Mediaturlar dövlət orqanı, müəssisə və təşkilatlarla sağlam rabitənin yaranmasına xidmət etməlidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi və RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimində iştirak etdi. Mərasimdən sonra bir qrup media nümayəndələrinin Bakı Gəmiqayırma Zavoduna mediaturu təşkil olundu.
Qeyd etməliyik ki, son zamanlar mediaturlar intensiv xarakter almaqdadır. Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi mediaturlar təşkil edib və jurnalistlər konkret sahələr üzrə məlumatlandırılıb. “Mediaturların hansı müsbət tərəfləri var, jurnalistlərə hansı üstünlüklər verir”, sualına mütəxəssis rəyini soruşacağıq. Amma öncə Xəzər Dəniz Gəmiçiliyinin təşkil etdiyi mediaturla bağlı xatırlatma edək.
Jurnalistlərə ətraflı məlumat verilib
Bir qrup jurnalistin qatıldığı mediaturda gəminin kapitanı Elmar Səlimov media mənsublarına məlumat verib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı gəmi Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib: “Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub və ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd ”Wartsila" istehsallı mühərriklə təchiz edilib.
“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır".
Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli “Azərbaycan” bərə-gəmisi ilə tanış olublar.
Media nümayəndələrinə məlumat verilib ki, bu gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.
Qeyd olunub ki, unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.
"Xəzər Dəniz Gəmiçiliyi“ QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev jurnalistlərə bildirib ki, ”Azərbaycan" RoPax tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək: “Son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən irimiqyaslı layihələr və vacib islahatlar həyata keçirilir. Bu tədbirlər nəticəsində nəqliyyat-logistika və tranzit yükdaşımaların ən önəmli sahələrindən olan gəmiçilikdə də müsbət nəticələr əldə edilib. Təkcə son 6 ildə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ASCO tərəfindən 20 gəmi alınıb.
ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib. Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan 2 ədəd RoPax/Bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən 2 ədəd tankerin inşası üzrə ASCO ilə zavod arasında müqavilə imzalanıb. 2019-cu ilin fevralında daha 2 ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavodunda sifariş yerləşdirilib.
Bu gəmilərin tikintisinin 70 faizi ASCO-nun mənfəəti, digər 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir.
Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var".
Tankerlərə işğal altındakı ərazilərin adları verilir
M.Mehdiyev həmçinin bildirib ki, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir: “Sözügedən tanker ”Kəlbəcər" adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir".
M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.
Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmamverdi Həsənov jurnalistlərə məlumat verdi ki, zavodda bir tankerin hazırlanma xərci 14 milyon dollardır: “Bərə isə 41 milyon dollara başa gəlir. Hazırda zavodda 6 layihə icra edilir. Onlardan 4-ü tanker, 2-si isə bərə gəmisinin inşasıdır. Bir tanker artıq istifadəyə verilir, digərləri layihəyə uyğun vaxtda təhvil veriləcək. Yeni zavodlarda bu tipli gəmilərin inşa vaxtı və xərci çox çəkir. Amma köhnə zavodlarda avadanlıqla təchizat olduğu üçün nisbətən ucuz və qısa vaxtda gəmilər inşa edilir. ”Laçın" tankeri ən müasir tələblərə uyğun tikilib. Texniki imkanlarına görə digərlərindən fərqlənir" .
Baş menecer qeyd edib ki, əgər xarici ölkələr belə gəmilərin hazırlanması ilə bağlı sifariş verərsə, icra edilə bilər: “Zavodun idarəetmə heyəti 100 faiz azərbaycanlılardan ibarətdir. Hazırda zavodda 1390 azərbaycanlı işçi çalışır. Əcnəbi işçilər isə 5 faizdir, haradasa 200-ə yaxındır, onlar da podratçı şirkətlərdə çalışanlardır. Lakin 2013-cü ildə zavod açılanda yerli işçilərin sayı 200 nəfərdən çox deyildi”.
