan bloklanmış saytlara istinad edən xəbər portallarının “biz həmin xəbəri dəqiqləşdirmişik” bəhanəsi də keçərli olmur. Çünki təsdiqini tapmayan, hətta uydurma olduğu bəlli olan informasiyalara şərik çıxmaq yolverilməzdir. Bu, eyni müəlliflik hüququ daşımaq deməkdir və hər ikisi qanun qarşısında eyni məsuliyyəti daşıyırlar”. 

Ekspertin sözlərinə görə, indi elə bir məqamdır ki, jurnalistika bu cür məsələlərdə ayıq-sayıq olmalıdır:

“Hamı dərk etməlidir ki, dövlətə, dövlətçiliyimizə və ümumən milli məsələlərə zidd olan xəbərləri istehsal etmək, yaymaq olmaz. Media qurumları həm qanuni, həm də dövlətçilik müstəvisində düzgün mövqe tutmalıdır. Kim bunu pozarsa, təbii ki, qanun qarşısında cavab verməli olacaqlar”. 
Y.Məmmədli sosial şəbəkələrə istinad edilməsinə də münasibət bildirib: “Sosial şəbəkələr tamamilə fərqlidir. Bu məkana hansısa qanun tətbiq etmək, məhdudlaşdırmaq hələlik mümkün deyil. Bu da təkcə Azərbaycana xas deyil, bütün dünyanın problemidir. Sosial şəbəkələr hamıya açıq, virtual məkandır. Burada hamı ağlına gələni yazır, sərbəst fikir bildirir. Ona görə də sosial şəbəkələr media qurumları üçün ciddi mənbə hesab olunmamalıdır. Sosial şəbəkələrə istinad edərək xəbər yayan saytlar ciddi xəta törədirlər. Həqiqi mətbuat bununla məşğul olmur”.