"Şərq"in şərqisini yazanlar... - Günel Abbas yazır


ADAM BURDA HEÇ DARIXMAZ

"Şərq"in şərqisini yazanlar... - Günel Abbas yazır
Nəhayət, "Azərbaycan" nəşriyyatı binasının qarşısındayam. 1923-cü ildən fəaliyyət göstərən bu bina neçə-neçə qəzet redaksiyalarına, saysız-hesabsız jurnalistlərə qucaq açıb. O nəşrlərdən biri də 1996-cı ildə əsası qoyulmuş "Şərq" qəzetidir. 

Redaksiya ilə tanış olmaq üçün nəşriyyatın binasına daxil oluram. Birinci mərtəbədə mühafizə işçiləri hara gedəcəyimi soruşurlar. Hara və nə üçün getdiyimi izah edirəm. Redaksiyanın zəngindən sonra məni içəri buraxırlar. Açığı, başqa binada yerləşən öz qəzetimizin -"525-ci qəzet"in redaksiyasına gəlib-gedəndə bu qədər sorğu-sual olunmadığıma görə, bir az təəccüblənirəm. Deyəsən, "Azərbaycan" nəşriyyatının binası və burdakı böyük redaksiyalar yaxşı qorunur.

Mənimlə bərabər liftə yaşlı bir adam da daxil olur. Hansı mərtəbəyə və redaksiyaya gedəcəyimi soruşur. "Şərq" qəzetinə gəldiyimi öyrənəndə təbəssümlə "Akif bəy yaxşı qəzetçidir", - deyir və dördüncü mərtəbədə düşür. Mən isə yuxarı mərtəbəyə qalxmaq üçün düyməni basıram. Amma lift mənə mühafizə polisləri kimi qayğıkeş yanaşmır. Qalan üç mərtəbəni pilləkənlərlə qalxmalı oluram. İki yana ayrılan dəhlizlərə baxıb hansı yönə gedəcəyimi düşünərkən "Şərq"in baş redaktoru Akif Aşırlını görürəm. Harasa tələsdiyi yerişindən hiss olunur. Yaxınlaşıb salamlaşdıqdan sonra "Bayaqdan burdayam, indi mən gedirəm, sən gəlirsən. Yaxşı, keç içəri, istədiyin kimi yaz", - deyib gedir.

Akif müəllimin sözlərindən sonra daha həvəsli şəkildə "Şərq"in redaksiyasına tərəf gedirəm. Dəhliz boyu uzanan qırmızı xalça çox xoşuma gəlir. Özümü lap məşhur adamlar kimi hiss edirəm.

 Girişdə siqaret çəkən mehriban bir sima gözümə dəyir - "Şərq"in baş redaktor müavini Yusif Nəzərlidir. Yaxınlaşan kimi əlindəki siqareti külqabıya basır və məni salamlayır. Bu jest məndə üzünü ilk dəfə gördüyüm, ancaq haqqında daha əvvəldən xoş sözlər eşitdiyim insana qarşı müsbət təəssürat yaradır. Həm də "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayevi xatırladır. Düşünürəm ki, cəmiyyətin problemlərini və ağır yükünü daşıyan qəzetçilər siqaretdən bir növ "dopinq" kimi istifadə edirlər. 

Yusif Nəzərli əvvəlcə məni "Şərq"in baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə qəzetin redaksiyasında yaradılmış Mətbuat Tarixi Muzeyi ilə tanış edir. İlk nəzərimə dəyən Həsən bəy Zərdabinin dəhlizdəki portreti və "Heç olmaz ki, doğru söz yerdə qalsın" cümləsi olur. Muzey Azərbaycan mətbuat tarixini əks etdirən canlı ensiklopediya kimidir. Bir çox qəzetlərin, jurnalların, media nümayəndələrinə məxsus əşyaların burda toplanması olduqca maraq doğurur. Ağlımdan keçənləri sözlərə çevirib  Yusif müəllimə "Adam burda heç darıxmaz", - deyirəm.

