"“Çapar”ın səhifələrində sırf Azərbaycan tarixi ilə bağlı mövzulara yer veririk" - Dilqəm Əhməd

"Sevindirici haldır ki, dərgimizə həm Azərbaycanın tanınmış alimləri, həm də gənc tədqiqatçılar böyük maraq göstərdi"

Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" 



 Azərbaycanda nəşr olunan dərgilər sırasına biri də əlavə olunub: “Çapar”. Dərginin baş redaktoru tarixi araşdırmaları ilə çoxumuzun yaxşı tanıdığı Dilqəm Əhməddir.

Eyni zamanda dərginin ilk sayının üz qabığı da burada daha çox tarixlə bağlı materiallara üstünlük veriləcəyini bəlli edirdi. Belə bir dərginin nəşrini vacib edən hansı amillər oldu?   

“Çapar” tarix dərgisinin baş redaktoru Dilqəm Əhmədlə həmsöhbət olduq. 



- Dilqəm bəy, “Çapar” dərgisi ideyası necə yarandı?

- Azərbaycanda jurnal çapı 1990-cı illərin əvvəllərində geniş yayılsa da, təəssüf ki, sonrakı dönəmlərdə səngiməyə başladı. O zamanlar “Dünya”, “Karvan”, “Açıq söz”, “Gənclik” kimi maraqlı ədəbi-tarixi jurnallar dərc olunurdu. Hazırda mətbuatımızda “Füyuzat”, “Ustad”, “Birlik” kimi tarixi və ədəbi mövzuları əhatə edən dərgilər var. Mən onların həm oxucusu, həm də əməkdaşıyam. Amma özüm XX əsr tədqiqatçısı və jurnalist olduğum üçün sırf tarix mövzularını əhatə edəcək dərgi üzərində uzun müddət idi ki düşünürdüm. Açığı, buna əngəl olan yeganə maneə maddi məsələlər idi. Çünki kömək edəcək dostlarımız və kollektiv artıq var idi. Bilirsiniz ki, 2018-ci il Azərbaycan Cümhuriyyətinin 100 illiyi idi, buna görə də jurnalı məhz bu tarixdə çıxarmağı qərara aldıq. Dostum Yusif İlhamoğlu ilə birlikdə işə başladıq. Mən İstanbulda yaşadığım üçün bütün əsas yük onun üzərinə düşdü. Sağ olsun, indiyədək şikayət etməyib, jurnalımızın təsisçisi olaraq birlikdə bu işi həyata keçiririk. Jurnalımıza əvvəlcə başqa bir ad qoymuşduq, ilk müsahibimiz professor Ədalət Tahirzadənin təklifi ilə “Çapar” adı üzərində dayandıq və bu ad, həqiqətən, bizə çaparaq uğur gətirdi. Dekabr ayının 17-də jurnalımız Ədliyyə nazirliyində qeydiyyata alındı, 24-də isə ilk sayımız işıq üzü gördü. İlk sayımız Azərbaycan Cümhuriyyəti parlamentinin 100 illiyinə ithaf olundu və qapaqda Məhəmmədəmin Rəsulzadənin şəkli verildi. Bunu qeyd etməyi özümə borc bilirəm ki, ilk sayımızın işıq üzü görməsinə dəyərli həmyerlim, London Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar kömək etdi. 

- “Çapar” sayəsində nələrə nail ola bilərsiniz? Tarixi faktların üzə çıxarılması baxımından...
 
- Dərgimizdə sırf Azərbaycan tarixi ilə bağlı mövzulara yer veririk. İstanbulda yaşadığım müddətdə gördüm ki, burada tarixin müxtəlif sahələri üzrə ayrı-ayrı dərgilər var. Arxeologiya, Türk dünyası tarixi, Osmanlı tarixi ilə bağlı fərqli jurnallar çap olunur. Buna görə də biz mövzularımızı tarixi Azərbaycan torpaqlarını əhatə edəcək şəkildə seçməyə qərar verdik. Jurnalımız kütləvidir. Vətəndaşlarımızın qalın tarix kitablarını oxumağa vaxtlarının olmadığını bilirik. Bu baxımdan biz tarixi hər kəsin oxuması üçün elmi üslubda deyil, populyar formada təqdim edirik. Bunun uğurlu olduğunu artıq bir ildir ki müşahidə edirik. Çalışırıq ki, hər sayımızda bir dosya mövzusu olsun və həmin mövzunun qəhrəmanı qapaqda yer alır. Məsələn, indiyədək Əli bəy Hüseynzadə, Həmidə xanım Cavanşir, Cəlil Məhəmmədquluzadə, Fətəli xan Xoyski, Xosrov bəy Sultanzadə, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Hadi, Əlimərdan bəy Topçubaşı, Əbdürrəhim bəy Haqverdiyevlə bağlı materiallar təqdim etmişik. Dövlət başçısının tarixi şəxsiyyətlərlə bağlı verdiyi sərəncamları qiymətləndiririk və bəzən özəl say da hazırlayırıq. Məsələn, ötən il Əhməd bəy Ağaoğlunun 150-ci ildönümü ilə bağlı xüsusi buraxılış hazırladıq və bu sayımız dövlət tədbirlərində də qonaqlara hədiyyə olundu. Bu ilin yanvar ayında Azərbaycan Cümhuriyyətinin Antanta dövlətləri tərəfindən de-fakto tanınmasının 100-cü ildönümü münasibətilə say hazırladıq və qapaqda Əlimərdan bəy Topçubaşı yer aldı. Son sayımız isə Əbdürrəhim bəy Haqverdiyevin yubileyi olduğuna görə ona həsr olunub.

