Mediaya ÇAĞIRIŞ: “Təşviş xarakterli məlumatlar virusdan daha təhlükəlidir”

“Ona görə də məlumatların yayılmasında istisnasız şəkildə dövlət orqanlarına istinad edilməlidir”

“Bizim peşəkar media qurumlarımız çoxdur və onlar peşəkarcasına davranır”Lakin təəssüf ki, İP yığmaq xatirinə dəqiqləşdirilməmiş xəbər yayanlar da var”



Azərbaycan Respublikasının Baş Prokurorluğu “sozcu.az” xəbər portalının təsisçisi Elşən Əli oğlu Məmmədova xəbərdarlıq edib. Buna səbəb adıçəkilən xəbər portalında “COVİD-19” adlanan virus və ya “koronavirus” epidemiyası ilə bağlı qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimaiyyətdə narahatlıq və təşviş yaratmağa xidmət edən yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməklə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. 

Prokurorluğun məlumatında qeyd edilir ki, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.



Mövcud durumu şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşviq Ələsgərli “Şərq”ə açıqlamasında bildirib ki, Baş Prokurorluğun addımı düzgündür: 

- 2 gün əvvəl beynəlxalq jurnalis təşkilatları Avropada toplandı və koronavirus təhlükəsi ilə bağlı dünya mediasına çağırışlar edildi. Bildirildi ki, təşviş xarakterli məlumatlar insanlara virusun özündən daha çox ziyan vurur. Sosial şəbəkələrdə vahiməli informasiyaların yayılmasında maraqlı olan qüvvələr var və onlar əhali arasında təşviş yaradılmasında maraqlıdırlar. Dünya mediasına, KİV-lərə müraciət olundu ki, ictimaiyyəti operativ xəbərlərlə daim təmin etsinlər ki, insanlar şayiə xarakterli məlumatların ardınca düşməsin. Azərbaycanda da Operativ Qərargah yaradılıb, dövlət qurumları medianı məlumatlandırır, kifayət qədər informasiya verilir. Ona görə də məlumatların yayılmasında istisnasız şəkildə dövlət orqanlarına istinad edilməlidir. Bizim peşəkar media qurumlarımız çoxdur və onlar peşəkarcasına davranır. Lakin təəssüf ki, İP yığmaq xatirinə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olmadan xəbər yayan media qurumları da var. Bu mənada Baş Prokurorluğun addımı düzgündür və buna normal yanaşılmalıdır. Vətəndaşların təhlükəsizliyi, insanlarımızın sağlamlığı xəbər yayıcılığından öndə gəlir.