O, burdakı hər parçanın biz jurnalistlərin çörək ağacı olduğunu deyir. Onu da qeyd edir ki, Akif Aşırlı bu gözoxşayan muzeyi nə az-nə çox, düz üç il müddətinə ərsəyə gətirib. Sonra redaktorun otağında olan şəkillərlə və mükafatlarla da tanış oluram. Bakının azadlığının 100 illiyi münasibətilə çəkilmiş şəkli çərçivələdib otağından asması diqqətimi çəkir. Xüsusi maraqla izlədiyimi görüb, "Bu şəkli çox bəyənirəm. Gördüyün kimi, əşyalar da çoxdur,  xoşladığım üçün ata bilmirəm. Otağım da darısqaldır", -  deyir. Ancaq mənə görə otaq darısqal yox, əksinə, çox maraqlıdır. Hələ qədimdən qalan televizor və digər əşyaları demirəm. 

Yusif müəllimin keçmişə güzgü olan otağından ayrılıb "Şərq" qəzetinin loqosu yerləşən foyeyə gəlirik. Mənə rəfdəki şəkillərdən birini göstərərək "Əsl kollektiv" kimi tanıdır. Bu, Məhəmməd Əmin Rəsulzadə və "Açıq söz" qəzeti ətrafında birləşən jurnalistlərin şəklidir. Ondan "Şərq" qəzetinin əvvəlki nömrələri haqqında soruşanda aşağıdakı rəfi açır və uzun illərdir yığılan arxivi göstərir. Qəzetin səhifələrinə baxa-baxa qəzetçiliyin indiki vəziyyətindən danışırıq. Tanınmış jurnalistin bu haldan məyus olduğunu hiss edirəm.

Söhbətimizi bitirib qəzet, kitab və jurnallar olan rəflərə yönəlirik. "İstiqlal", "Molla Nəsrəddin", "Dəbistan", "Əkinçi",  "Füyuzat" kimi jurnal və qəzetlərin müxtəlif nömrələrini görmək məni həm həyəcanlandırır, həm də maraqlandırır. Axı, bu günə kimi onları yalnız kitablardan oxumuşam. Əski Azərbaycan yazısı ilə yazılmış jurnalları həvəslə oxuyuram. Rəfin ən aşağı hissəsində "Azərbaycan" jurnalının müxtəlif illərdə dərc olunmuş nömrələri xüsusi diqqətimi çəkir. 1972-ci ildə nəşr olunan bir sayını maraqla vərəqləyirəm. Həmin rəfdə Cəfər Xəndanın Mirzə Ələkbər Sabirin həyatına həsr etdiyi "Şairin həyatı" kitabı, 1875-1990-cı  illərdəki qəzet və jurnallardan nümunələr toplanmış biblioqrafiyanı da qısa şəkildə gözdən keçirirəm. Açığı, bu maraqlı tarix məni elə ovsunlayır ki, vaxtın necə keçdiyini bilmirəm.

Yusif müəllimin "Çay içirsən?" sualı ilə yarım saatdır burda olduğumu hiss edirəm. "Çox sağ olun, Yusif müəllim, artıq gec olur, biz digər otaqlara da baxaq" deyərək təşəkkürümü bildirirəm. 

 Otaqlardan birinin qapısını açır və əli ilə əməkdaşları işarələyib məni tanış edir: "Ayyət Əhməd, Yeganə Bayramova, Kənan Eynuroğlu və Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Kənan Novruzov". Ayyət bəyin saytın redaktoru olduğunu öyrənəndə bir az təəccüblənirəm. Gənc yaşda "Şərq" qəzetinin redaktoru olmaq, həqiqətən, böyük məsuliyyət tələb edir. Ümumiyyətlə, işçilərin bu cür mehriban və aktiv rejimdə çalışması çox xoşuma gəlir. Əməkdaşlar arabir hansısa ekspertə zəng edib, ondan mövzu barədə cavab alırlar.

