Susmaq olmaz: Səfirlik və XİN jurnalistin döyülməsinə reaksiya verməlidir

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşı Zakir Musayevə hücum edilib. Belə ki, faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı çəkiliş aparan jurnalistin kamerası ermənilər tərəfindən sındırılıb, ona ciddi bədən xəsarəti yetirərək, kompüterini əlindən almağa cəhd göstəriblər. Aqressiv dəstə polisin xəbərdarlığına da məhəl qoymayıb. Məlumata görə, bu, ilk hal deyil. 

Müxbir Zakir Musayev ötən ay çəkiliş apararkən də bənzər hadisə ilə qarşılaşıb. Hadisədən sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Armavir şəhərində erməni terrorçusu Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb və döyüblər. 

Mətbuat Şurası məsələ ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb


Müraciətdə vurğulanıb ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: 

“Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcə də dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcək. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.



Eldəniz Vəliyev: "Rusiya səfirliyi qarşısında sivil jurnalist etirazını yəqin ki, heç kim qınamayacaqdı"


“Redaktor.az” saytının rəhbəri, tanınmış telejurnalist Eldəniz Vəliyev də “Şərq”ə açıqlamasında məsələyə münasibət bildirib. Baş redaktor bildirib ki, azərbaycanlı jurnalistin ermənilərin hücumuna məruz qalmasına səfirlik, hətta XİN səviyyəsində reaksiya verilməlidir ki, növbəti təxribat baş verməsin. 

Onun sözlərinə görə, bütün vətəndaşlarımızın hüququnun qorunması qanun çərçivəsində tənzimlənməlidir: “Azərbaycan daxilində hansısa bir jurnalistin döyülmə faktına cəmiyyət olaraq, daha kəskin və operativ reaksiya veririk. Ancaq Rusiyada baş verən məlum hadisəyə reaksiya daxildəki münasibətə heç də adekvat olmadı. Sosial medianın reaksiyasızlığı xüsusi təəssüf doğurur. Mən tamam başqa münasibət gözləyirdim. Rusiya səfirliyi qarşısında sivil jurnalist etirazını yəqin ki, heç kim qınamayacaqdı. Jurnalistin hüquq və təhlükəsizliyi, peşə fəaliyyətini yerinə yetirərkən qorunması xüsusi hal kimi qiymətləndirilməlidir. Əlbəttə, xaricdəki həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi bir forması yoxdur və ola da bilməz. Hər halda hansısa ölkədə fəaliyyət göstərən səfirlik və ya konsulluğumuzun belə bir öhdəliyi yoxdur. Hətta olsa belə yanlış yanaşma ola bilər. Ən yaxşı halda bu iş ictimai əsaslarla, yəni o ölkələrdə yaşayan soydaşlarımızın xüsusi diqqəti ilə tənzimlənə bilər. Amma ümumilikdə bu iş, ölkələrin hüquq-mühafizə orqanlarının fəaliyyət sferasına aiddir. Ancaq bu məsələ Rusiyada arxa plandadır. Qeyd olunur ki, aqressiv erməni dəstəsi polisin müdaxiləsinə məhəl qoymayıb. Söhbət o polisdən gedir ki, yerli müxalifətin aksiyalarının qarşısını xüsusi amansızlıqla alır. İndi 50 erməninin qarşısında dayana bilmir? Bu kimi hallar Rusiya Jurnalistlər İttifaqına müraciətlə də tənzimlənə bilməz”.

E.Vəliyev bildirib ki, əgər Rusiya kimi ölkədə təhlükəsizliyə zəmanət yoxdursa, etiraz əlaməti olaraq bu ölkənin kanallarının Azərbaycanda yayımına qadağa qoyulmalıdır: 

“Biz təbii ki, ermənilərin bu kimi təxribatlarından maksimum istifadə etməliyik. Azərbaycanda neqativləri dayanmadan təftiş edən beynəlxalq jurnalist birliklərinə, hüquq təşkilatlarına  müraciət edilməlidir”.