Xarici dili bilmək jurnalistin qələminin gücünü, itiliyini iki dəfə artırır


Türkan Əkbərova: "Ölkəmizdə ingilisdilli jurnalistlərin yetişməsi üçün hər cür şərait var"

 Jurnalistikanı “Cəmiyyətin güzgüsü” hesab edənlər heç də yanılmırlar. Belə ki, jurnalistlər ictimai şüurun yaradılmasında, ictimai rəyin formalaşdırılmasında mühüm pay sahibidirlər. Onlar öz fəaliyyətləri ilə ayrı-ayrı qaranlıq məqamlara işıq salır, problemlərin həll olunmasına çalışırlar. 
Peşəkar media işçilərinin yetişməsində ölkəmizdəki bir çox ali məktəblərin, o cümlədən Bakı Dövlət Universitetinin rolu danılmazdır. BDU-nun Jurnalistika fakültəsinin böyük bir jurnalist nəslinin yetişməsi istiqamətində xüsusi xidmətləri var. Müşahidələr göstərir ki, bu universitetin məzunları həmişə özlərinin fəaliyyəti ilə həmkarlarına nümunə olurlar. Azərbaycanın ilk ali məktəbinin Jurnalistika fakültəsində təkcə Azərbaycan və rus yox, həm də ingilis bölmələrinin təşkil edilməsi də beynəlxalq jurnalistlərin yetişməsi üçün növbəti müsbət təşəbbüs kimi qiymətləndirilməlidir. Artıq altı ildir ki, tələbələrə burada ingilis dilində təhsil almaq imkanı verilib. Onlar müvafiq meyarlara cavab verdikləri halda bu imkandan istifadə edə bilərlər. 
İngilis dilində tədrisin əhəmiyyətini nəzərə alaraq fakültənin müəllimlərindən Türkan Əkbərova ilə həmsöhbət olduq. Tələbə-jurnalistlərə “KİV-də menecment və reklam”, “KİV-in iqtisadiyyatı”, “Jurnalistin etik mədəniyyəti”, “Onlayn jurnalistika”, “İctimaiyyətlə əlaqələr” kimi fənlərdən dərs keçən Türkan xanım həm PR mütəxəssisidir. O düşünür ki, digər fakültələrlə müqayisədə Jurnalistika fakültəsində ingilis dilində tədrisin nəzərdə tutulması ikiqat əhəmiyyətlidir: “Jurnalistika sərhəd tanımır. Başqa sözlə desək, media beynəlxalq əhəmiyyətli sahədir. Xüsusilə texnikanın, texnologiyanın inkişaf etdiyi hazırkı dövrdə informasiya çox zaman bir millət, xalq üçün yox, bütün dünya üçün təqdim olunur. Məhz bu səbəbdən də hamının xəbərə çatmasından ötrü beynəlmiləl dillərdən birindən, o cümlədən ingilis dilindən istifadə olunmalıdır. Müasir dövrdə təkcə yazı qabiliyyəti ilə professional jurnalist olmaq mümkün deyil. Bu mənada BDU-nun digər fakültələri kimi, bizim fakültəmizdə də ingilis bölməsinin yaradılmasının məqsədəuyğun olduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin informasiya müharibəsində qalib gəlməsi xeyli dərəcədə onun xaricidilli jurnalistlərinin üzərinə düşür. Silah dövrü artıq geridə qalıb, indi ölkələr faktlarla, informasiya və dezinformasiyalarla biri-birlərinə zərbə vururlar”. 
Jurnalistlər hər bir dövlətin danışan dili, eşidən qulağı, görən gözüdürlər. Əgər hərbçilər sərhədləri qoruyur, torpaqları müdafiə edirlərsə, “IV hakimiyyət” təmsilçiləri həm də ölkənin imicinə zərbə vura biləcək dezinformasiyaların qarşısını alır, yarana biləcək çirkin kampaniyalarla mübarizə aparırlar. Azərbaycanın artıq otuz ilə yaxındır davam edən Dağlıq Qarabağ problemi var. Torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Beynəlxalq aləmdə səsimizi eşidənlər də var, eşitməyənlər də. Belə bir vəziyyətdə mediamızın üzərinə hansı vəzifə düşür? Müsahibimizin sözlərinə