- Kollektiviniz kimlərdən ibarətdir?

- Sevindirici haldır ki, dərgimizə həm Azərbaycanın tanınmış alimləri, həm də gənc tədqiqatçılar böyük maraq göstərdi. Hörmətli səfirimiz, professor Vilayət Quliyev bizə mütəmadi olaraq yazılar göndərir. Dəyərli diplomatımız Ramiz Abutalıbov, professor Ədalət Tahirzadə daim yanımızdadırlar, yazılarla birlikdə bizə tövsiyələrini də verirlər. Yenə tanınmış tarixçilərimiz Solmaz Rüstəmova Tohidi, Firdovsiyyə Əhmədova, Mübariz Süleymanlı, Mehdi Gəncəli, Fərhad Cabbarov, Nazim Mustafa, Əli Şamil, Nəsiman Yaqublu, Nazim Muradov, Bədirxan Əhmədov və başqaları bizə daim dəstək olublar, tədbirlərimizdə iştirak ediblər. Azərbaycanın orta əsrlər tarixi üzrə ən güclü mütəxəssisi olan tarixçi Əkbər Nəcəf hər sayımızda qiymətli yazıları ilə iştirak edir. Gənclərdən isə Elmar Həsənli, Ceyhun Nəbi, Orxan Cəbrayıl, İlqar Əhməd, Vəfa Babasoy (həm də redaktorumuz oldu) İlahə Xantəmirova, Elçin İbrahimov və başqaları məqalələrlə çıxış ediblər. 

- Səhv etmirəmsə, fevral ayının əvvəli dərginin “ad günü”nü qeyd etdiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- İndiyədək iki böyük tədbir keçirmişik. Ötən ilin mart ayının 10-da dərgimizin geniş təqdimatını etdik. Dəyərli dostumuz, ədəbiyyatşünas alim Şəmil Sadiq müdiri olduğu Hədəf liseyində tədbir keçirməmizə şərait yaratdı. Daha sonra ADA Universitetində, ADPU-da, Bakı Atatürk liseyində Əhməd bəy Ağaoğlunun 150 yaşı münasibətilə sərgilər keçirdik. Britaniya məzunları şəbəkəsi bizə çox dəstək oldu, onların tədbirlərində “Çapar” olaraq iştirak etdik. Sumqayıtda Poeziya evində, Bakıda Libraff və Kitabevimdə, Dəmirçi plazada, Bakı Gənclər Mərkəzində dərgilərimizin və çap etdiyimiz kitabların tanıtımı oldu. Mətbuat, televiziya yanımızda oldu. Xüsusilə, Vüsalə Məmmədova başda olmaqla İctimai TV-nin  kollektivinə  təşəkkür edirik. Jurnalla bağlı həm mən, həm də Yusif bəy verilişlərə qonaq çağırıldıq. “Gündəlik Teleqraf” media qrupu, “Şərq” qəzeti, Azərtac gördüyümüz işlərlə bağlı daim bizə dəstək oldular. Nəhayət, bu ilin fevral ayının 2-də Gənclik Mallda CinemaPlus salonunda 300 nəfər iştirakçı ilə birgə geniş şəkildə bir yaşımızı qeyd etdik. Tədbirimizə az öncə adlarını çəkdiyim dəyərli tarixçilərimizin əksəriyyəti qatıldı. TRT Avaz əməkdaşı tədbirimizi geniş işıqlandırdı. “Çapar” dərgisinin dostu, London Azərbaycan Evinin sədri Əli Təkin Atalar məhz bu tədbir üçün Londondan qonaq gəldi. Türkiyənin tanınmış tədqiqatçılarından, Rəsulzadə haqqında kitabların müəllifi Səbahəddin Şimşir, millət vəkili Fazil Mustafa, “Teas Press” nəşriyyat evinin direktoru Ülkər Hüseynova da iştirakçılar arasında idilər. Tədbirimizi tanınmış jurnalist, dostumuz Vüsalə Məmmədova apardı. Tədbirimizdə həm də idman dünyasının tanınmışları və jurnalistləri iştirak edirdilər. Çünki bu il “Çapar” ailəsinə “Çapar Sport” jurnalı da qoşuldu. Baş redaktoru tanınmış idman jurnalisti Zaur Xudiyevdir. Onunla həm də hərbi xidmətdə birlikdə olmuşuq. Bir yaşımızda mükafatlar da təqdim etdik. “Çapar” mükafatı bu nominasiyalar üzrə bu şəxslərə verildi: Ədalət Tahirzadə - “Azərbaycan Cümhuriyyəti təhsil siyasəti sahəsindəki araşdırmalarına görə”; Əli Təkin Atalar – “Azərbaycan mədəniyyətini Avropada tanıtdığına görə”; Əkbər Nəcəf – “Azərbaycanın orta əsrlər tarixinin tədqiqinə görə”; Kamran Ağayev – “Qarabağ həqiqətlərinin dünyada təbliğinə görə”. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, son zamanlar hər hansı bir mətbuat orqanı ilə bağlı bu dərəcədə böyük tədbir keçirilməmişdi. Çünki tədbirə özümüz də yaxşı hazırlaşmışdıq. 

