MŞ sədri: “Jurnalistlər də evdən işləyə bilərlər” 

Əflatun Amaşov:“Amma onu da deyim ki, müxbirlərin redaksiyalara gedib-getməməsi bir az rəhbərliklə qurulan münasibətlərdən, kollektivin daxili kodekslərindən asılıdır”


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) artıq pandemiya elan etdiyi  koronavirus bütün sahələrə təsir edib. Əgər həkimlər ayrı-ayrı fərdlərin sağlamlığının qorunmasına xidmət edirlərsə, media işçiləri bütünlüklə cəmiyyətin təhlükəsizliyinə çalışırlar. Bu mənada jurnalistlərin hazırladıqları mətnlər, verdikləri informasiyalar xüsusi əhəmiyyətə malikdir.

Maraqlıdır, görəsən bu çətin, mürəkkəb durumda Azərbaycan mediası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi? 
 
Sualımızı cavablandıran Mətbuat Şurasının sədri Əflatun Amaşov “Sherg.az”a söyləyib ki, indiki dövrdə media peşəkar davranmalıdır: 

“Xüsusilə belə fövqəladə vəziyyətlərdə oxucular yeni informasiya axtarırlar. Oxucuları yeni informasiya ilə jurnalistlər təmin etməlidirlər. Lakin bütün prinsiplərə əməl etmək şərti ilə. Qeyri-dəqiq, yoxlanılmamış məlumatları vermək olmaz. Nəzərə almaq lazımdır ki, yayılan hər bir informasiya həm də insanların psixoloji vəziyyətinə təsir edir. İlk vaxtlar müxtəlif saytlarda, sosial şəbəkələrdə dezinformasiyalar yayılırdı. Amma Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılandan sonra vəziyyət düzəldi. İndi media daha çox Operativ Qərargahın verdiyi rəsmi məlumatları yayır. Hələ ki, koronavirusun dərmanı tapılmayıb. Bu səbəbdən də media ictimaiyyətə profilaktik məsləhətlər verməlidir. Hər halda ən əsas məsələ gigiyena qaydalarına əməl olunmasıdır.  Media işçiləri xüsusilə bu cür “fors-major” hadisələr zamanı “cəmiyyətin güzgüsü” funksiyasını yerinə yetirməlidirlər. Ancaq bununla yanaşı, hər bir jurnalist həm də öz sağlamlığının qayğısına qalmalıdır”.

Ə.Amaşovun sözlərinə görə, jurnalistlər öz fəaliyyətlərinə diqqət yanaşmalıdırlar:

“Mətbuat işçiləri müxtəlif yerlərə gedir, fərqli insanlarla təmasda olurlar. Əlbəttə, klinikalara gedərkən, xəstələrlə söhbət zamanı tibbi maskadan istifadə olunmalıdır. Jurnalistlər  özləri sağlam olmalıdırlar ki, cəmiyyəti də sağlam informasiya ilə təmin edə bilsinlər. Bir sıra müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, dərslər dayandırılıb. Bu, yaxşı haldır. Əgər jurnalistlər hansısa tədbirə getməli, konkret bir ünvanda olmalı deyillərsə, onlar da evdən işləyə bilərlər. Amma onu da deyim ki, müxbirlərin redaksiyalara gedib-getməməsi bir az rəhbərliklə qurulan münasibətlərdən, kollektivin daxili kodekslərindən asılıdır. Redaksiyaların əksəriyyətinin yerləşdiyi “Azərbaycan” Nəşriyyatında dünən dezinfeksiya işləri həyata keçirilib. Bu addımı da müsbət qiymətləndirmək lazımdır”.