Ellada İbadova: "Həvəs və bir az istedad tələbənin gələcəkdə yaxşı jurnalist olmasını şərtləndirən əsas amillərdəndir"
Bəzən professionallıq kifayət etmir. Mövcud məsələləri dünya miqyasına çıxarmaq üçün beynəlxalq dillərdən heç olmasa birini mükəmməl bilmək lazımdır. İngilisdilli jurnalistlərimiz sözügedən istiqamətdə mühüm rol oynayırlar
Ümummilli lider Heydər Əliyev deyib: "Təhsil millətin gələcəyidir". Doğrudan da, bu gün yüksək ixtisaslı kadrların yetişdirilməsi dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün ölkəmizdə hər cür şərait var. Bir sıra universitetlərdə ingilis bölməsinin yaradılması da birbaşa olaraq bu məqsədə - təhsilin inkişafına xidmət edir. Belə ali məktəblərdən biri də müstəqil Azərbaycanın həmyaşıdı, təhsilimizin flaqmanı sayılan Bakı Dövlət Universitetidir. Universitetin 17 fakültəsinin hər birində, o cümlədən Jurnalistika fakültəsində abituriyentlərin - gələcək tələbələrin seçdikləri ixtisası ingilis dilində mənimsəmək imkanları var. Medianın beynəlxalq aləmdəki yeri və rolunu, onun "Dördüncü hakimiyyət" statusunu nəzərə alsaq bunun tələbə-jurnalistlər üçün ikiqat əhəmiyyətli olduğunu əminliklə deyə bilərik. Odur ki, BDU-nun Jurnalistika fakültəsinin ingilis bölməsinin müəllimlərindən biri olan Ellada İbadova ilə ingilis dilində tədris haqqında həmsöhbət olduq:
- İngilis dilində tədrislə Azərbaycan dilində tədrisin əsas fərqləri nələrdir?
- Tədris proqramı arasında ciddi fərq yoxdur. İngilis dilində tədrisin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr həm Jurnalistika ixtisasına yiyələnir, həm də xarici dillərini təkmilləşdirirlər. Əlbəttə, bütün sahələrdə olduğu kimi, təhsildə də Avropaya inteqrasiya etdiyimiz bir vaxtda bu, olduqca vacib məqamdır. Müəllimlər də kifayət qədər bilikli və təcrübəlidirlər. Ancaq əfsuslar olsun ki, ədəbiyyatlar arzuolunan qədər deyil.
- Bəs ədəbiyyatın azlığının tədrisin keyfiyyətinə təsir etməməsi üçün hansı addımları atırsınız?
- İlk növbədə onu deyim ki, ədəbiyyatın azlığı tədrisin keyfiyyətinə təsir etmir. Bizim hazırda mətbuatda fəal çalışan tələbələrimiz kifayət qədərdir. Sualınıza konkret cavab olaraq isə daha çox ingilis və Amerika ədəbiyyatlarından istifadə etdiyimizi qeyd edə bilərəm. Bundan əlavə vikipedik materiallar çox köməyimizə gəlir. İnternet vasitəsilə müxtəlif jurnalistika mütəxəssislərinin medianın konkret sahələrinə dair əsərlərini, məqalələrini əldə edirik. Tələbələr həm də Azərbaycan dilindəki dərslikləri, vəsaitləri ingiliscəyə tərcümə edirlər. Bəzən bu, onlar üçün daha səmərəli və əlverişli olur. Çünki tələbə əvvəlcə mətni öz dilində tam qavrayır, tərcümə zamanı isə söz bazasını artırır.
- İngilis dilində tədrisin keyfiyyətindən gileylənənlər də var...
- Düzdür, şikayətlər olur. Adətən birinci və ikinci kurslar terminlərin çətin, proqramın ağır olduğunu deyirlər. Müəyyən mənada razıyam. Sözsüz ki, məktəbi yenicə bitirən tələbə üçün jurnalistikanı ingilis dilində oxumaq heç də asan deyil. Üçüncü və dördüncü kurslar isə müəllimlərin hərdən Azərbaycan dilində danışdıqlarından şikayət edirlər. Nəzərə almaq lazımdır ki, qrupdakı tələbələrin heç də hamısının ingilis dili səviyyəsi eyni olmur. Bu səbəbdən də bəzən pedaqoq məcbur qalıb Azərbaycan dilində də danışır. Lakin ixtisasını bilməyən müəllimi, yəqin ki, Bakı Dövlət Universiteti kimi bir müəssisəyə, özü də Jurnalistika fakültəsinə işə götürməzlər.
- Tələbələrin xarici dil səviyyələrinin eyni olmadığını dediniz. Bu problemi aradan qaldırmaq üçün nələr etmək lazımdır?