- Bəzi dəstək olanların adlarını çəkdiniz, başqa kimlər var?

- Təbii ki, bir jurnalın ayaqda qalmasının iki mühüm yolu var: Yaxşı satış və reklam. Bu baxımdan “Çapar” oxucularına ürəkdən təşəkkür edirik. Əgər bu gün jurnalın 11 sayı çap olunubsa, bunun əsas səbəbkarları oxucularımız, abunəçilərimizdir. Jurnalımızın tirajı 500 ədəddir, 200-dən çox abunəçimiz var. Reklam məsələsində isə vəziyyət istədiyimiz kimi deyil. Kiçik dəstəklər alsaq da, təəssüf ki, jurnalımızın kağızının keyfiyyətinə görə çap xərclərimizi çətinliklə qarşılayırıq. Görünür, şirkətlərimiz, banklarımız Azərbaycan tarixi ilə bağlı olan yeganə jurnala dəstək verməyə hələ ki tələsmirlər. Halbuki dünya praktikasından görürük ki, şirkətlərdə həm də sosial məsuliyyət deyə bir anlayış var. Əhməd bəy Ağaoğlu özəl sayımızla bağlı müraciət etsək də, heç bir şirkət, qurum dəstək olmadı. Amma jurnalımızın tanıtımı ilə bağlı dostlarımızdan xeyli dəstək aldıq. Məsələn, Fil Agency və onun rəhbəri Rafiq Hunaltay bizə heç zaman unutmayacağımız qədər dəstək oldu. Dizayner Rəsul Həsən təmənnasız olaraq dərgimizin və kitablarımızın qapaq dizaynını etdi. Balçı və onun sahibi Elvin Bayramlı yanımızda oldu. 

- Jurnalla yanaşı həm də “Çapar” nəşrləri fəaliyyət göstərir. Hansı kitabları çap etmisiniz? 

- İndiyədək 8 kitab çap etmişik, ikisi mənə məxsusdur: “Milliyyəti Türk” və “Mühacirlərin mirası”. Məhəmmədəmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində nəşr olunan “Azərbaycan müstəqillik uğrunda mübarizədə” adlı kitabını ilk dəfə olaraq Azərbaycan türkcəsində çap etdik. Tərcüməçi Tural Mehbalıyevdir. Cümhuriyyətin Tehrandakı səfiri Adil xan Ziyadxanın “Qələmin uçuşu” əsərini təkrar çap etdik. Əhməd bəy Ağaoğlunun xatirələrini, Novruzla bağlı “Ergenekon bayramı” kitabını nəşr etdik. Professor Ədalət Tahirzadənin  “Azərbaycan Cümhuriyyəti” – ilk milli dövlətimizin gerçək adı!” və Əkbər Nəcəfin “Azərbaycan Səlcuqları. Yaqutilər” əsərləri işıq üzü gördü. Əkbər bəyin Yaqutilər dövləti haqqında yazdığı bu kitab dünyada bir ilkdir. Ədalət bəy isə cümhuriyyətimizin “ADR”, “AXC” kimi adlandırılmasının doğru olmadığı ilə bağlı daşdan kəsərli bəlgələrlə ortaya qoyub. 

- Qarşıdakı planlarınız nədən ibarətdir?

- Kifayət qədər planımız var. İdeyalarımız, kitab nəşrləri ilə bağlı düşüncələrimiz, yeni jurnal projeləri var. Amma bunların həyata keçməsi üçün oxucularımızın sayının artması, şirkətlərin bizimlə əməkdaşlıq etməsi lazımdır. Bizim jurnalın və nəşrlərin mövzusu sırf Azərbaycana xidmətlə bağlıdır. Tam müstəqildir, hər hansı bir ictimai-siyasi quruma bağlı deyil. “Çapar Sport” jurnalının artıq ikinci sayı çıxıb. Dünyada tüğyan edən koronavirusla bağlı dövlətin aldığı tədbirlər çərçivəsində bu ay fəaliyyətimiz səngiyəcək. Kitab yarmarkası və s. tədbirlərimiz vardı. İnşallah, həyat yenidən öz axarına qayıtdıqdan sonra “Çapar” yeni kitablar və sayılarla oxucuların hüzurunda olacaq. 


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.