İmamverdi Həsənov bildirib ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-yə qonşu ölkələrdən gətirilən gəmilər də əsaslı təmir olunur: “Həmçinin zavodda Qazaxıstandan gətirilmiş yarımçıq 3 gəminin müəyyən hissələrinin yekun tamamlanma işləri aparılıb. Zavodumuzun istehsal gücü böyük olduğu üçün burada uzunluğu 250 m, yük götürmə qabiliyyəti 70 min tona qədər olan tankerlər inşa etmək imkanı var. Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda yeganə zavoddur ki, belə gəmilər inşa edir. Biz xarici ölkələrdən də sifariş qəbul etməyə hazırıq", - deyə o bildirib.
Jurnalistlər tənqidi məqamları da üzə çıxarmalıdır
Əməkdar jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında bildirdi ki, mediaturların günün nəbzinə uyğun təşkil edilməsi vacibdir:
- Böyük islahatlar dövründəyik. Cənab Prezident həm ictimai-siyasi, həm iqtisadi, hərbi sahədə, həm də sosial həyatı əhatə edən sahələrdə aparılan yeniliklərə, inkişaf prosesinə böyük diqqət ayırır. Bir müddət əvvəl cənab Prezident “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cavid Qurbanovu qəbul etdi. Dəmiryolları ilə bağlı geniş müzakirə aparıldı. Ondan sonra C.Qurbanov jurnalistləri dəvət etdi. İndi də Prezident “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi və RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimində iştirak etdi. Açılış mərasimində Prezident vurğuladı ki, Azərbaycan Xəzər akvatoriyasında ən böyük donanmaya sahib ölkədir. Nəzərə alsaq ki, Azərbaycanın dəniz qonşuları olan 4 dövlətdən 3-ü ərazicə bizdən böyükdür, belə olan halda Azərbaycanın bu dövlətlərdən daha böyük donanmaya sahib olması, təbii ki, qürurverici haldır. Və çox böyük göstəricidir. Bu halda ümumilikdə cəmiyyətin də marağı artır və cəmiyyət daha çox informasiya əldə etmək istəyir. Onu da nəzərə alaq ki, Prezidentin səfəri, əlbəttə vaxt məhdudiyyəti baxımından qısa oldu. Bu baxımdan cəmiyyətdə yarana biləcək bəzi suallara cavab verilməsi üçün mediaturun təşkil edilməsi yerinə düşürdü. Prezidentin diqqət yetirdiyi sahəyə mediaturların təşkil edilməsi cəmiyyətin daha geniş informasiya əldə etməsi üçün müsbət haldır. Amma bəzən görürük ki, xüsusi zərurət olmadan, sadəcə tədbir xətrinə jurnalistlərin harasa səfərləri təşkil olunur. Baxırsan ki, bu cür səfərlər ancaq reklam xarakteri daşıyır. Yaxud, jurnalistlərə hansısa hədiyyələr təqdim edilir. Anlaşılandır ki, bunlar informasiya bolluğu məqsədilə deyil, jurnalistlərin loyallaşmasına, cəmiyyətə lazım olan deyil, hansısa müəssisəyə gərək olan informasiyaların yayılmasına xidmət edir. Əlbəttə, belə “mediaturlar” peşəkar jurnalistikaya nəsə qazandıra bilməz. Məsələnin digər tərəfi isə budur ki, media ilə əlaqələr təkcə hansısa sahəyə mediaturların təşkil edilməsi çərçivəsinə salınmamalıdır. Bu cür mediaturların əsas üstünlüyü cəmiyyəti lazım olan informasiya ilə təmin etmək, əhalini narahat edən hansısa məsələlərə aydınlıq gətirmək və təbii ki, tərəflər arasında kommunikasiyanın yaranması olmasıdır. Yoxsa, bu gün jurnalistləri yığdıq harasa apardıq, sabah zəng edib nəsə soruşmaq istəyəndə, əlaqədən qaçıldı, belə olmamalıdır. Mediaturlar dövlət orqanı, müəssisə və təşkilatlarla sağlam rabitənin yaranmasına xidmət etməlidir. Jurnalistə nə lazımdır? Dolğun informasiya. İstər rəsmi qurumlar olsun, istərsə də müəssisə və təşkilatlar ilk növbədə medianı informasiya ilə təmin etməlidir.