görə, xaricidilli kadrların hazırlanmasında əsas məqsədlərdən biri də məhz budur. “Media sisteminin Beynəlxalq jurnalistika adlı xüsusi bir qolu var. Bəzi ekspertlər hətta beynəlxalq jurnalistikanı medianın zirvəsi hesab edirlər. Bu sahə ilə məşğul olanlar məhz ölkə sərhədlərindən kənarda dövləti, milləti, xalqı təmsil edirlər. Onların əsas silahı isə xarici dildir. Xarici dilə tələbat heç vaxt indiki kimi çox olmayıb. Bu, birbaşa olaraq planetdə baş verən siyasi proseslərlə əlaqədardır. Hər bir ölkənin tarixi var. Mövcud tarixi faktları beynəlxalq aləmdə müzakirəyə çıxarmaq xaricidilli jurnalistlərin işidir. Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı həqiqətlər göz qabağındadır. Lakin heç də hər kəs onları qəbul etmir. Deməli, bizim yetişdirdiyimiz jurnalistlər yazılarını əcnəbi dildə hazırlayaraq, onları fakt qarşısında qoymalıdır. Çünki faktın qarşısında hər şey acizdir. Həm də Azərbaycan sürətlə Qərbə inteqrasiya edir. Deməli, biz istər-istəməz xarici dövlətlərlə informasiya mübadiləsi edirik. Əgər jurnalistlərimiz xarici dil bilməsə, bu prosesdə də müəyyən boşluqlar yarana bilər”. 
İngilisdilli jurnalistlərin peşəkarlığı auditoriyalarda onlara keçilən dərslərin keyfiyyətindən asılıdır. Statistikadan məlum olur ki, hər il ingilis bölməsinə maraq daha da artır. Bəs, görəsən, ingilis bölməsi ilə Azərbaycan bölməsi arasında hansı fərqlər var? Sualımıza cavab verən Türkan xanımın fikrincə, bəzi məqamlara görə ingilis bölməsində oxuyan tələbələrin dərsi daha yaxşı mənimsəmə imkanları var: “Hər şeydən əvvəl ona görə ki, biz dərsi interaktiv, yəni sual-cavab formasında keçirik. Belə də tələbənin dərsə marağı daha da artır. İkinci bir tərəfdən biz proqramı beynəlxalq tədris planına uyğun tərtib etməyə çalışırıq. Həm də elə fənlər var ki, ingilis dilində ədəbiyyat daha çoxdur. Məsələn, “KİV-də menecment və reklam” bu qəbildəndir. Bu fəndən Azərbaycan dilində ədəbiyyat çox azdır, ingiliscə isə kifayət qədərdir. İngilis bölməsində oxuyan tələbələr hər iki dildə olan ədəbiyyatlardan istifadə edə bilərlər. Beləliklə, onlar, müxtəlif media sistemlərini, konsepsiya və standartları müqayisəli şəkildə öyrənə bilərlər. Həm də bu vəsaitləri asanlıqla internet məkanından əldə etmək mümkündür”. 
İngilis dilində ədəbiyyatın bol olması, sözsüz ki, tələbələrin xeyrinədir. Onlar müxtəlif kitablara müraciət etməklə konkret mövzu haqqında daha ətraflı məlumat öyrənə bilərlər. Lakin tələbələrin heç də hamısının ingilis dili biliklərinin eyni səviyyədə olmaması bu məsələyə mane olur. Onların bir çoxu dil probleminə görə qeyd etdiyimiz imkandan yararlana bilmirlər. Türkan Əkbərova da bu fikri təsdiqləyir: “Tələbələr ingilis dilində tədrisi daha zəif mənimsəyirlər. Çünki bəzən ədəbiyyatlar akademik səviyyədə olur və əksər tələbələr mətni anlamaqda çətinlik çəkirlər. Elə qrupumuz var ki, 25 nəfərdən 6-7-si ingilis dilini normal səviyyədə bilir. Nəticədə müəllim də çarəsiz qalıb mühazirəni Azərbaycan dilində oxuyur. Auditoriyanın yarıdan çoxu ingilis dilini bilmirsə, dərsin də keyfiyyəti olmaz. Hətta elə tələbələr var ki, tapşırığı da tədris dilində yerinə yetirə bilmirlər”. 

