“Qlobal informasiya məkanında Azərbaycanın maraqlarını qoruya biləcək jurnalistlərə çox böyük ehtiyac var”
“Hələ ki Azərbaycanın əksər media orqanı xarici tədbirlərə müxbir göndərə bilmir”
“Xarici dil bilən jurnalistlərə redaksiyalar yaxşı maaş verməlidir. Əks halda, onlar xarici şirkətlərlə işləməyə üstünlük verəcəklər”
Qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Məhz xaricidilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentliyi mövcuddur ki, Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir.
Bu, əslində ölkəmizin doğru yöndə tanınması üçün ən önəmli amillərdəndir. Amma bu istiqamətdə həyata keçirilən tədbirlərin gözlənilən effekt verməsi üçün başlıca şərtlərdən biri xaricidilli jurnalistlərin olmasıdır ki, ekspertlər və baş redaktorlar bu sahədə vəziyyətin qənaətbəxş olmadığı qənaətindədir. Hesab edirlər ki, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq proqressiv addımlar atılmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, təkcə milli informasiya məkanı deyil, qlobal informasiya məkanında da Azərbaycanın maraqlarını qoruya biləcək, jurnalistlərə çox böyük ehtiyac var:
"Azərbaycan media quruluşlarında çalışan kifayət qədər savadlı və müxtəlif dilləri bilən çoxsaylı jurnalistlərimiz var. Azərbaycan xalqı istedadlı xalqdır. Dil öyrənmək xalqımız üçün heç vaxt çətin olmayıb. Genetik istedaddır. Əlbəttə, xaricdə ölkəmizi təmsil edən jurnalistlər nə qədər çox olarsa, bu, bir o qədər bizim xeyrimizədir. Onların hazırlığı çox yüksək səviyyədə olmalıdır. Ona görə ki, hazırda informasiya ilə manipulyasiya etmək və ondan silah kimi istifadə etmək ənənəyə çevrilib. Azərbaycanın maraqlarına xidmət edən bacarıqlı jurnalistləri aparıcı dövlətlərə göndərmə prosesi gedir. Ola bilsin ki, müəyyən nöqsanlara rast gəlinə bilər. Amma bu da zamanla aradan qalxacaq".
Baş yazarın sözlərinə görə, Azərbaycan jurnalistlərinin xarici dillərə yiyələnmək məsələsi bir qədər təkmilləşməlidir: "Dili kurslarda da öyrənmək olar. Amma onu daha mükəmməl formada mənimsəmək üçün mütləq həmin ölkədə yaşamaq lazımdır. Problemi köklü şəkildə öyrənmək üçün jurnalistlər bir neçə kurs keçməlidirlər və yaxud dillə bağlı təşkil olunmuş beynəlxalq proqramları öyrənə bilərlər".
"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli 90-ların jurnalistlərinin əksəriyyətinin xarici dil olaraq rus dilini bildiyini deyib:
"Türk dilini Azərbaycan mediasında bilməyən yoxdur. Rus və türk dilləri köhnə nəsil jurnalistlərinin “əlindən tutur”. Ancaq 1990-cı, 2000-ci illərdə doğulmuş gənclərin əksəriyyəti ingilis dilini bilir. Bir hissəsi ali təhsilini ingilis dilində alıb, bir hissəsi xarici dil kurslarına gedir. "Onların ingilis dili bilgisi işin keyfiyyətinə təsir edirmi" sualına isə cavab verməkdə çətinlik çəkirəm. Hələki əksər Azərbaycan media orqanı xarici tədbirlərə müxbir göndərə bilmir. İri teleşirkətlərin, xəbər agentliklərinin xaricdəki müxbirlərinin yəqin ki, əcnəbi dil bilgiləri var. Şəxsən mən informasiya hazırlayan, redaktə edən jurnalist olaraq tərcümə xəbərlərində rus və türk dillərindən istifadə edirəm. Bu dilləri bilməyim köməyimə çatır. Dünyada baş verən siyasi, idman, mədəniyyət və iqtisadiyyat xəbərlərini rus saytlarından izləyirəm. Türk saytları da çevik və operativdir. Onlardan da yararlanıram. Fikrimcə, yaşından asılı olmayaraq Azərbaycan jurnalistləri dünyada daha yayğın dil olan ingilis dilini öyrənməlidir. Öyrənmək heç zaman gec deyil".
Jurnalist Səxavət Məmmədin sözlərinə görə, dünyada informasiya müharibəsi getdiyi bir zamanda jurnalistin xarici dili bilməsi vacib sayılmalıdır. Azərbaycanda öz dilimizdə doğru-düzgün yazıb oxuya bilməyənlər var:
"Cəmiyyəti informasiya ilə təmin etməyə borclu olan jurnalistlər xarici dili bilməlidir. Özümüz də yaxşı bilirik ki, bəzən ölkədə həftələrlə xəbər qıtlığı olur. Ona görə də, çox zaman xarici medianı izləmək məcburiyyətində qalırıq. Dünyada baş verən prosesləri izləmək və oxuculara düzgün çatdırmaq lazımdır”.
