Bütün jurnalistlər eyni fikirdədir: Media ombudsmanı ayrıca fəaliyyət göstərməlidir

Ya da Mətbuat Şurasının statusu dəyişdirilməli, ona hüquqi səlahiyyətlər verilməlidir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi struktur islahatları, gənc kadrların əhəmiyyətli vəzifələrə irəli çəkilməsi media nümayəndələrini də ürəkləndirib. Məlumdur ki, neçə illərdir media ombudsmanı məsələsi müzakirə predmetidir. Zaman-zaman bu məsələ gündəmə gətirilib, lakin medianın hüquqlarının qorunması da ümumilikdə Ombudsman Aparatına həvalə edildiyi əsas gətirilərək müzakirə mövzusu olaraq da qalıb. Neçə illər idi ki, media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirirdi. 

Artıq dəyişiklik baş verdi. Səbinə Əliyeva insan hüquqları üzrə ombudsman təsdiq edildi. Bununla da media ombudsmanı məsələsi yenidən müzakirəyə çıxdı. Görəsən, yeni ombudsman media ombudsmanlığını da üzərinə götürəcək, yoxsa bu işi media sahəsində peşəkara həvalə edəcək? Belə bir struktur dəyişikliyi gözləmək olarmı? Qeyd edək ki, bir neçə il əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov da media ombudsmanının vacibliyini vurğulamışdı. Rəy bildirən mütəxəssis və həmkarlarımız birmənalı şəkildə media ombudsmanının ayrıca – ümumi Ombudsman Aparatından kənar fəaliyyət göstərməli olduğunu qəti şəkildə bildirdilər. 



Media ombudsmanı müstəqil olmalıdır     


İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin sözlərinə görə, bu, uzun illərdir həllini gözləyən aktual məsələdir: 

“Xatırlayırsınızsa, illər əvvəl informasiya məsələləri üzrə ombudsman strukturunun formalaşdırılması nəzərdə tutulmuşdu. "İnformasiya əldə etmək haqqında” qanunda konkret məqamlar da qeyd olunmuşdu. Çox təəssüflər olsun ki, həmin dövrdə məsələ öz həllini tapmadığı üçün bir müddət sonra qanuna dəyişiklik etmək məcburiyyəti yarandı və informasiya əldə etməklə bağlı məsələlərə baxacaq ombudsmanın funksiyaları Ombudsman Aparatına verildi. Qərara alındı ki, aparatda ümumi ştatlar yaradılsın və müvafiq kadr bazası yaradılsın. Elmira Süleymanova isə dəfələrlə məsələ ilə bağlı təkliflərini hazırlayıb aidiyyəti quruma müraciət etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Maliyyə Nazirliyi ştat ayrılması üçün vəsait ayırmır. Düzü, bu problemin niyə həll edilməməsi ilə bağlı məndə yetərincə məlumat yoxdur. Görünür, aidiyyəti qurumlar media ombudsmanı strukturunun təkmilləşdirilməsinə soyuq yanaşır deyə, informasiya əldə etməklə bağlı problemlərin həlli ilə məşğul olacaq struktur vahidi formalaşmayıb.
Dəfələrlə bu problemi qaldırmışıq, yenə də öz fikrimdə qalıram ki, informasiya azadlığı ilə məşğul olacaq Ombudsman müstəqil olmalıdır. Yaxın perspektivdə bunun baş verib-verməyəcəyi ilə bağlı rəy bildirmək isə çətindir.
Əlahiddə media ombudsmanının yaradılması məqsədəuyğundur. Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik. Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Çünki həmin qurumun nəzdində çox müxtəlif strukturlar, sahələr birləşdirilib. Bunun özü yanlış yanaşmadır. İndiyədək Ombudsman Aparatı media ombudsmanının səlahiyyətlərinə aid olan heç bir funksiyanı yerinə yetirməyib. Uzun zamandır bu missiyanı ənənəvi olaraq Azərbaycanın Mətbuat Şurası və digər institutlar həyata keçirirlər. Bu baxımdan media ilə bağlı ayrıca, əlahiddə Media Ombudsmanı olmalıdır. Bilmirəm, bəlkə yeni ombudsman bu sahədə hansısa yeniliklər, dəyişikliklər edəcək. Gözləyək”.

