Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yayılan koronavirus bir çox sahələrə, eləcə də, çap mediasına təsirsiz ötüşməyib. İnsanların informasiyaya tələbatları artıb. Bu mənada bütün qəzetlərin elektron versiyaları fəaliyyətlərini peşəkar şəkildə davam etdirirlər. Lakin mövcud şəraitlə bağlı print medianın fəaliyyətini davam etdirməsi sual altındadır. Çünki insanların, o cümlədən də jurnalistlərin evdən çölə çıxaraq redaksiyaya getmələri məhdudlaşdırılıb. Bu, media nümayəndələrinin öz sağlamlıqlarının təminatı üçündür. Digər tərəfdən əksər qəzet redaksiyasının yerləşdiyi və çap olunduğu "Azərbaycan" Nəşriyyatının da fəaliyyəti müvəqqəti dayandırılıb.
Maraqlıdır, indiki halda . çap mətbuatının taleyi nəcə olacaq?
Baş redaktorlarla həmsöhbət olub, bu suala cavab tapmağa çalışdıq.
“Ən minimum şəraitlə belə, qəzetin nəşrini davam etdirməkdə fayda var"
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev “Sherg.az”a söylədi ki, vəziyyət hər kəsə məlumdur:
“Düşünürəm ki, qəzetlərin nəşrində yeni mərhələ başlaya bilər. Redaksiya rəhbərlərinin mövcud dilemma qarşısında müstəqil qərar çıxarmalarının əleyhinəyəm. Rəsmi və qəti qərar verilməli, hər kəs də ona əməl etməlidir. Zənnimcə, ən minimum şəraitlə belə, qəzetin nəşrini davam etdirməkdə fayda var".
“Qəzetlərin çıxması "Azərbaycan" Nəşriyyatından asılıdır”
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, əslində martın 29- u qəzetləri çıxmalı idi:
“Sonradan qərar verildi ki, iş aprelin 4- ü başlasın. Hər halda qəzetlərin çıxması "Azərbaycan" Nəşriyyatının işləyib- işləməməsindən asılıdır. Bizim üçün problem yoxdur. Çünki cari məsələləri onlayn formada həll edir, qərar veririk. Fürsətdən istifadə edib saytımızın daha operativ olmasına çalışırıq. Müntəzəm olaraq sayta həm rəsmi xəbərlər, həm də müəllif yazıları yerləşdiririk. Əgər qəzet çıxsa, bütün əməkdaşların işdə olmasına ehtiyac yoxdur. Çünki hazır materiallarımız var. Sadəcə texniki işçinin köməyi ilə qəzeti əvvəlki kimi oxunaqlı və keyfiyyətli çıxara bilərik".
“Oxucularımızı xəbərsiz qoymuruq”
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev vurğulayıb ki, doğrudan da, çox çətin vəziyyətdir. Əvvəl bayrama görə iş olmadı, indi isə koronavirus təhlükəsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarına uyğun olaraq aprelin 4- nə qədər qeyri- iş günü elan edildi:
“Amma biz həmişə olduğu kimi yenə fəaliyyətimizi davam etdiririk. Evdən iş rejiminə keçmişik. Hər gün səhər mövzuları müəyyənləşdirir və informasiyaya tələbatı ödəməyə çalışırıq. İnformasiya təminatı ilə yanaşı sağlamlıq da çox mühüm məsələdir. Odur ki, həm özümüzü qoruyur, həm də oxucularımızı xəbərsiz qoymuruq".
“Qəzet redaksiyaları maliyyə çətinliklərilə üzləşəcək”
"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev qeyd edib ki, dünya koronavirus təhlükəsi qarşısında acizdir. Demək olar, bilinməyən düşmənlə mübarizə aparırıq. Ölkəmizdə bu xəstəlik əleyhinə görülən tədbirlər təqdirəlayiqdir. Ancaq etiraf etməliyik ki, koronavirusun çap mediasına da təsiri çox olacaq:
“Az da olsa qəzet oxuyan var idi. İndi isə heç kim evdən çölə çıxmadığına görə satış da olmayacaq. İkinci məqam ondan ibarətdir ki, yerlərə qəzet çatdırmada problem yaşanacaq. Redaksiyalar maliyyə çətinliklərilə üzləşəcək. Düşünürəm ki, indiki şəraitdə hər kəs, bütün qurumlar biri- birini başa düşməli, güzəştlər etməlidir. Bunlarla yanaşı, informasiya qıtlığı olacaq. Çünki əksər qurum fəaliyyətini dayandırıb, tədbirlər təxirə salınıb. Bütün materialları da koronavirusa həsr etmək olmaz axı. Deməyim odur ki, koronavirus mediaya, o cümlədən onsuz da çətin durumda olan qəzetçiliyə ağır zərbə vurdu. Biz ən azı bir il bunun fəsadını görəcəyik".