Mətn və foto mütləq bir - birini tamamlamalıdır - Qulu Məhərrəmlidən dərs 


 Jurnalistlər informasiyanı təkcə sözlərlə, cümlələrlə yox, həm də müxtəlif multimedia vasitələri, o cümlədən fotolarla ötürürlər. Bu baxımdan texnologiya imkan verir ki, həm ənənəvi qəzetlərdə, həm də saytlarda təqdim edilən xəbəri, hansısa yazını məzmuna uyğun bir və ya bir neçə foto  müşayiət eləsin.

Bu, informasiyanın qavranılması baxımından xüsusi əhəmiyyətlidir. Çünki insanlar dəqiqələr ərzində mətndən aldıqları informasiyanı, cəmi bir neçə saniyə içində fotodan ala bilərlər. Ancaq əfsuslar olsun ki, bəzən müxtəlif KİV-də, xüsusilə xəbər portallarında gördüyümüz təzadlı vəziyyət bizi təəccübləndirir. Mətnlə foto arasında vəhdət əvəzinə, ziddiyət yaranır. Bilmirik, yazılana inanaq, yoxsa göstərilənə. Məsələn "Abituriyentlər imtahanda məsafəli oturacaqlar" sərlövhəli xəbəri müəllimlərin imtahanı zamanı çəkilən şəkil izah edir.
 Daha doğrusu, izah etməyə çalışır, amma alınmır. Əksinə, oxucuda tərəddüd yaranır.

 Bu, heç də ilk deyil. Belə hallara dəfələrlə rast gəlinib. Məsələ ilə bağlı "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli yeganə çıxış yolunun professionallıqda olduğunu düşünür:


"Foto özü də informasiya verir. Onun funksiyası mətnə məzmun, ahəng əlavə etməkdir. Mətn və foto mütləq bir- birini tamamlamalıdır. Lakin bəzi jurnalistlərin bu məqamə qeyri- ciddi yanaşmaları təəssüfləndiricidir. Bir də görürsən, nikbin yazıya ağlayan adam şəkli verirlər və ya əksinə. Belə hallara yol vermək olmaz. Ona görə də gərək işə sevgi ilə yanaşıb, peşənə hörmət edəsən. Bu isə o deməkdir ki, məsələnin bircə həll yolu var- peşəkarlıq".