Xüsusi sahələr üzrə ayrıca ombudsmanlıq təcrübəsi var 

Jurnalist Nərgiz Əzizova informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşmasını daha uğurlu hesab edir: 

“Fikrimcə, bizim kimi yeni media qaydaları yaranan ölkələrdə informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması daha uğurlu olardı. Bilirsiniz ki, bəzi ölkələrdə uşaq məsələləri üzrə, insan haqları ilə bağlı müəyyən istiqamətlərdə ombudsman institutları fəaliyyət göstərir. Azərbaycanda isə vahid ombudsman sistemi var. Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində "İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri İnsan hüquqları üzrə müvəkkilə verildi. Bu, 2010-cu ildə baş verib. Ancaq düşünürəm ki, hazırkı vəziyyətdə, ölkədə böyük dəyişikliklər getdiyi vaxtda Media Ombudsmanı institutunun yaradılması daha çox fayda verə bilərdi”.
N.Əzizovanın fikrincə, informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi özünü doğrulda bilməyib:

“Bizdə sovet jurnalistikasının yaxasından çıxmış, köhnə qaydalardan imtina edən yeni media formalaşır. Və bu yenilənmə virtual xəbər məkanının genişlənməsi, sosial xəbər platformalarının tüğyan elədiyi bir vaxta düşüb. Bu baxımdan informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi çətin ki, özünü doğrulda və bu günə qədər doğrultmadı da. Heç olmasa, bu birləşdirilmə zamanı ümumi ombudsmanın tərkibində müəyyən sistem yaradılmalı, ora peşəkar şəxslər cəlb edilməli idi. Amma olmadı. Bu institutun yaradılması jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırar. Məsələn, jurnalist ona cavab verməyən, onu təhqir edən təşkilat, müəssisə, dövlət orqanları və şəxslər barədə birbaşa olaraq, informasiya ombudsmanına müraciət edə bilər. Ombudsman da jurnalistlərin fəaliyyətlərinin yaxşılaşdırılması üçün nə lazımdırsa, edər. Media ombudsmanının vacibliyini bu kimi yüzlərlə nümunələr söyləməklə isbatlamaq olar.
Hesab edirəm ki, informasiya ombudsmanının strukturları formalaşdırılmalı, ştat ayrılmalıdır. Faktiki olaraq bu məsələ günümüz üçün çox aktualdır. İnternet əsrində yaşayırıq və hər şey informasiya ilə idarə olunur. Azərbaycanda 2005-ci ildə "İnformasiya əldə etmək azadlığı haqqında” qanun qəbul olundu. Bu isə o deməkdir ki, informasiya sadəcə jurnalistlərin monopoliyasında deyil. Hər bir ölkə vətəndaşı informasiya almaq və yaymaq hüququna sahibdir. Ancaq əksər vaxtlarda bu qanundan irəli gələn tələblər pozulur. İnformasiya verməyə məsul olan şəxslər bu qanuna hörmətlə yanaşmırlar. Bu işə müdaxilə edən bir qurumun olmaması isə medianın vəziyyətini çətinləşdirir”. 



Media problemləri kənarda qalıb


"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

“Doğrudan da, media ombudsmanına ehtiyac var. Hazırda insan haqları üzrə Ombudsman Aparatı yalnız cəmiyyətin digər təbəqələrinin, digər sahələrin problemlərinin öyrənilməsi və bu yöndə müvafiq fəaliyyət göstərilməsi üzərində işini qurub. Amma media problemləri ilə bağlı daha çox Mətbuat Şurasına müraciət edilir. İstər, medianın qarşılaşdığı problemlər, istərsə media ilə vətəndaşlar arasında yaranan anlaşılmazlıqlar, problemlər. Bu baxımdan, hesab edirəm ki, ya ölkədə ayrıca media ombudsmanı təsisatı yaradılmalıdır, ya da Mətbuat Şurasının statusu dəyişdirilməli, ona hüquqi səlahiyyətlər verilməlidir”.