- Bu, çox aktual bir məsələdir. Hər qrupda bir neçə tələbə olur ki, ingilis dilində nəinki başa düşür, heç normal danışa da bilmir. Onlardan niyə bu bölməni seçdiyini soruşuram. Cavab verə bilmirlər. Şübhəsiz, qeyd etdiyiniz məsələ ciddi problemdir. Bəlkə də, həmin tələbə ingilis dilini mükəmməl səviyyədə bilən hansısa gəncin yerini tutur. Məhz bu səbəbdən şəxsən mən xüsusilə birinci və ikinci kursların dərslərində mühazirəni həm də cümləbəcümlə Azərbaycan dilində oxuyuram. Belə olan halda ingiliscəni kifayət qədər bilməyən tələbələr də dərsi mənimsəmiş olurlar. Düşünürəm, məsələdən əsas çıxış yollarından biri də həmin tələbələr üçün kursların təşkil edilməsidir. Hər halda biz onlara ingilis dili yox, jurnalistika öyrətməliyik. Onu da qeyd edim ki, tələbələr mütləq öz aralarında ingilis dillərində danışmalıdırlar. Bu, mühüm məqamdır. Üzərlərində çalışmalar, necə inkişaf edə bilərlər?
- Yaxşı jurnalist olmaq üçün təkcə xarici dili bilmək də kifayət etmir...
- Sözsüz. Bütün sahələrdə olduğu kimi, burada ilk növbədə həvəs olmalıdır. Həvəs və bir az istedad tələbənin gələcəkdə yaxşı jurnalist olmasını şərtləndirən əsas amillərdəndir. Dörd illik ali təhsil müddətində tələbələr Jurnalistika fakültəsində öz istedadlarını təkmilləşdirir, eyni zamanda nəzəri biliklər əldə edir, müxtəlif janrların xüsusiyyətlərini mənimsəyirlər. Onu da deyim ki, jurnalistlər üçün nəzəriyyə və təcrübə vəhdətdə inkişaf etməlidir. Fakültəmizdə tələbələrin praktika ilə məşğul olmaları üçün hər cür şərait var. Məsələn, “Jurnalist” qəzeti, “Jurnalistika.info” saytı, Tədris-teleradio studiyası tələbələrin təcrübə laboratoriyaları hesab olunur. Tələbə-jurnalistlər peşəkar müəllimlərin köməyi ilə müxtəlif sahələrin sirlərinə yiyələnirlər. Hətta bizim elə tələbələrimiz var ki, artıq müxtəlif KİV-də çalışırlar. Bu, olduqca müsbət haldır. Həm də tələbənin zəhmətkeşliyindən, öz işinə sevgisindən xəbər verir.
- Ellada xanım, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çıxarılmasında xarici dilli media işçilərimizin hansı rolu var?
- 1990-cı ildən üzü bəri Azərbaycan jurnalistikası böyük inkişaf yolu keçib. Mediamız, demək olar, hər gün tərəqqi edir. Mətbuat işçilərimiz həm ənənəvi qəzetlərdə, həm televiziya və radiolarda, həm saytlarda, həm də sosial şəbəkələrdə çox zaman professional davranır, baş verən hadisələrə operativ münasibət göstərirlər. Bizim müharibə şəraitində olduğumuz, haqq səsimizi dünyaya çatdırmaq istədiyimiz bir zamanda bu, çox yaxşıdır. Ancaq bəzən professionallıq kifayət etmir. Mövcud məsələləri dünya miqyasına çıxarmaq üçün beynəlxalq dillərdən heç olmasa birini mükəmməl bilmək lazımdır. İngilisdilli jurnalistlərimiz sözügedən istiqamətdə mühüm rol oynayırlar. Bu dili bilən media işçilərimizin olması, həmçinin BDU-nun Jurnalistika fakültəsində ingilis dilli mətbuat nümayəndələrinin yetişmələri olduqca sevindiricidir. Beləliklə, biz dünyada ölkəmiz əleyhinə yönəlmiş ikili standartlı kampaniyaya qarşı uğurla mübarizə apara bilərik.
- Bildiyimə görə, siz ADU-nun İngilis dili fakültəsini bitirmisiniz. Bu amil fəaliyyətinizə necə təsir göstərir?
- Ancaq müsbət. Çünki ingilis dilini mükəmməl, daha doğrusu, akademik səviyyədə bilirəm. Nəticədə tələbələrlə ünsiyyətdə heç bir çətinlik çəkmirəm.
- Bəs necə oldu ki, Jurnalistika fakültəsində dərs keçməyə başladınız?