Çöhrələrindəki təbəssümdən hiss olunur ki, burda işləməkdən yorulmurlar. İşlərinə mane olmamaq üçün sağollaşıb, digər otağa keçirik. Burda isə məni qəzet jurnalistləri kimi təqdim etdiyi Məlahət Rzayeva və İsmayıl Qocayevlə tanış edir. Elə girişdə dayanan yazı makinası diqqətimi çəkir. Çox vaxt filmlərdən məlum olan bu çap maşınında bir-iki hərfə toxunur və nə cür mexanizmlə çalışdığına baxmaq istəyirəm. Jurnalistika fakültəsinin dosenti Zaur Babayevin "Çap texnologiyası və qəzet istehsalı" fənnindən bizə öyrətdiyi qiyabi bilikləri də xatırlayıb bir-birilə əlaqələndirirəm. Birdən gözüm Üzeyir Hacıbəylinin rəfin üstündəki portretinə sataşır. Yəqin, ona qarşı xüsusi sevgim olduğundan, bir müddət şəkli incələyirəm.

Sonuncu otağa da nəzər etdikdən sonra foyedə oturub söhbət edirik. Elə bu vaxt işçilərdən biri  - Kənan Novruzov da əlində çay gəlib bizə qoşulur. Yusif müəllim "Şərq" qəzetinin bir məktəb kimi bu günə qədər 128 jurnalisti yetişdirməsindən danışır və çoxunun yaxşı vəzifələrdə çalışdığını qeyd edir. Onu da deyir ki, qəzetçiliyi öyrənib televiziyaya üz tutan jurnalistlər həmişə digərlərindən yaxşı mənada fərqlənir və üstün olurlar. Özümü saxlaya bilmirəm, "Bəs, siz niyə qəzetdə qaldınız?” -  soruşuram.

Yusif müəllim bir qədər duruxduqdan sonra: "Mən bu qəzetin həm pis, həm yaxşı günlərini görmüşəm. Elə olub ki, tirajın sayı çox olduğundan, iki maşına sığmayıb, öz əllərimlə onu daşımışam. Mən bu qəzetə övladım kimi baxmışam. Adam övladından ayrıla bilməz axı", - deyir. Əslində, elə gözlədiyim cavabı alıram və böyük maraqla dinləyirəm. Yusif müəllim həm də qəzetçiliyin onlara bəxş etdiyi dostluqdan da danışır. "525-ci qəzet"in redaktoru Yusif Rzayevin ünvanına xoş sözlər deyib əlavə edir: "Yusif mənim arkadaşımdır". Qəzetçiliyin yaratdığı dostluqlar məndə böyük heyranlıq doğurur: bir tərəfdə ölkənin iki məşhur qəzeti, digər tərəfdə onun dost olan baş redaktorları və müavinləri.  Düşünürəm, onlar öz hisslərini, duyğularını nəfslərinə qurban verməyən çox az adamlardandır.

Bu dəm mətbəxdən qadın işçilərdən biri səslənərək "Yusif müəllim, sabaha bişirmək üçün soyuducudan nə çıxarım?" deyə soruşur. Yusif müəllim maraqla baxdığımı görüb deyir: "Biz həmin o gördüyün dizayn otağındakı masa arxasında əyləşib hamımız günorta yeməyi yeyirik. Bununla da aramızdakı münasibətlər daha səmimi olur". Kollektivdən o qədər danışırıq ki, mən də öz redaksiyamız üçün darıxıram. Bəlkə də, hər kəsə öz çalışdığı kollektiv ailə kimidir. Akif Aşırlı və Rəşad Məcid kimi adamlar isə o ailələrin başçılarıdır. 

Olduqca maraqlı keçən müşahidələrə və söhbətlərə görə vaxtın necə keçdiyini hiss etmirəm. Hər halda, getmək vaxtı olduğunu düşünüb, sağollaşaraq redaksiyadan ayrılıram. Çölə çıxandan sonra binanın qarşısında bir qədər ayaq saxlayıb, "Özümdən əvvəlkilər kimi qəzetçiliyə sadiq qalaraq onun yenidən dirçəlməsi üçün əlimdən gələni edəcəyəm", - deyə düşünürəm.

Günel Abbas