Jurnalistlər də test edilməlidirmi ? - CAVAB: “İçimiz özümüzü, çölümüz də özgəsini...”

Qulu Məhərrəmli: “Jurnalistlər də daim təhlükə altındadırlar. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün özlərini təhlükəyə atırlar”

Mahir Qəribov: “Həkim və polislərlə yanaşı, indi jurnalistlər də ön cəbhədə mübarizə aparırlar”

Pərviz Məsməliyev: “Kim özünü narahat hiss edirsə, qızdırması varsa, onların testdən keçirilməsi daha məqsədəuyğundur"

Lalə Mehralı:  “Media işçiləri dinamik həyat tərzi keçirir, çox vaxt "fast- food" yeməklərlə qidalanmalı olurlar. Ona görə immunitet zəif olur”




Azərbaycanda koronavirusa yoluxanların sayı azalsa da, təhlükə hələ sovuşmayıb. Artıq həkimlərlə yanaşı, polislərdə də virusa yoluxma hallarına rast gəlinib. Deməli, risk qrupuna daxil olan bu peşə sahibləri kimi, jurnalistlər üçün də təhlükə realdır. Axı media nümayəndələri indi də fəaliyyətlərini davam etdirir, hər gün işə gedir, onlarca insanla söhbətləşir,  çəkilişlər aparırlar. Bəs onlar infeksiyadan necə qorunurlar? Koronavirusun fədakar jurnalistlərə də yoluxmaması, həyatlarına son qoymaması üçün, bəlkə, onlar da testlər edilməlidir?

 "Sherg.az" saytı olaraq məsələ ilə bağlı həmkarlarımız arasında sorğu keçirdik:


BDU- nun Jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli söylədi ki, koronavirus peşəyə fərq qoymur:

“Yəni heç kim bu xəstəlikdən sığortalanmayıb. Bununla belə, həkimlər və polislərlə yanaşı, informasiya arxasınca qaçan jurnalistlər də daim təhlükə altındadırlar. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün özlərini təhlükəyə atırlar. Bu səbəbdən də diqqətli olmaq, qaydalara ciddi əməl etmək lazımdır. Məncə, Azərbaycanda testlərin sayı o qədər çox deyil ki, bütün jurnalistlər bu imkandan yararlansınlar. Lakin qorunmaq zəruridir. Fikrimcə, ölkəmizdə koronavirusa qarşı test sistemi daha da təkmilləşdirilməlidir".



Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Müəllif proqramları və xüsusi layihələr redaksiyasının direktor müavini Mahir Qəribov hesab edir ki, həkim və polislərlə yanaşı, indi jurnalistlər də ön cəbhədə mübarizə aparırlar:

“Biz insanları informasiya ilə təmin etməyə çalışır, xəbər qıtlığının yaranmasına icazə vermirik. Fəaliyyətimiz əvvəlki qaydada, nizamnamənin tələblərinə uyğun şəkildə davam edir. İnsanlar bəzən düşünür ki, evdən çölə çıxa bilmək media nümayəndələrinin üstünlüyüdür. Amma biz işimizin xətrinə ictimai nəqliyyatdan istifadə etməli oluruq. Necə deyərlər, içimiz özümüzü yandırır, çölümüz özgəsini. Elə olur, respondent görüşmək üçün bizə əl uzadır, etika xatirinə məcbur olub əlini sıxırıq. Fəqət daşıyıcı olub- olmadığını bilmirik. Bütün bu çətinlikləri nəzərə alaraq, jurnalistlərin testdən keçməsinin faydalı olduğunu düşünürəm. Çünki biz istəmədən virusu ətrafdakılara da yoluxdura bilərik". 



İctimai televiziyanın xəbərlər və informasiya departamentinin redaktoru Pərviz Məsməliyev bildirib ki, jurnalistlər də xüsusi risk qrupuna daxil olan peşə sahibləri arasındadırlar:

“Əslində televiziya jurnalistlərinin, xüsusilə xəbər hazırlayanların işləri daha çətindir. Çünki biz çəkilişlərə getməli, müxtəlif insanlarla görüşməli oluruq. Bu mənada mütləq izolyasiya qaydalarına əməl etmək lazımdır. Harasa gedərkən  təmsil olduğumuz media qurumu tərəfindən tibbi maska və əlcəklə təmin olunuruq. Düşünürəm ki, indi bütün redaksiyalar, media qurumları bu məsələyə həssaslıqla yanaşmalıdırlar. Çünki hər kəs başa düşür ki, media nümayəndələrinin koronavirusa yoluxması tam real məsələdir. Biz virusa yoluxmaqla həm də ailəmizi, həmkarlarımızı təhlükəyə ata bilərik. Ona görə diqqətli olmalıyıq. Ancaq düşünmürəm ki, kütləvi şəkildə testdən keçirilməyə ehtiyac var. Kim özünü narahat hiss edirsə, qızdırması varsa, onların testdən keçirilməsi daha məqsədəuyğundur".



Müstəqil jurnalist Lalə Mehralı düşünür ki, nədənsə çox az jurnalist vəziyyətin ciddiliyini başa düşür:

“Baxmayaraq ki, ilkin informasiya həmişə bizdə olur. Hamı koronavirusun hədəfindədir. Eləcə də jurnalistlər. Media işçiləri dinamik həyat tərzi keçirir, çox vaxt "fast- food" yeməklərlə qidalanmalı olurlar. Ona görə immunitet zəif olur. İndi hər kəsdən, o cümlədən də jurnalistlərdən xüsusi diqqət tələb olunur. Özümüzə və ətrafımıza etinasız yanaşmamalı, lazım gələndə mütləq testdən keçməliyik".