- Mənim atam jurnalistdir. 30 il mətbuatda çalışıb. Görünür, bu sahəyə maraq ondan mənə keçib. Şagirdlik vaxtlarımdan həmişə oxumağa, araşdırmağa həvəs göstərmişəm. Beləliklə, bu həvəs məni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirdi. 2017-ci ildən burada müəllim kimi çalışıram. "Çap texnikası və qəzet istehsalı", "Nəşriyyatda praktik iş" və "Qəzetin tipi və informasiya siyasəti" kimi fənlərdən mühazirə və seminarlar aparıram. Ancaq təxminən il yarım əvvəldən ciddi hazırlıq prosesi keçdim, ədəbiyyatlar oxudum, bəzi dərslikləri tərcümə etdim. Bayaq da dediyim kimi, Jurnalistika fakültəsində dərs keçmək olduqca məsuliyyətlidir. İndi də öyrənməkdə davam edirəm. Hər gün ən azı bir neçə termin öyrənirəm.
- BDU-nun Jurnalistika fakültəsində dərs keçmək istəyəndə ailənizin buna münasibəti necə oldu?
- Düzdür, mən mühafizəkar ailədə böyümüşəm. Ancaq ailəm bu məsələyə çox normal münasibət göstərdi. Ali təhsilimi başa vurduqdan sonra bir sıra təhsil müəssisələrində, o cümlədən Asiya Universitetində jurnalistikadan dərs keçmişəm. Sonradan hörmətli kafedra müdirimiz, professor Cahangir Məmmədlinin dəvəti ilə BDU-nun Jurnalistika fakültəsinə dəvət aldım. Düşünürəm ki, bura gəlməyim həyatımdakı ən düzgün qərarlardan biridir.
- Maraqlıdır, tərcümə etdiyiniz vəsaitləri gələcəkdə nəşr etmək fikriniz var?
- Əlbəttə. Müəlliflərlə razılaşıb bunu etmək olar. Məsələn, bir neçə il əvvəl dosent Sevinc Əliyevanın "KİV-in dili və ədəbi redaktə" kitabını ingilis dilinə tərcümə etmişdim. Ola bilsin, gələcəkdə bunu nəşr edək.
- Ellada xanım, ingilis bölməsində dərs keçən müəllimlərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu amilin müəllim-tələbə münasibətlərinin qurulmasında hansı rolu var?
- İngilis dilinə maraq son 10-15 ildə artıb. Ona görə də bu dili öyrənmək daha çox bizə lazım olub, nəinki yaşlı nəslə. Sözsüz, yaşlı nəslin nümayəndələri daha təcrübəlidirlər. Biz özümüzü onlarla müqayisə edə bilmərik. Məsələn, mən müəllim olsam da, hələ də yuxarıda adını çəkdiyim Cahangir müəllim və onun kimi digər ustadlarımızdan öyrənirəm. Sağ olsunlar, ustadlar həvəslə öz bildiklərini bizimlə bölüşürlər. Amma təcrübələr göstərir ki, tələbələr gənc müəllimlərlə daha rahat ünsiyyət qururlar. Çünki biz eyni dövrün adamları olduğumuza görə bir-birimizi başa düşürük. Bu məsələyə normal və təbii yanaşmaq lazımdır. Hər dövrün öz tələbi var. Necə deyərlər, hər dövr özü öz gəncliyini yetişdirir.
- Gənclərlə işləmək çətin deyil?
- Müxtəlif məsələlərə münasibətdə gənclərin düşüncələri çox fərqlidir. Onlar azadlığa meyillidirlər. Bu, şəxsən məni çox sevindirir. Qrupda müxtəlif düşüncəli tələbələr olur. Ancaq onlar heç vaxt biri-birlərinin xətrinə dəymir, sivil qaydada müzakirələr aparırlar. Bəs gəncliyimiz belə deyildi. İndiki gənclərin qarşısında durmaq çətindir. Gələcək nəsillər ilə mübarizə isə ümumiyyətlə çətin olacaq. Odur ki, mən gənclərlə işləməkdən zövq alıram.
- Gənclərə tövsiyələriniz nələrdir?
- Çox ədəbiyyat oxumaq lazımdır. Özü də təkcə Azərbaycan dilində yox, həm də rus və ingilis dillərində. Dövr intellekt dövrüdür. Dünyada baş verən hadisələrdən baş çıxarmaq üçün intellektli olmaq lazımdır. Bununla yanaşı gənclər, o cümlədən tələbə-jurnalistlər qətiyyətli olmalı, hədəflərinə çatmaq üçün əzmkarlıq göstərməlidirlər. Tam səmimi deyirəm ki, mən gənclərə inanıram. Onların azad ruhlu olmasına görə gələcəklərinin parlaq olacağını deyə bilərəm.
P.S: Ellada xanımla müsahibəmiz məşhur kitab mağazalarının birində baş tutur. Müsahibədən sonra xeyli söhbət edir, o cümlədən media, ədəbiyyat haqqında fikir mübadiləsi aparırıq. Hərəyə bir kitab alırıq və vədələşirik ki, düz bir il sonra elə burada-elmi və bədii olmaqla yüzlərcə kitabın arasında xarici dilli mətbuatımızın o vaxtkı durumunu müzakirə edəcəyik.