Türkan xanım ingilis bölməsində oxuyan tələbələrin xarici dil biliklərinin kifayət qədər olmamasının təsadüfi olmadığı qənaətindədir. Belə ki, tələbələrin bir çoxu keçid balı aşağı olduğuna görə bu ixtisası seçir və nəticədə dörd il heç nə öyrənmədən məzun olurlar.

“Bəzən Azərbaycan bölməsində oxuyan tələbə ilə ingilis bölməsində oxuyanların xarici dil bilikləri arasında heç bir fərq olmur. Bu, düzgün deyil. Ona görə ingilis bölməsində oxumaq istəyənlərin dil bilikləri yoxlanılmalı, onlar oxuma, yazma və anlama testlərindən keçməlidirlər. Qeyd etdiyim model tətbiq edilmədiyinə görə ingilis bölməsində oxuyan bəzi tələbələr dərs zamanı heç nə başa düşmürlər. Əsas nöqsanlardan biri də odur ki, qəbul imtahanı zamanı ingilis bölməsində oxumaq istəyənlərlə Azərbaycan və rus bölməsində oxumaq istəyənlərin “İngilis dili” fənnindən imtahan səviyyələri eyni olur. Zənnimcə, bu da normal deyil. Jurnalistika fakültəsində ingilis dilini öyrənəcəyini düşünənlər də var. Hərçənd ki, jurnalistika fakültəsi heç kimə xarici dil öyrətməməlidir. İngilis dilini kifayət qədər bilməyən tələbə dörd il ərzində nə bu dili öyrənə bilir, nə də jurnalistikanı. Odur ki, ixtisas seçimi zamanı diqqətli və məsuliyyətli olmaq lazımdır. Həm Azərbaycan, həm də ingilis bölmələrində rast gəlinən ikinci bir problemi də qeyd etmək istəyirəm. Bəzən elə tələbələr olur ki, bu fakültəyə təsadüfən gəldiyini etiraf edirlər. Onlarla razılaşmaq olmur. Gələcəkdə jurnalist olmaq istəməyən, bir yazı yazmağa belə həvəs göstərməyən tələbə niyə Jurnalistika fakültəsində oxuyub kiminsə yerini tutmalıdır ki? Axı, həqiqətən, bu fakültəni arzulayanlar kifayət qədər çoxdur. Sözügedən məsələyə biganə yanaşılmamalıdır. Yalnız jurnalist olmaq istəyənlər, bu ixtisasın spesifikliyini, çətinliyini, məsuliyyətini, “cəmiyyətin güzgüsü” statusunu başa düşənlər Jurnalistika fakültəsində oxumalıdırlar”. 
Dahi Nizami Gəncəvinin məşhur bir beyti var: “Bir elmi öyrənmək istədikdə sən, çalış ki, hər şeyi kamil biləsən”. Həmin fikirlər bütün sahələrdə, o cümlədən təhsildə də özünü doğruldur. İngilis dilində jurnalistika ilə məşğul olan şəxs gərəkdir ki, bu dili mükəmməl bilsin. Danılmaz faktdır ki, sadəcə adi danışıq səviyyəsində bu dili bilənlər heç bir elm sahəsindən baş çıxara bilməzlər. Məsələyə münasibət bildirən müsahibimiz bəzi müəllimlərin də ingilis dilini akademik səviyyədə bilmədiklərini deyir: “Əslində tələbələri də qınamaq olmaz. Axı ingilis dilini akademik səviyyədə bilməyən müəllimlər də var. Ona görə də, məncə, xarici dillərini təkmilləşdirməyə ehtiyacı olan həm müəllimlər, həm də tələbələr üçün kurslar təşkil edilməlidir. Bununla yanaşı, müxtəlif fakültələrin ingilis bölmələrində dərs keçən müəllimlər ingilis dili fakültələrindən seçilməlidirlər. Çünki onların ixtisası məhz ingilis dilidir və bu dilin bütün incəliklərinə bələddirlər”.  Bir neçə ildir, Jurnalistika fakültəsində dərs deyən təcrübəli pedaqoqun fikrincə, gələcəkdə xaricidilli jurnalistlərimizin daha çox olması üçün hər cür imkan var. Həm də bunu zaman tələb edir. “Xarici dil dövrün tələbidir. Əfsuslar olsun ki, indi ingilis dilini bilən jurnalistlərimizin sayı çox azdır. İnformasiya müharibəsində olduğumuz bir vaxtda ingilisdilli jurnalistlərə çox ehtiyac var. Ümid edirəm ki, BDU-nun Jurnalistika fakültəsində yetişən tələbələr gələcəkdə bu sahədəki boşluğu dolduracaqlar”.

Türkan xanımla söhbətdən də məlum olduğu kimi, ölkəmizdə ingilisdilli jurnalistlərin yetişməsi üçün hər cür şərait var. XX əsrdə yaşamış böyük mətbuat fədailəri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli və başqaları məhz xarici dil bilikləri sayəsində xarici ölkələrdə də vətənimizi təmsil edir, haqq səsimizi eşitdirə bilirdilər. Onların mətbuat sahəsindəki ənənələrinə sadiq olmaq, eyni zamanda inteqrasiya, informasiya müharibəsi proseslərindən geri qalmama üçün təkcə müəllimlər yox, tələbələr, gənc jurnalistlər də bu məsələyə həssas yanaşmalıdırlar. Poliqlot olmağa ehtiyac yoxdur. Sadəcə, müasir jurnalist başa düşməlidir ki, xarici dil onun qələminin gücünü, itiliyini iki dəfə artırır. Bu səbəbdən də yaradılan şəraitdən mümkün qədər səmərəli istifadə etmək, gələcək tendensiyalara hazır olmaq lazımdır.