Media ombudsmanına ehtiyac var


“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd deyir ki, Media Ombudsmanı ilə İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin ayrılması çox vacibdir:

“Əlbəttə, Media Ombudsmanı ilə İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin ayrılması çox vacibdir. Belə olarsa, media və media nümayəndələrinin hüquqlarının qorunmasına daha çox diqqət ayrılacaq. Media hər bir ölkənin çox həssas yeridir. Bu gün medianın apardığı informasiya savaşı, cəbhədəki silahlı toqquşmalardan daha təhlükəli və qorxuludur. Yəni informasiya savaşında qalib gələn ordu, əzələ savaşında mütləq zəfər çalır. Onu da deyim ki, dünya statistikasına baxsaq, görərik ki, media sahəsində çalışan insanların öldürülməsi halı digər sahələrdə baş verən oxşar hadisələrdən çoxdur. Jurnalistika çox riskli və təhlükəli peşədir. Jurnalistikanın prinsiplərindən, qızıl qaydalarından biri də odur ki, cəmiyyətdə haqq, hüququ tapdanan insanlar, vətəndaşlara dəstək göstərsin”.

Jurnalist düşünür ki, media nümayəndələri üçün ayrıca ombudsman aparatına ehtiyac var:

“Media ədalət çarçısıdır. Ümumi anlamda götürsək, bu gün hansısa jurnalistin hüququ tapdanırsa, bununla məşğul olmalı olan qurumlar, işlərinin çoxluğundan və ya yaş həddindən irəli gələn qeyri-aktivlik səbəbindən məsələ ilə maraqlana bilmirlərsə, deməli, media və media nümayəndələri üçün ayrıca bir ombudsman aparatına ehtiyac var. Azərbaycanda media nümayəndələrinin hüquqlarının davamlı şəkildə pozulduğunu iddia etmirik. Amma bütün dünya ölkələrində olduğu kimi, bizdə də bu hal var və yaşanır. Son zamanlarda cəmiyyətimizdə, məxsusi olaraq məmurlar, komitə sədrləri və bəzi deputatlar arasında belə meyl yaranıb ki, mediaya düşünmədən danışırlar, jurnalist olduğu kimi yazanda isə təkzib edirlər. Hətta bəzən jurnalistləri məhkəməyə verib, qazanırlar. Bir sözlə, media cəmiyyətin güzgüsü olduğu üçün o güzgünü təmiz və səliqəli saxlamaq lazımdır”.



Media ombudsmanı sərt tələblərlə çıxış etməlidir 


Həmkarımız Zülfiyyə Quliyeva da bu fikirdədir ki, media ombudsmanının ayrıca fəaliyyətinə ehtiyac var: 

“Əlbəttə, mən də hesab edirəm ki, Media Ombudsmanı İnsan haqları üzrə müvəkkilin səlahiyyətlərindən ayrı olmalıdır. İllərdir insan haqları üzrə ombudsman həm də media ombudsmanı vəzifəsini icra edirdi. Lakin biz media ombudsmanının işi ilə bağlı hər hansı məlumata malik deyildik. Məsələn, dövlət qurumlarının jurnalistlərin informasiya əldə etmək hüququnun tələblərini nə dərəcədə  yerinə yetirdikləri ilə bağlı ombudsmanın bir iş gördüyünün şahidi olmamışdıq. Dövlət qurumlarının rəhbərləri ilə məsləhətləşmə aparmaq azdır. Onların qarşısına jurnalist sorğusunu vaxtında cavablandırmaqla bağlı sərt tələb qoyulmalıdır. Artıq onlayn media daha populyardır. Oxucu xəbər saytlarından məlumatı vaxtında və dəqiq əldə etmək istəyir. Dövlət qurumu məlumat verməyəndə, sorğuya verəcəyi cavabı yubadanda, yaxud da, sorğuya aidiyyəti olmayan cavab verəndə, jurnalistin informasiya almaq hüququnu məhdudlaşdırmış olur. Bu cür hallara qarşı mübarizə üçün ayrıca Media Ombudsmanına ehtiyac var. Bu həm də dövlət qurumlarının məsuliyyətini artırar. Jurnalist də bilər ki, informasiya əldə etmək hüququ pozulanda kimə müraciət etməlidir. İndi  Ombudsman həm insan haqlarının, həm də jurnalist hüquqlarının pozulması ilə məşğul olur. Uşaq hüquqları, media və sairə hamısı bir ombudsmana yönəldildiyindən ortada nəticə yoxdur. Əslində hərəsi ilə bağlı ayrıca ombudsman olsa, fəaliyyətləri daha səmərəli olar”.