“Milli.az” saytının baş redaktoru Anar İmanovun fikrincə, bu sahədə vəziyyət qənaətbəxşdir. Kifayət qədər bilikli, savadlı, bir neçə dil bilən jurnalistimiz var. Sevindirici haldır ki, bir çox jurnalist bununla kifayətlənməyib daim özünü inkişaf etdirir, xarici dillərin öyrənilməsinə maraq göstərir:
"Başqa bir sevindirici hal ondan ibarətdir ki, jurnalistlər üçün xarici dillərin öyrənilməsi üçün pulsuz kurslar təşkil olunur. Düşünürəm ki, jurnalistlər üçün bir neçə dil bilmək vacibdir. Əsas da ingilis dilini. Bir çox hallarda jurnalistlər xəbərlərin hazırlanması üçün xarici mediadan istifadə edirlər – mənbələrin çoxusunda isə ingilis dili istifadə olunur. Başqa bir vacib məqam jurnalistlərin xarici dövlətlərə səfərləri ilə bağlıdır. Xaricdə əsasən ingilis dili istifadə olunur. Başqa bir məqam xarici mediada bizim jurnalistlərin yazıların dərc edilməsi ilə bağlıdır. Dil bildikdən sonra, yazı jurnalist tərəfindən lazım olan dildə hazırlananda, bu proses daha da sürətlənir. Hər hansı KİV-də vakansiya olduqda, üstünlük daha çox xarici dil bilən jurnalistlərə verilir, bu da xarici dillərin daha yüksək səviyyədə öyrənilməsi üçün daha bir stimuldur".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, ingilis və yaxud hansısa xarici dili bilmək hələ yaxşı jurnalist olmaq demək deyil:
"Peşəkar jurnalistlərimiz var. Amma onlar xarici dilləri bilmədiklərinə görə, müəyyən problemlərlə rastlaşırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və xarici siyasətdə kifayət qədər yer tutur. Hər ehtimala qarşı bizim peşəkar jurnalistlərimiz, məxsusi olaraq beynəlxalq məsələlərdən yazan media təmsilçilərimiz əcnəbi dili öyrənməlidirlər. Artıq dövr və zaman bunu tələb edir. Bu tələbi qarşılamaq öhdəliyimizdir. Hər halda Azərbaycanla bağlı beynəlxalq aləmdə kifayət qədər ziddiyyətlər mövcuddur. Azərbaycan diplomatları kimi, ölkə jurnalistləri də rəqib ölkəyə cavab vermək gücündə olan şəxslər olmalıdırlar. İnkişaf etmək lazımdır".
Təşkilat sədrinin sözlərinə görə, KİV-lər xaricə nümayəndə göndərəndə seçimlərinə diqqət yetirməlidirlər: "Beynəlxalq tədbirlərə dil bacarıqları olan jurnalistləri seçib göndərmək gərəkdir. Bunu nəzərə almaq lazımdır".
"Jurnalistlər xarici dili necə öyrənməlidirlər" sualına gəlincə, ekspert bunun bir neçə yolunu təklif edib: "Birincisi odur ki, redaksiyalar jurnalistləri öz hesablarına xarici dil kurslarına göndərə bilərlər. İkincisi, jurnalistlərin özü cəhd edib öyrənməlidir. Azərbaycanda müvafiq qiymətə kifayət qədər dil kursları mövcuddur. Üçüncüsü isə müəyyən kampaniyalar mövcuddur. Onlar hər il jurnalistlər üçün pulsuz dil kursları təşkil edirlər. Jurnalistlər o kursu kifayət qədər uğurla başa vururlar. Sadəcə maraq göstərmək lazımdır. Eyni zamanda redaksiyalar istəsələr ki, işləri uğurla getsin, bu cür problemlərlə üzləşməsinlər, onda həmin sahədə jurnalistlərə köməklik göstərməlidirlər.
«RİA-Novosti” agentliyinin əməkdaşı İlqar Vəlizadə də hesab edir ki, xaricidilli jurnalistlərlə bağlı ölkədə vəziyyət kafi olaraq qalıb. Onun sözlərinə görə, vəziyyətin ürəkaçan olmaması tələbatla bağlı olan məsələdir:
"Əgər Azərbaycanda xaricidilli mətbuata tələbat yüksək olsaydı, jurnalistlər də hansısa xarici dil bilgilərinə sahib olmaqda maraqlı olardılar. Bu gün Azərbaycanda rus və türk dillərində yazmağı və danışmağı bacaran insanların sayı kifayət qədərdir. Bu mənada çatışmazlıqlar dedikdə, təbii ki, söhbət ingilis, fransız, alman, ərəb-fars dillərindən gedir. Bu dillərdə dərc olunan məlumatlara tələbat ödənilən səviyyədədir deyə inkişafa ehtiyac duyulmur. Yəni ki, az sayda da olsa, həmin dilləri bilən jurnalistlər var və onlar mövcud oxucu kütləsini təmin edir”.
İ.Vəlizadənin sözlərinə görə, jurnalistlərin xarici dilləri bilməməsi informasiyanı ilkin mənbədən almaqda müəyyən problemlər yaradır:
"Jurnalistlər xəbəri ilkin mənbələrdən götürüb istifadə etsələr, daha yaxşı olar. Yəni ki, fars dilində olan məlumatı rus dilində tərcümədən əldə etməklə birbaşa mənbədən əldə etmək bir deyil”.
İ.Vəlizadə qeyd edib ki, Azərbaycan mediasında xarici dil bilən jurnalistlərin sayının az olmasının əsas səbəblərindən biri də maddi faktordur:
"İndiki şəraitdə bir neçə dil bilən jurnalistlərlə işləmək müəyyən qədər vəsait tələb edir. Xarici dil bilən insanlara tələbat olduğu üçün media orqanları onlara istədikləri vəsaiti verməlidir. Əks halda, bu insanlar mediadan daha çox xarici firmalarla, şirkətlərlə işləməyə üstünlük verir”.